Bu günlərdə “Böyük ədib və mütəfəkkir Əli bəy
Hüseynzadə” məqalələr toplusu “Elm” nəşriyyatında çapdan
çıxıb.
Toplu Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik
yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il
tarixli Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər
planına uyğun olaraq, Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda
hazırlanıb.
Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik
illərində yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf
səviyyəsini əks etdirən elmi və elmi-publisistik
məqalələr daxil edilib. Bu məqalələr böyük ədib və
mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əli bəy
Hüseynzadənin mənalı ömür yolu və çoxcəhətli fəaliyyəti
barədə dolğun təsəvvür yaratmağa xidmət edir.
Akademik İsa Həbibbəylinin, tanınmış
tədqiqatçılardan Əziz Mirəhmədovun, Yaşar Qarayevin,
Nizami Cəfərovun, Vilayət Quliyevin, Yavuz Akpınarın,
Bədirxan Əhmədovun, Şamil Vəliyevin, Azər Turanın, Zaman
Əsgərlinin, Alxan Bayramoğlunun, Ofelya Bayramlının,
Vaqif Arzumanlının, Gözdə Gingörün, Cavidə Məmmədovanın,
Lütviyyə Əsgərzadənin, Firəngiz Cabbarovanın
məqalələrində Əli bəy Hüseynzadənin həyatı və
yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan
ədəbiyyatının, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi
məktəbləri əlaqələrinin aktual məsələləri öz əksini
tapıb.
“Böyük ədib və böyük mütəfəkkir Əli bəy
Hüseynzadə” kitabının elmi redaktoru AMEA-nın
vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa
Həbibbəyli, tərtibçiləri və çapa hazırlayanları isə
Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət
ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət
mükafatı laureatı Nikpur Cabbarlı, filologiya üzrə
elmlər doktoru, professor, əməkdar jurnalist Şamil
Vəliyevdir.
Ağahüseyn ŞÜKÜROV |