Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondu “İlboyu bilik” proqramının “İmzalı görüş”
layihəsi çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda
yazıçı-publisist Rəşad Məcidlə görüş keçirib.
Tədbirdə Bilik Fondunun İnformasiya təminatı
sektorunun müdiri Xatirə Hüseynova, sektorun
məsləhətçisi Ramilə Qurbanlı, mətbuat katibi Ceyhun
Musaoğlu, tənqidçi Nərgiz Cabbarlı, Azərbaycan
Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru
Razim Məmmədov, institutun professor-müəllim heyəti və
tələbələr iştirak ediblər.
Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri
üzrə prorektoru Razim Məmmədov Bilik Fondunun gənclər
arasında apardığı maarifçilik işindən, bu istiqamətdə
həyata keçirilən layihələrin səmərəsindən danışıb.
Rəşad Məcidin jurnalistlik fəaliyyətindən söz açan
Fondun İnformasiya təminatı sektorunun müdiri Xatirə
Hüseynova gənclərin çağdaş ədəbiyyata olan marağını,
belə görüşlərin də elə bu tələbatdan doğduğunu
vurğulayıb.
Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı Rəşad
Məcidin bədii yaradıcılığından söz açaraq, onun
əsərlərindən nümunələr gətirib, yazarın xüsusilə “10
sentyabr” hekayəsi haqqında tələbələrə məlumat verib.
Rəşad Məcidin şeirlərini struktur, dil və ideya
baxımından şərh edən tənqidçi Nərgiz Cabbarlı yazarın
yaradıcılığı barədə ətraflı danışıb.
Sonra tələbələr Rəşad Məcidin yaradıcılığından
nümunələr söyləməklə onları maraqlandıran mövzularda
fikir mübadiləsi aparıblar. Gənclərin çoxsaylı
suallarını cavablandıran yazar sonda kitablarını öz
imzası ilə oxucularına hədiyyə edib.
Bilik Fondunun İnformasiya təminatı sektorunun
“İmzalı görüş” layihəsinin ilk qonağı yazıçı Aqil Abbas
olub. Layihənin mahiyyətində gənclərin kitaba marağının
artırılması durur. Sorğu nəticəsində əldə olunan sosial
sifariş əsasında müəyyən olunan müəllifin kitabları
gənclərə paylanır. Kitabların oxunması başa çatdıqdan
sonra oxucularla müəllifin görüşü təşkil edilir.
Azərbaycan Respublikasının
Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru |