Oktyabrın 9-da Bakının Yasamal rayonundakı 286
nömrəli tam orta məktəbdə “Valideyn-məktəb əlaqələri:
müasir dövr, yeni yanaşmalar” mövzusunda konfrans
keçirilib. Konfransda Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev iştirak edib. Konfransı giriş
sözü ilə açan 286 nömrəli tam orta məktəbin direktoru
Samir Mehdizadə qeyd edib ki, müasir dövr
valideyn-məktəb əlaqələrinə yeni prizmadan, dövrün tələb
etdiyi düşüncə tərzindən yanaşmanı tələb edir.
Valideyn-məktəb əlaqələri yenilənməli və bu yenilənmələr
özündə elmi, pedaqoji, psixoloji məsələləri ehtiva
etməlidir. Bugünkü konfransın əsas məqsədi valideynləri
məktəbin həyatında daha yaxından iştiraka cəlb etmək,
valideynlərin pedaqoji-psixoloji maarifləndirilməsi
işinin əsasını qoymaq, məktəb-valideyn münasibətlərini
daha da sıxlaşdırmaq üçün birgə yollar axtarmaq,
valideynlərin müvafiq tövsiyələrini dinləmək, bu
münasibətləri sistem halına salmaq üçün məktəbdaxili
müvafiq qurum yaratmaqdır. O qeyd edib ki,
valideyn-məktəb əlaqələrinin intensiv qurulması
istiqamətində Təhsil Nazirliyi tərəfindən də sistemli iş
aparılır və valideyn cəmiyyətləri müxtəlif adlarda
fəaliyyət göstərərək məktəbin işində fəal iştirak
edirlər. Bugünkü tədbirdə isə 286 nömrəli tam orta
məktəbin “Valideyn şurası”nın yaradılması nəzərdə
tutulur.
Konfransda çıxış edən Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev bildirib ki, 286 nömrəli tam orta
məktəbin valideynlərin maarifləndirilməsi istiqamətində
keçirdiyi bu konfransda iştirakı məmnuniyyətlə qəbul
edib. Çünki valideyn-məktəb əlaqələri müasir dövrdə
təhsilimizin ən aktual problemlərindən biridir. Məktəbin
inkişafında bu amil önəmli rola malikdir. Ə.Ağayev
söyləyib ki, 286 nömrəli tam orta məktəbin zəngin
ənənələri olub. Bu məktəbin adı respublikanın ən yaxşı
təhsil ocaqları ilə paralel çəkilib.
Ə.Ağayev qeyd edib ki, bu günün valideyni özünü
məktəbin tamhüquqlu üzvü hesab etməli, təhsil ocağının
fəaliyyətində yaxından iştirak etməli, onun
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
təkliflərini verməli, müvafiq köməkliyini
göstərməlidir.
Əjdər Ağayev söyləyib ki, telekanallarda
valideynlərin maariflənməsi işinə xüsusi diqqət ayrılsa,
bu, böyük fayda verər. Onun sözlərinə görə,
texnologiyanı bilməklə hər şeyə nail olmaq mümkün deyil.
İnsan gərək özünü kamilləşdirsin, milli-mənəvi dəyərlərə
yiyələnsin, adət-ənənələr çərçivəsində böyüsün və onlara
əməl etsin. Yalnız bundan sonra onun sahib olduğu bilik
öz millətinə fayda verə bilər.
Ə.Ağayev müəllimləri də valideynlərə dəstək olmağa
çağırıb. “Biz istər valideyn olaq, istər müəllim, eyni
amalı daşıyırıq: cəmiyyət üçün faydalı vətəndaş
yetişdirmək. Müəllim olmaq üçün birinci növbədə
qarşındakı insanı tanımalısan. Bilməlisən ki, müxtəlif
ailələrdən gələn uşaqların hər biri müxtəlif mənəvi
keyfiyyətlərə malikdirlər. Məhz buna müvafiq olaraq
şagirdə yanaşılmalı və onun tərbiyəsi istiqamətində
valideynlə birgə iş aparılmalıdır. Uşaqlar mümkün qədər
telefondan, internetdən uzaq tutulmalıdırlar. Telefon,
internet elə bir vasitədir ki, uşaq onu gec, ya tez
öyrənəcək. Məktəb yaşlı uşaq kompüteri, onun mahiyyətini
bilmədən öyrənir. Nəticədə onun aludəçisinə çevrilir.
Ona görə də bu gün uşaqlarımıza onun təfəkkürünü,
zehnini inkişaf etdirən, bacarıqlarını, qabiliyyətlərini
formalaşdıran məsələləri öyrətməliyik. Vaxtı gələndə
texnologiyanı da öyrənəcəklər”.
Əjdər Ağayev vurğulayıb ki, bu 286 nömrəli tam
orta məktəbin həyatına yeni rəhbərliklə yeni bir
ab-havanın gələcəyi hiss olunur. İnanırıq ki, bu təhsil
ocağının zəngin ənənələri bərpa olunacaq və çoxsaylı
valideyn kontingenti də məktəbin yeni ənənələrinin
yazılmasında yaxından iştirak edəcək.
Sonra professor Əjdər Ağayev müəllim və
valideynlərin mövzu ətrafında suallarını cavablandırıb.
Tədbirin sonunda “Məktəb Valideyn Şurası” təsis
olunub. Yaxın günlərdə Şuranın əsasnaməsinin
hazırlanması və şura üzvlərinin seçilməsi nəzərdə
tutulub.
Təhsil Şurasının Mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi |