Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr
və 23 yaşadək ağır atletlər arasında Avropa
çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə
qayıdıblar. Azərbaycanın ağır atletləri Vətənə 3 qızıl
və 1 bürünc medalla dönüblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq
Aeroportunda atletlərimizi “Zirvə” beynəlxalq idman
klubunun rəhbər və nümayəndə heyəti, idmansevərlər və
digər şəxslər qarşılayıblar.
Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən
milli komandanın məşqçisi Hafiz Süleymanov
atletlərimizin qitə birinciliyindəki çıxışını yüksək
qiymətləndirib, yaradılan şəraitə görə “Zirvə”
beynəlxalq idman klubuna və federasiyaya minnətdarlığını
bildirib.
Avropa rekordunu yenilədiyi üçün xoşbəxt olduğunu
diqqətə çatdıran birinciliyin qızıl medalçısı Firudin
Quliyev məşqçilərinə təşəkkür edib və uğurların davamlı
olacağını söyləyib.
Qitə çempionatında Firudin Quliyev, Anastasiya
İbrahimli və Dadaş Dadaşbəyli qızıl, Allahyar Abuşov isə
bürünc medal qazanıb. Azərbaycan yığma komandası bu
nəticə ilə Avropa çempionatında üçüncü yeri tutub. |