Almaniyanın
Vürtsburq
Universitetinin
professoru,
Osvald
fon
Volkenştayn
Cəmiyyətinin
prezidenti
Ziqlinde
Hartmann
ilə
müsahibə
Alimlərimizin respublikamızın hüdudlarından kənarda
Azərbaycanı layiqincə təmsil etmələri danılmaz faktdır.
Elm adamlarımızın müxtəlif mövzularda keçirilən
beynəlxalq konfranslarda, simpoziumlarda çıxışları,
dünyanın bir sıra nüfuzlu ali məktəblərində mühazirələr
demələri, dünya alimləri ilə bir araya gəlmələri, onları
öz elmi fəaliyyətləri ilə tanış etmələri ölkələr
arasında elm və təhsil sahəsində mübadilənin getdikcə
daha da genişlənməsinə əhəmiyyətli təsir göstərir. Son
illər xarici ölkələrin alim və mütəxəssislərinin
ölkəmizə olan marağı, bizim ali məktəblərimizlə,
azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmələri, birgə
layihələrin həyata keçirilməsində xüsusi fəallıq
göstərmələri isə bu gün ölkəmizin təhsil sahəsindəki
inkişafından, elmimizin Avropanın elm məkanında
özünəməxsus yer tutmasından soraq verir. Elə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya
elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda səfərdə
olan Almaniyanın Vürtsburq Universitetinin professoru,
Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım
Ziqlinde Hartmannla söhbətimizdə də hər iki ölkənin
təhsil səhəsindəki birgə əməkdaşlıq məsələlərinə, onun
buradakı elmi-pedaqoji fəaliyyətinə toxunduq,
respublikamızla bağlı təəssüratlarını öyrəndik.
- Xanım Ziqlinde Hartmann, bir qədər fəaliyyətiniz,
Azərbaycanla əlaqələriniz haqqında oxucularımıza məlumat
verməyinizi xahiş edirik.
- Mən Almaniyanın Vürtsburq Universitetinin professoru,
eyni zamanda Osvald fon Volkenştayn Cəmiyyətinin
prezidentiyəm. “Orta əsrlər alman ədəbiyyatında məhəbbət
mövzusu” kitabının müəllifiyəm.
Sizin ölkə ilə əlaqələrim ilk olaraq akademik Kamal
Abdullayevin təşəbbüsü ilə vaxtilə rektoru olduğu Bakı
Slavyan Universiteti ilə Almaniyanın Yohannes Quttenberq
Mayns Universiteti, həmçinin Osvald fon Volkenştayn
Cəmiyyəti arasında imzalanmış müqaviləyə əsasən 8 il
öncə “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında
nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb”
adlı layihəyə imza atılması nəticəsində yarandı.
Layihədə adları çəkilən eposların müxtəlif yönlərdən
tədqiqinə həsr olunmuş simpoziumların, o cümlədən bir
sıra tədbirlərin keçirilməsi öz əksini tapmışdır.
“Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”:
Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı 10
illik layihənin koordinatoruyam. “Kitabi-Dədə Qorqud” və
“Nibelunqlar nəğməsi” qəhrəmanlıq dastanlarının
araşdırılması işində bilavasitə iştirak etmişəm.
Təxminən on il müddətində həyata keçirilməsi nəzərdə
tutulan layihə çərçivəsində bu günə qədər 3 beynəlxalq
simpozium təşkil olunub və bununla bağlı müxtəlif
tədbirlər reallaşdırılıb. 2016-cı ildə növbəti 4-cü
simpoziumun keçirilməsinə hazırlaşırıq.
Bilirsiniz, mən Azərbaycanda “Kitabi-Dədə Qorqud”
dastanının alman şərqşünas alimi Fridrix fon Dits
tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk
dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr
olunmuş silsilə tədbirlərin keçirilməsini yüksək
qiymətləndirirəm. Fikrimcə, dünya dastan yaradıcılığında
özünəməxsus yer tutan “Kitabi-Dədə Qorqud” folklor
sənəti üçün qiymətli əsərdir, dastanın tədrisi və
təbliği önəmlidir.
Beləliklə, 2007-ci ildən mənim sizin ölkə ilə demək olar
ki, elmi əlaqələrimin təməli qoyuldu. Bunun üçün ilk
növbədə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Kamal Abdullayevə minnətdaram ki, mənim sizin ölkə ilə
yaxından tanış olmağıma imkan və şərait yaratdı. Artıq
neçə illərdir ki, BSU-nun daimi qonağına çevrilmişəm,
mütəmadi olaraq BSU-nun filologiya fakültəsinin
germanşünas tələbələrinə orta ərslər alman
ədəbiyyatından mühazirələr oxuyur, ustad dərsləri keçir,
alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə
görüşürəm.
- Budəfəki səfəriniz nə ilə bağlı idi?
- Mən ildə iki dəfə olmaqla sizin ölkənizə səfər edirəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində
bir sıra ali məktəblərdə professor-müəllim heyəti ilə
görüşür, tələbələr qarşısında mühazirələr oxuyur, ustad
dərsləri keçirəm. Bu dəfə də mənim Azərbaycan
Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti və Xəzər Universitetində tələbə
və müəllim kollektivləri ilə belə görüşlərim təşkil
olundu. Tələbələr qarşısında “Orta əsrlər alman
ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçdim.
Özüm üçün doğma saydığım Bakı Slavyan Universitetinin
yenidən qonağı oldum.
Mənimlə birlikdə Azərbaycana dəvət olunmuş Augsburg
Universitetinin müəllimi Janina Franzke ilə birlikdə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İlahi
oyun” tamaşasını izlədik.Tamaşadan sonra yaradıcı
kollektivlə görüşümüz oldu. Onu da qeyd edim ki,
tamaşadan xüsusi zövq aldıq. Azərbaycan təhsili ilə
yanaşı, mədəniyyətinizlə tanışlıq məndə sizin ölkənizlə
bağlı xoş təəssüratlar yaratdı.
Ümumiyyətlə, Bilik Fondu ilə əməkdaşlıq etmək mənim
üçün çox xoşdur. Bu fondun həyata keçirdiyi layihələr,
xüsusilə təhsillə bağlı proqramları olduqca
əhəmiyyətlidir.
- Siz Bakı Slavyan Universitetinin fəxri professoru,
2015-ci ildən bu ali təhsil ocağının rektorunun
müşavirisiz. Belə bir məsul işdə çalışmaq sizin üçün
ilk növbədə nədir?
- Təbii ki, ilk növbədə məsuliyyət və universitet
rəhbərliyinin mənə olan etimadıdır. Bilirəm ki, Bakı
Slavyan Universiteti paytaxtın nüfuzlu ali təhsil
ocaqlarından biridir. Universitetin rektoru, professor
Asif Hacıyevin rəhbərliyi altında burada təhsilinizin
inkişafı ilə bağlı çox mühüm işlər həyata keçirilir,
xarici ölkələrin tanınmış ali məktəbləri ilə beynəlxalq
əməkdaşlıq məsələlərinə xüsusi önəm verilir. Bu
universitet hər zaman, necə deyərlər, öz prestijini
qorumağa çalışır. Mən bunu hər gəlişimdə görürəm və yeni
təyinatımla ali təhsil müəssisəsinə bu işlərdə dəstək
verməyə qərarlıyam.
- Budəfəki səfəriniz zamanı Bakı Slavyan Universiteti
nəzdində yaradılmış Germanistika İnstitutunun açılış
mərasimi keçirildi. Həmin açılış mərasimində xüsusi
fəallığınızı gördük. Onu da bilirik ki, institutun
açılmasında sizin də xüsusi əməyiniz var. Belə bir
institutun yaradılmasında əsas məqsəd nədir?
- SSRİ dövründə heç bir sovet respublikasında
germanistika fənni tədris olunmamışdır. Germanistika dil
nəzəriyyəsi kimi məhdud səviyyədə olmuşdur. Bu gün isə
ilk Azərbaycan universiteti kimi BSU təşəbbüs
göstərərək alman nümunəsi əsasında germanistika fənninin
əsasını qoymuşdur. Bu gün biz Azərbaycanda və eləcə də
keçmiş Sovet İttifaqı ərazisində ilk Germanstika
İnstitutunun açılışını qeyd etdik.
Germanistika İnstitutunun açılmasının əsas
məqsədlərindən biri Avropa universitetləri ilə təhsil
sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasıdır.
Bildiyiniz kimi, Avropada kafedra anlayışı olmadığı üçün
institut olaraq buna daha çox imkan yaradır. Bu
imkanlardan istifadə edərək gələcəkdə bir çox
universitetlərlə əməkdaşlıq yararmaq, tələbə və
müəllimlər üçün qrantlar qazanmaq niyyətindəyik. Məndə
olan məlumata görə, artıq bu ilin fevral ayında BSU ilə
Almaniyanın Augsburg Universiteti arasında əməkdaşlıq
imzalanıb. Həmin universitetdən üç mütəxəssis mühazirə
və seminar keçmək üçün BSU-da olub. İnstitutun
yaradılmasında digər əsas məqsəd BSU tələbələrinə
alman dilini, o cümlədən qədim və müasir dövr alman
ədəbiyyatını mükəmməl şəkildə öyrətməkdir. Mən bu
işlərin həyata keçirilməsində azərbaycanlı
həmkarlarımın-universitetin professor-müəllim heyətinin,
o cümlədən Germanistika İnstitutunun müdiri, dosent
Sevinc Rzayevanın əməyini yüksək dəyərləndirirəm.
- Səfərləriniz zamanı bizim müxtəlif ali məktəblərimizdə
müəllim və tələbələr qarşısında mühazirələrlə çıxış
edirsiniz. Tələbələrimizin bilik səviyyəsi sizi qane
edirmi?
- Mən sizin tələbələrinizin mükəmməl təhsil almaq
arzusunu alqışlayıram. Azərbaycan tələbələrində
təhsilə, öyrənməyə böyük maraq var. Fəaliyyətimin əsas
hissəsi Bakı Slavyan Universiteti ilə bağlı olduğu üçün
deyə bilərəm ki, burada təhsil alan gəncləriniz olduqca
nikbin və fəaldırlar. Üzunillik müşahidələrimə əsasən
onu da qeyd edim ki, Azərbaycan tələbələri səmimi və
xoşagəlimlidirlər. Alman tələbələri professor və
müəllimlərlə məsafə saxlayırlar. Düşünürəm ki, bu,
bəlkə də alman tələbələrinin sizin tələbələrdən yaşca
böyük olmasından irəli gəlir. Belə ki, Almaniyada 19
yaşından, Azərbaycanda isə 17 yaşından etibarən gənclər
tələbə adını qazana bilirlər.
- Səmimilikdən söz düşmüşkən, artıq neçə illərdir ki,
necə deyərlər, ölkəmizlə sıx əməkdaşlıq əlaqələriniz var.
Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Hər gəlişimdə bu ölkədə inkişaf, gözəllik görürəm.
Azərbaycan xalqı həm səmimi, həm də çox qonaqpərvərdir.
Sizin ölkə özünün əsrarəngizliyi və möhtəşəmliyi ilə
hər zaman məni cəlb edir desəm, məncə yanılmaram.
Bakıdakı binalar mənim çox xoşuma gəlir. Bu binalarda
qədimilik qorunub saxlanılıb. Şəhərinizin qarışıq
memarlıq quruluşuna malik olması xüsusilə məndə maraq
oyadır. Burada qədimiliklə müasirlik bir-birini
tamamlayır.
Mübaliğəsiz deyə bilərəm ki, ölkənizi ikinci vətənim,
özümü isə Azərbaycan vətəndaşı sayıram.
Müsahibəni apardı: Samirə
KƏRİMOVA,
“Azərbaycan müəllimi”,
s.kerimova@ muallim.edu.az |