Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla
Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti
nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi
Təşkilatının (WildCru) direktoru, professor Devid
Makdonald və həmin təşkilatın elmi işçisi Don Burnhem
ilə görüşüb.
Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat
verilib.
Görüşdə Leyla Əliyeva IDEA İctimai Birliyinin
fəaliyyəti, xüsusilə də Azərbaycanın endemik fauna
növlərinin mühafizəsi və bərpası sahəsində təşəbbüsləri
barədə geniş məlumat verib. Qeyd olunub ki, IDEA İctimai
Birliyi tərəfindən həyata keçirilən “Ceyranların tarixi
yaşayış məskənlərinə reintroduksiyası” layihəsi
çərçivəsində 150 baş ceyran Azərbaycan və Gürcüstan
ərazilərindəki təbii yaşayış areallarına buraxılıb.
Bundan əlavə, IDEA İctimai Birliyi beynəlxalq və yerli
tərəfdaşları ilə birlikdə Azərbaycanda bəbirlərin
sayının bərpası layihəsi üzərində çalışır. Leyla Əliyeva
bu ilin oktyabr ayının əvvəlində Astara rayonu
ərazisində bəbir öldürülməsi xəbərindən məyus olduğunu
bildirib. Həmin hadisə bu nadir fauna növünün
mühafizəsinin gücləndirilməsi zərurətini bir daha sübut
edib.
Nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların
mühafizəsi ilə yanaşı, IDEA İctimai Birliyi
biomüxtəlifliyimizin zənginləşdirilməsi məqsədilə yoxa
çıxmış növlərin reintroduksiyasını da planlaşdırır.
Professor D.Makdonald IDEA-nın fəaliyyətini izlədiyini
və təqdir etdiyini bildirib. O qeyd edib ki, WildCru
dünyanın 6 qitəsində nəsli kəsilmək təhlükəsi ilə
üzləşən heyvan növlərinin tədqiq edilməsi və mühafizəsi
layihələrini həyata keçirir. Fəaliyyət göstərdiyi 30 il
ərzində WildCru vəhşi təbiət sahəsində dünyanın ən
qabaqcıl elmi-tədqiqat mərkəzinə çevrilib.
Görüşdə IDEA və Oksford Universiteti arasında əməkdaşlıq
perspektivləri müzakirə edilib. Bu xüsusda, bir
azərbaycanlı tələbənin gələn il Oksford Universitetində
biomüxtəliflik ixtisası üzrə təhsil alması ilə bağlı
razılıq əldə olunub. |