Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Bölgə xəbərləri

 

Liseyin şagirdləri Bərdədəki Heydər Əliyev Mərkəzi ilə tanış olublar 

Böyütmək üçün seçinBərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Təhsil şöbəsindən  bildiriblər ki, məktəblilər burada ümummilli liderin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla, ulu öndərin iş otağının maketi ilə tanış olublar.

Ekskursiya iştirakçılarına ulu öndərin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri, Bərdə rayonuna olan səfərləri barədə ətraflı məlumat verilib.


Siyəzən məktəbliləri yol hərəkətinin təhlükəsizliyi haqqında maarifləndiriliblər 

Böyütmək üçün seçinSiyəzən rayonunun təhsil müəssisələrində  “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi ilə əlaqədar məktəblilərlə maarifləndirici görüşlər keçirilib. Təhsil şöbəsindən  bildiriblər ki,  dövlət yol polisi bölməsinin əməkdaşları Cəfər Cabbarlı adına 1 nömrəli tam orta və Mikayıl Müşfiq adına 2 nömrəli orta məktəblərdə şagirdlərlə görüşüblər. Şagirdlərə hərəkətin təhlükəsizliyi aylığının mahiyyəti, yol nişanları barədə məlumat verilib və praktik məşğələlər keçirilib. Görüşdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər söyləyiblər. Dövlət yol polisinin əməkdaşları uşaqları maraqlandıran suallara cavab verib, onları yollarda diqqətli olmağa səsləyiblər.


Şəki Pedaqoji Kollecində gənclər üçün treninq keçirilib 

Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Pedaqoji Kollecində gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

Pedaqoji kollecdən bildiriblər ki, treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlandırılıblar.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris üsulu mənimsənilib 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) beynəlxalq təcrübədə özünü təsdiqləyən daha bir tədris üsulunun tətbiqinə başlanılıb. Artıq istehsalatda böyük təcrübəsi olan aparıcı mütəxəssislər universitetə dəvət olunur, ayrıca dərs saatı müəyyənləşdirilir.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ilk belə dərs aqrobiznes və idarəetmə fakültəsinin mühasibat uçotu və audit ixtisasının  4- cü kurs tələbələri ilə keçirilib. 12 saylı ərazi vergilər idarəsinin əməkdaşı Azər Məmmədovun tədris etdiyi dərs bir sıra özəllikləri ilə yadda qalıb. Dialoq formasında qurulan dərsdə əyani və texniki vasitələrdən də istifadə edilib.

Tələbələr yeni tədris üsulundan razı qalıblar.


Gəncə Dövlət Universitetinin tələbələri Nizami Gəncəvinin məqbərəsinə ekskursiya ediblər 

Gəncə Dövlət Universitetinin (GDU) tələbələri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə ekskursiya ediblər.

GDU-dan  bildiriblər ki, universitet tələbə şurasının təşəbbüsü ilə keçirilən ekskursiya zamanı gələcəyin müəllimləri dünya şöhrətli şair haqqında daha ətraflı məlumat əldə etdikdən sonra məqbərənin ərazisini gəzib, şairin əsərləri əsasında hazırlanmış heykəltəraşlıq nümunələrinə baxıblar.

Nizami Gəncəvi Muzeyi də tələbələrdə xoş təəssürat oyadıb. Onlar burada şairin yaşayıb-yaratdığı dövrü əks etdirən eksponatlarla tanış olublar.


Gənc rəssamın uğuru 

 Qardaş Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulluğundan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibova dəvətnamə göndərilib. Konsulluq universitetin məzunu, rəssam Elçin Cəfərovun “Part-1” adlı rəsm sərgisini təşkil edir.

Gəncə Dövlət Universitetinin təsviri incəsənət kafedrasının professoru, respublikanın əməkdar rəssamı Şaiq Məmmədovun və rəssam Məmməd Verdiyevin yetirməsi olan Elçin Cəfərov 2011-2015-ci illərdə universitetin təsviri incəsənət ixtisasında təhsil alıb. Hələ tələbəykən “Qızıl əllər” (Gəncə, 2013), “Qürur duyuram ki, mən Azərbaycanlıyam” (Bakı), Nizami Gəncəvi-870 (Gəncə, 2013), “Məhsəti Gəncəvi” (Gəncə), “Səttar Bəhlulzadənin anasına sevgi” (Bakı), “Bəyaz izlər” (Bakı, 2014), ”Dünya bir palitra, biz isə onun rəngləri” (Gəncə), “Almaniya bir rəssamın gözü ilə” ( Bakı, 2015) sərgilərində iştirak edib. Onun rəsm əsərlərindəki sənətkarlıq, doğma torpağa, Vətənə, xalqına bağlılıq, təbiət gözəlliklərini duymaq və rəssam fırçası ilə bu gözəllikləri canlandırmaq tamaşaçıların xüsusilə diqqətini cəlb edir.

Elçin bir sənətkar kimi pillə-pillə yüksəlir. Qardaş Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulluğunda sərgisinin açılması, yaradıcılıq nümunələrinin nümayiş etdirilməsi gənc rəssam üçün diqqətəlayiq bir uğurdur. Bu uğurda Gəncə Dövlət Universitetinin də öz payı var.


İsmayıllının Təzəkənd və Lahıc qəsəbə məktəblərində valideyn təlim mərkəzi yaradılıb 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi (AVMA İB) tərəfindən həyata keçirilən “Təhsilin keyfiyyətinə ictimai dəstək və valideyn təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində oktyabrın 13-14-də İsmayıllıda monitorinq və ictimai maarifləndirmə görüşləri keçirilib.

Təhsil şöbəsindən  məlumat verilir ki, monitorinq və görüşlər rayonun Təzəkənd və Lahıc qəsəbə tam orta məktəblərində keçirilib. Görüşlərdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri,  valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.

AVMA İB-nin sədr müavini Şahin Rəcəbov layihənin məqsədi və əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb. Bildirib ki, bu layihənin məqsədi məktəblərə ictimai nəzarət mexanizmini gücləndirməklə təhsilin keyfiyyətini yüksəltmək, valideynlərin təlim-tədris və tərbiyə proseslərində fəaliyyətlərini və məsuliyyətlərini artırmaq, davamlı pedaqoji təlimə nail olmaqdır.

    Maraqlı, işgüzar şəraitdə keçən görüşlərdə valideyn məsuliyyəti, ailə mədəniyyəti, uşaqlarla davranış, valideyn-müəllim-şagird əməkdaşlığı, məktəb-ailə münasibətləri kimi məsələlər diqqət mərkəzində olub.

    Layihə çərçivəsində Təzəkənd və Lahıc məktəblərində valideyn təlim mərkəzi yaradılıb, valideynlərə “Valideyn məsuliyyəti” bukletləri paylanıb.


Masallıda şagirdlər arasında bilik yarışı keçirilib 

Böyütmək üçün seçinOktyabrın 14-də Masallı şəhərindəki Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsi, təhsil şöbəsinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ağıl dəryası” intellektual bilik yarışması üzrə rayon birinciliyi keçirilib.

Təhsil şöbəsindən bildirilir ki, bilik yarışmasında 16 məktəb komandası qalib adı uğrunda bilik və bacarıqlarını nümayiş etdirib.

Yarışmanın yekun nəticələrinə görə, Təzə Alvadı 1 nömrəli tam orta məktəbin komandası birinci, Çaxırlı kənd tam orta məktəbinin komandası ikinci, şəhər 1 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutub.

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov