Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Qobustan səfəri - “tarixə ekskursiya”

 

Böyütmək üçün seçinVətənin hər zərrəsi, dağı, dərəsi, çayı, gölü, meşəsi, aranı, yaylağı bizim üçün əzizdir, müqəddəsdir! Aldığımız təlim-tərbiyə, böyüklərimizdən, valideynlərimizdən və müəllimlərimizdən öyrəndiklərimiz, eləcə də öz düşüncələrimiz bu aydın həqiqəti bizim üçün daha cəlbedici edir.

Bu baxımdan, ötən bazar günü sinif rəhbərimiz Könül Şahbazovanın təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyamız zamanı çox yaddaqalan və unudulmaz hisslər yaşadıq. Qobustan qayalarının on min illərdən süzülüb gələn cazibəsi bizi öz sehrinə salmışdı. Kitablardan oxuduğumuz qədimdən-qədim tariximizlə belə yaxın təmasda olmaq çox qürurverici idi... Açığını deyim ki, Bakıdan cəmi 56 kilometr aralıda yerləşən bu müqəddəs məkanda indiyə qədər olmadığıma görə dərin təəssüf hissi keçirdim.

Öncə qoruğun ərazisindəki muzeylə, daha sonra tarixin dərinliklərindən soraq verən qayalıqlarla tanış olduq. Bildirildi ki, Qobustan abidələri üst paleolit dövrünün sonundan başlayaraq eramızadək olan təxminən 20 min illik dövrü əks etdirir. Qobustanda qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilib. 1966-cı ildən qoruq statusu alan Qobustan kolleksiyalarında 6 mindən artıq qayaüstü rəsm və 100 min ədəddən artıq arxeoloji material mövcuddur. Sevindirici haldır ki, Qobustan abidələrini YUNESKO Dünya İrsi Siyahısına daxil edib.

“Uzaq keçmişdə Qobustanın iqlimi daha çox rütubətli olub. Bu ərazidə qalın ot örtüyü və zəngin yem ehtiyatları olduğuna görə Qobustanda otyeyən heyvanların çoxsaylı sürüləri vardı. Qədim insanlar vəhşi heyvan sürülərini dar cığırlarda səs-küylə, məşəllərlə qorxudaraq yarğanlara tərəf qovaraq uçuruma atılmağa məcbur edirdilər. Nəticədə isə qida əldə olunurdu” - qoruq əməkdaşının qədim qayaüstü təsvirləri və əzəmətli qayaları göstərərək dediyi bu sözlər bizi sehrli bir aləmə aparmışdı.

Qobustan qayalıqlarına səfərimiz həm də onunla əlamətdar oldu ki, sinif yoldaşlarımızla daha fərqli mühitdə ünsiyyətdə olduq, dostluğumuz daha da möhkəmləndi. Bir yerdə gəzdik, əyləndik və yeni məlumatlar əldə etdik. Hələ bir duz-çörək də kəsdik, birlikdə. Bütün bunlara görə istirahət gününü bizimlə birlikdə olmağa həsr edən Könül müəllimə və valideynlərə xüsusi təşəkkürümüzü bildiririk.

Səfərimiz haqqında təəssüratlar o qədər çoxdur ki, yazmaqla bitməz. İnanıram ki, Azərbaycan tarixini daha yaxşı öyrənməyimiz, Vətənimizin tarixi zənginliklərini duymağımız üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı abidələr əsl əyani vasitə oldu bizimçün... 

Cabir MƏMMƏDLİ,
BDU-nun “Gənc istedadlar” liseyinin VI b sinif şagirdi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov