Prezident təqaüdçüsü, tələbə Arzu Həsənli ilə söhbət
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
s.seferova@muallim.edu.az
Arzu
Həsənli 1999-cu il aprelin 2-də Bərdə şəhərində anadan
olub. 2015-ci ildə Bərdə şəhər akademik Zərifə Əliyeva
adına texniki fənlər təmayüllü məktəb-liseyi əla
qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə ictimai
tədbirlərdə fəal iştirak edib. Respublika üzrə
keçirilən bilik yarışlarında məktəb-liseyi layiqincə
təmsil edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
(TQDK-nın) 2015-2016-cı tədris ili üçün ali təhsil
müəssisələrinə keçirdiyi qəbul imtahanında ən yüksək
nəticə -700 bal toplayıb. Bakı Ali Neft Məktəbinin
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”
ixtisasına qəbul olub. Ölkə rəhbərinin müvafiq
sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Bu
şad xəbərin sorağı ilə biz də onu aradıq, təbrik edib
bəzi sualları cavablandırmağı xahiş etdik.
- 700 bal çox yüksək nəticədir, onu qazanmaq üçün bilik
və istedad kifayət edir, yoxsa bəxtin də
gətirməlidir?
- Məncə 700 balı toplamaq üçün xüsusi bir istedada sahib
olmaq mütləq deyil, sadəcə gündəlik dərslərə mütəmadi
olaraq yaxşı hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq
asıb, verilən tapşırıqları vaxtında və düzgün yerinə
yetirmək kifayətdir. Mən də belə etdim, məktəbə
getdiyim ilk gündən etibarən dərslərimə məsuliyyətlə
yanaşdım, yuxarı siniflərə keçdikcə qarşıma qoyduğum
məqsədi daha da konkretləşdirdim: Universitetə ən
yüksək balla daxil olmalıyam,- deyə düşündüm və
məqsədimə nail olmaq üçün gecə-gündüz çalışdım. Mənim
boş vaxtlarım demək olar ki, olmayıb.
Hazırlıq müddətində televizora baxmaqdan və başqa əlavə
işlərlə məşğul olmaqdan tamamilə imtina etmişdim. Qəbul
imtahanından əvvəl keçirilən sınaqların hamısında
iştirak etmişəm. TQDK-nın sınaq imtahanlarında ən
yüksək balım 670 olurdu. Hər sınaqda çətin mövzular
qarşıma çıxdıqca həmin mövzuların üzərində daha çox
çalışırdım. Şükür ki, çəkdiyim əziyyət hədər getmədi və
mənə göstərilən bütün etimadları 700 ballıq nəticə ilə
doğrultdum.
- İmtahandan əvvəl və imtahandan sonrakı
əhvali-ruhiyyən hansı təəssüratlarla yadda qalıb?
Həyəcanlanmırdın ki? Axı, bu, necə olmasa qəbul
imtahanı idi, sınaq imtahanı yox!
- İmtahan çox yüksək səviyyədə keçdi. Nəzarətin güclü
olması məni tam qane edirdi. Doğrusu, əvvəlcə bir az
həyəcanlı idim. Düz deyirsiniz: özümə inansam da,
müəyyən qədər tərəddüd, həyəcan var idi. Sual
kitabçasını aldıqdan sonra ilk öncə asan suallardan
başladım ki, həyəcanım az da olsa keçsin və məncə
bunun çox köməyi oldu. İmtahandan sonra isə sualların
hamısını düzgün cavablandırdığıma əmin oldum. Ancaq
biləndə ki, 700 bal toplamışam, həmin anda keçirdiyim
sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincimi
ilk olaraq ailəmlə, daha sonra isə müəllimlərim və
başqa yaxınlarımla bölüşdüm. Onlar da mənim bu uğuruma
ürəkdən sevinirdilər və mənə görə fəxarət hissi
keçirirdilər. Valideynlərimin sevincdən yaşaran
gözlərini görəndə özümü dünyanın ən xoşbəxt adamı
sayırdım. Çünki bu böyük sevinc hissini onlara mən bəxş
etmişdim.
- Niyə məhz bu ixtisası və Bakı Ali Neft Məktəbini
seçdin? Bu seçimi edərkən hansı məqsədləri qarşına
qoymuşdun?
Yoxsa valideynlərinin məsləhəti önəmli oldu?
- Düzdür, bu, olduqca çətin sahədir. Bilirdim ki,
BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalıyam və bunun
üçün var gücümlə çalışırdım. Həm də ölkəmizdə neft-qaz
sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə
yüksək ixtisaslı mühəndislərə tələbatın çox olduğunu
düşünüb “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”
ixtisasını seçməyə qərar verdim. Niyə məhz bu ali
məktəbi seçdiyimə gəldikdə isə, deyə bilərəm ki,
BANM-dəki yüksək keyfiyyətli, ingilisdilli təhsilin
olması, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan
geniş imkanlar və şərait, gələcəkdə tələbələrin işlə
təmin edilməsi, dərslərin nüfuzlu və peşəkar müəllimlər
tərəfindən keçilməsi məni bura cəlb etdi. Qəbulda 15
ixtisas kodu verilsə də, mən əminliklə ancaq 1 ixtisas
kodunu yazdım, çünki BANM-ə qəbul olub və beynəlxalq
səviyyəli mühəndis kimi yetişmək mənim arzum idi. Və
arzuma da nail oldum.
-
Arzular tükənmək bilmir. Həyat davam
etdikcə, arzular da yeniləşir, bir-birini əvəz edir.
Necə deyərlər, arzulardan arzular doğur...
- Hər bir arzunu reallaşdırmaq üçün, atam
demişkən, gərək vaxtın, zamanın qədrini biləsən,
zəhmətə qatlaşasan, çalışasan və yenə də çalışasan. Bu
ali məktəbi fərqlənmə diplomu ilə bitirib vətənim üçün
ən layiqli mütəxəssis olmağı qarşıma məqsəd qoymuşam.
Sonra isə magistratura üzrə təhsilimi xaricdə davam
etdirəcəyəm. Gələcəkdə SOCAR-da işləməyi arzulayıram.
Çox doğru dediniz ki, arzular tükənmək bilmir,
yaşayarıq, görərik. Amma eyni zamanda bilirəm ki, bu
arzuları gerçəkləşdirmək üçün çox çalışmalıyam.
- Elə gənclər var ki, yalnız xarici universitetlərə
qəbul olmaq üçün ingilis dilini və yaxud sair dilləri
öyrənirlər. Sən necə?
- Dünyagörüşümün inkişafı üçün məhz müxtəlif
ölkələrin informasiyalarını əldə etmək məqsədilə dil
bilmək vacib şərtdir.
Söhbətə başlamazdan öncə qarşımda olduqca
lətafətli, tərbiyəli, bir az da utancaq bir qızın
dayandığını görsəm də, onunla xüdahafizləşəndə artıq
yetkin bir gənclə həmsöhbət olduğuma əmin oldum. Həyata
baxışı, fikir və mülahizələri, bilik yarışmasının
qalibi olan Arzunun bütün arzularını reallaşdıracağına
məndə tam əminlik yarandı. |