Oktyabrın 21-də Təhsil Nazirliyinin tabeliyindəki
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə
yaradılan məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə
mediatur keçirilib.
Mətbuat təmsilçilərinə məlumat verilib ki, bu liseylə
yanaşı, nazirliyin tabeliyindəki Kimya-biologiya
təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət
göstərir. Azərbaycan məktəblilərinin beynəlxalq fənn
olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək
məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin yüksək
hazırlıq səviyyəsini təmin etmək üçün zəruri
maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər,
həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac
yarandıqda yataqxana ilə təmin olunur.
Fənn olimpiadaları və bilik yarışlarının istedadlı
şagirdlərin aşkar olunmasında əhəmiyyəti nəzərə
alınaraq, bu sahədə mühüm addımlar atılıb. Ötən tədris
ilində 22 mindən çox şagird respublika fənn
olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə
müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq
Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında
48-ci yeri tutub, məktəblilərimiz dünya fənn
olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.
Qeyd olunub ki, Olimpiadalara hazırlıq mərkəzlərinə
seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20
nəfər IX-XI sinif şagirdi seçilib.
Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş
şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya,
informatika fənləri üzrə xüsusi proqram əsasında
hazırlıq məşğələlərinə başlanılıb. Tədris ili ərzində
həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək
və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda
təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Eyni zamanda
şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay
olimpiada məktəblərinə cəlb ediləcəklər.
Media nümayəndələri fizika və riyaziyyat üzrə hazırlıq
məşğələlərində iştirak edib, liseyin yataqxanasında
şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. |