Polşanın səfiri Bilik Fondunun qonağı oldu
Polşanın fövqəladə və səlahiyyətli səfiri cənab
Marek Calka Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunda olub.
Fondun icraçı direktoru Oktay Səmədov Polşa ilə
Azərbaycan arasındakı dostluq əlaqələrindən, iki ölkə
arasında siyasi, iqtisadi, hüquqi, mədəni, elm və turizm
sahələrində əməkdaşlığın yüksələn xətlə inkişafından
söhbət açıb. Azərbaycanın müstəqilliyini ilk aylarda
tanıyan dövlətlərdən birinin də Polşa olduğunu
vurğulayan O.Səmədov 1997-ci ildə ümummilli lider Heydər
Əliyevin Polşaya ilk səfəri zamanı iki ölkə arasında bir
çox sahələrdə əməkdaşlığa zəmin yaradan hüquqi
müqavilələrin imzalandığını da xatırladıb. O.Səmədov
rəhbərlik etdiyi Fondun həyata keçirdiyi müxtəlif
layihələr barədə səfirə məlumat verib, maarifçiliyin
bütün ölkələrdə cəmiyyətin inkişafına təkan verdiyini
vurğulayıb.
Səfir Marek Calka Bilik Fondunda görüşdən
məmnunluğunu ifadə edərək ölkələrimiz arasında
əməkdaşlığın 500 ildən çox tarixə malik olduğunu
bildirib. Fondun gördüyü işləri maarifçilik
istiqamətində mütərəqqi addım kimi dəyərləndirən cənab
səfir “Qardaşlaşmış məktəblər”, “Docendo discimus”,
“Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada”
layihələrinə xüsusi maraq göstərib. Səfir Polşa
məktəblilərinin azərbaycanlı şagirdlərlə Qardaşlaşma
Sazişi imzalamasını arzuladığını dilə gətirib. Cənab
M.Calka onu da deyib ki, Polşanın nüfuzlu
universitetləri ilə yerli təhsil ocaqları arasında
alimlərin mübadiləsi, qarşılıqlı ustad dərslərinin
təşkili hər iki tərəf üçün uğurlu nəticələr əldə etməyə
imkan yaradacaq.
Çexiyalı
alimlər əməkdaşlıqda maraqlıdırlar
Çex Respublikasının Mendel Universitetinin
alimlərindən ibarət bir qrup Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Qonaqları salamlayan icraçı direktor Oktay Səmədov
Bilik Fondunun təhsil və maarifçilik istiqamətində
beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən
danışıb. O.Səmədov qonaqlara Praqada “Azərbaycanın
geologiya elmi Çexiyada” layihəsi çərçivəsində təşkil
olunmuş sərgi barədə də ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Mendel
Universitetinin regional inkişaf və beynəlxalq təhsil
fakültəsinin dekanı, professor Libor Qreqa təmsil etdiyi
təhsil ocağı haqqında bilgi verib. Professor Bilik Fondu
ilə Mendel Universiteti arasında təhsil sahəsində
əməkdaşlığın mümkün variantları barədə təkliflərini
səsləndirib.
Universitetin iqtisadiyyat və biznes fakültəsinin
dekan müavini, dosent Tomas Foltynek, təhsil üzrə
ekspert Katerina Dolnik, Çexiya-Azərbaycan Elm və
Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimov
Çexiya və Azərbaycan alimlərinin, təhsil işçilərinin
mübadiləsi, ikitərəfli elmi layihələrin həyata
keçirilməsi barədə fikirlərini bildiriblər. Görüşdə
birgə fəaliyyət planı haqqında qarşılıqlı təkliflər
müzakirə olunub, təcrübə mübadiləsinin səmərəli
nəticələr verəcəyinə əminlik ifadə olunub.
Xatirə HÜSEYNOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun İnformasiya təminatı sektorunun müdiri |