Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Səmərəli planlaşdırma nailiyyətlərin əsasıdır

 

Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri, əməkdar müəllim

Bütün dövrlərdə təhsil fərdin, dövlətin və cəmiyyətin tələbatına uyğun olaraq inkişaf etmiş, təhsilin keyfiyyəti isə bu tələblərə  hansı səviyyədə cavab verməsi ilə ölçülmüşdür. Tələbat yüksəldikcə təhsilin strateji məqsəd və hədəfləri də dəyişmişdir. Bununla belə, müəyyən edilmiş hədəflərin uğurla həyata keçirilməsində keyfiyyətli idarəçilik hər zaman mühüm rol oynamışdır. Keyfiyyətli idarəetməni şərtləndirən başlıca amillərdən biri isə fəaliyyətin düzgün və səmərəli planlaşdırılması hesab olunur. Heç şübhəsiz, planlaşdırma optimal xarakter daşımasa, idarəetmə həqiqi mahiyyətini itirməklə pərakəndə prosesə çevrilər. Bu məntiqlə yanaşsaq, planlaşma və idarəetmə qırılmaz vəhdət təşkil edir, onları bir-birindən ayrılıqda təsəvvür etmək qeyri-mümkündür.

Bu yazıda əsas məqsədimiz ümumtəhsil məktəblərinin fəaliyyətinin planlaşdırılması ilə əlaqədar məsələlərə toxunmaqdır. Müşahidə və təhlillərdən aydın olur ki, bütövlükdə götürsək, işin planlaşdırılmasında nəzərəçarpan başlıca mənfi cəhət fəaliyyət planlarının, əsasən, formal xarakter daşımasıdır. Sanki bu planlar ümumi fəaliyyətin təşkili və nizamlanması məqsədilə deyil, sadəcə olaraq, məktəbi təftiş edənlərə nümayiş etdirmək üçün hazırlanmışdır. Bir az da diqqət etdikdə, onların bir çoxunun əvvəlki illərə aid planlarla eyniyyət təşkil etdiyinin şahidi olursan.

Əgər planlaşdırmanın idarəetmə ilə vəhdətindən danışırıqsa, demək, məktəbin fəaliyyətini planlaşdıran rəhbər işçilər idarəetmə prinsiplərinə və onların mahiyyətinə ətraflı bələd olmalıdırlar. Çünki iş planına daxil edilən əksər tədbirlər məhz həmin prinsiplərdən qaynaqlanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində ümumi təhsilin idarə olunmasının prinsipləri aşağıdakı kimi göstərilmişdir:

Hesabatlılıq: nəticə etibarilə ümumi təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini təmin edir. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır.

Məsuliyyətin bölüşdürülməsi: ümumi təhsilin idarə olunmasında demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.

İnkişafın monitorinqi: mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir.

Göründüyü kimi, müəyyən olunmuş idarəetmə prinsiplərindən hər biri planlaşdırma prosesində həm tənzimləyici, həm də istiqamətverici rol oynayır. Eyni zamanda vacib amillərdən biri olaraq xüsusi qeyd etməyi lazım bilirik ki, faydalı iş əmsalına malik Fəaliyyət planı hazırlamaq üçün məktəb rəhbərliyinin təhsil qanunvericiliyi, ümumi təhsil sahəsində dövlət siyasətinin mahiyyəti və bununla əlaqədar qarşıda duran müasir vəzifələr, aktual problemlər haqqında aydın və dolğun təsəvvürü olmalıdır. Əgər məktəbin direktoru, onun bilavasitə təlim-tərbiyə işlərinə məsul müavinləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə, “Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”  sənədində, “Azərbaycan Respublikasında təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”nda, Təhsil Nazirliyinin əmr və sərəncamlarında, təlimati xarakterli metodik sənədlərində, müvafiq normativ-hüquqi aktlarda təsbit olunmuş müddəaları, müəyyən edilmiş hədəfləri hərtərəfli mənimsəməzlərsə, səmərəli planlaşdırma aparıla bilməz.

Məlum olduğu kimi, hazırkı dövrdə ümumi təhsillə bağlı hədəflər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dəqiqliklə göstərilmişdir. Buradan görünür ki, təhsilin keyfiyyəti, şagirdlərə mövcud dövlət standartları səviyyəsində zəruri biliklərin verilməsi, şəxsiyyətlərinin formalaşmasına yönəlmiş həyati bacarıq və vərdişlərin aşılanması, onların milli-mənəvi, bəşəri dəyərlər  ruhunda tərbiyəsi bu gün də öz aktuallığını saxlamaqdadır. Eyni zamanda istedadlı uşaq və gənclərlə işin gücləndirilməsi, idarəetmənin demokratikləşdirilməsi, ictimai idarəetmə sahəsində fəaliyyətlərin dəstəklənməsi, müəllimlərin peşəkarlığının dövrün tələblərinə uyğun yüksəldilməsi, “məktəb-valideyn”, “valideyn-müəllim” əlaqələrinin pedaqoji-psixoloji əməkdaşlıq əsasında qurulması da diqqətçəkən məsələlərdən hesab olunur. Bütün bunların isə həyata keçirilməsini təmin edən tədbirlər məktəbin fəaliyyət planlarında öz əksini tapmalıdır.

Məktəbin illik fəaliyyəti planlaşdırılarkən aşağıdakı tələblərin (prinsiplərin) nəzərə alınması tövsiyə olunur:

Nəticəyönümlük - bu, qarşıda duran vəzifələrin aydın təsəvvür edilməsi ilə bağlıdır. Yəni, hər hansı bir tədbir planlaşdırılarkən onun yerinə yetirilməsindən alınacaq nəticə əvvəlcədən müəyyən olunmalıdır. Belə olan halda, həmin tədbirin nə dərəcədə əhəmiyyətli xarakter daşıdığı, nəzərdə tutulan hədəfə hansı səviyyədə yönəlməsi aşkar görünür.

İnkişafyönümlük - ətalətin, səmərəsizliyin qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir və ardıcıl aparılan təhlillərin nəticəsinə əsaslanır. Ümumi təhsil sisteminin bir subyekti olaraq, hər bir məktəb mövcud tələblər baxımından inkişafın hansı mərhələsində olduğunu dəqiq müəyyən etməli, Fəaliyyət planına daxil olunan tədbirlər mövcud mərhələdən ayrılaraq davamlı irəliləyişləri təmin etməlidir.

Məqsədlərin dəqiqliyi - planlaşdırma prosesində ən vacib məsələlərdən biridir. Bu, əvvəlki iki tələblə (prinsiplə) sıx bağlıdır. Məqsəd aydınlığı həmin tələblərin hansı dərəcədə nəzərə alınması ilə ehtiva olunur. Məqsədlərin dəqiq müəyyən edilməsi inkişafyönümlüyü şərtləndirən amil kimi meydana çıxır. Bu, həmçinin, mövcud problemlərin obyektiv nəzərə alınmasında da əhəmiyyətli rol oynayır.

Optimallıq - planlaşdırmanın səmərəliliyini təmin edən amillərdən biri olmaqla nəticə etibarilə müəssisədə məqsədyönlü və keyfiyyətli fəaliyyət sisteminin təşəkkül tapmasına xidmət edir. Bu, dərs ili ərzində yerinə yetiriləsi ən zəruri işlərin müəyyənləşdirilməsi, tədbirlərin aylar, həftələr üzrə dəqiq bölüşdürülməsi baxımından faydalıdır. Belə olmadıqda Fəaliyyət planı lüzumsuz, ciddi əhəmiyyət kəsb etməyən tədbirlərlə yüklənir və icra olunmamış qalır.

Əhatəlilik - məktəbin fəaliyyəti planlaşdırılarkən hər bir iş sahəsinin nəzərə alınması çox vacibdir. Belə olan halda, müəssisənin ümumi fəaliyyətində tamlıq yaranır və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində məsuliyyətin bölüşdürülməsi, bu və ya digər iş sahəsinin öhdəlikləri aydın təsəvvür edilir. 

İcraya nəzarət - məktəbin Fəaliyyət planına daxil edilmiş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət sistemi yaradılmazsa, iş prosesində səmərəliliyin, məktəbin ümumi fəaliyyət ahənginin pozulması ilə nəticələnir ki, bu da formalizm hallarının yaranmasına gətirib çıxarır.

Göründüyü kimi, qeyd olunan tələblər (prinsiplər) varislik əsasında qarşılıqlı vəhdət təşkil etməklə bir-birini tamamlayır. Fəaliyyət planlarının (illik, aylıq və s.) həmin tələblər (prinsiplər) üzrə tərtibi, heç şübhəsiz, məktəbdə keyfiyyətli və yaradıcı iş mühitinin yaradılması, müsbət nəticələrin qazanılması ilə nəticələnə bilər.

Fəaliyyət planı hazırlanarkən kollegiallığın təmin olunması mühüm şərtlərdən biridir. İlkin mərhələdə məktəb rəhbəri tərəfindən ayrı-ayrı iş sahələrinə məsul əməkdaşların iştirakı ilə məşvərət xarakterli müzakirələrin keçirilməsi tövsiyə edilir. Burada ötən dərs ilinin nəticələri təhlil olunmaqla növbəti ildə görüləcək işlər barədə təkliflər dinlənilir və ümumiləşdirilir. Nəzərə almaq lazımdır ki, ümumi məsələlər (icbari təhsilin təmin olunması, I və X siniflərə qəbul, dərs bölgüsü, siniflərin komplektləşdirilməsi, sinif, dərnək və metodbirləşmə rəhbərlərinin təyini, hesabat formalarının hazırlanması və s.) istisna olmaqla ilboyu fəaliyyətin əsasını təşkil edən məsələlərə reallıq baxımından yanaşılmalı, müəyyən olunan tədbirlər bilavasitə problemlərin həllinə, mövcud vəziyyətin yaxşılaşdırılmasına, təhsil innovasiyalarının tətbiqinə istiqamətlənməlidir.

Bu gün məktəblərdə Fəaliyyət planının tərtibi üçün müxtəlif qrafik formalardan istifadə olunur, planlar fərqli bölmələr üzrə hazırlanır. Bu, təbii qəbul edilməlidir, çünki planların vahid zahiri qəlibə salınması məqsədəuyğun sayılmamalıdır. Bununla belə, bilavasitə konkret məktəblə əlaqəsi olmayan şəxslərin tərtib etdikləri planlarla “iş” qurulması qətiyyən yolverilməzdir (təəssüf ki, bu cür hallara hələ də rast gəlinir). Belə ki, Fəaliyyət planı hər məktəbin öz yaradıcı, düşünülmüş sənədi olmalıdır. Eyni zamanda qeyd etməyi lazım bilirik ki, planların tərtib formasında digərləri ilə yanaşı, “tədbirin məqsədi”, “tədbirdən gözlənilən nəticələr”, “gözlənilən nəticələrin əldə olunması vəziyyəti” qrafalarının nəzərdə tutulması tövsiyə edilir. Bu, tədbirlərin həyata keçirilməsində məktəb rəhbərlərinin səriştəliliyini, problemlərə yanaşma tərzini üzə çıxarır, məsuliyyətini artırır və planların, bir növ, formallıqdan uzaqlaşdırılmasına şərait yaradır.

Təqdim olunan bu yazı, əsasən, tövsiyə, istiqamət məqsədi daşıdığından Fəaliyyət planına daxil edilməsi vacib sayılan məsələləri nümunəvi qaydada aşağıdakı kimi qruplaşdırmaq mümkündür.

Rəhbər icra hakimiyyəti orqanlarının ümumi təhsil üzrə qərar, əmr, sərəncamlarının və digər normativ-hüquqi sənədlərin icrası sahəsində işlər

* həmin sənədlərin məzmun və mahiyyətinin pedaqoji kollektiv üzvlərinə çatdırılması, bu sənədlərdən irəli gələn vəzifələrin məktəb səviyyəsində icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;

* normativ-hüquqi sənədlərdə təsbit olunmuş müddəaların müəllim və valideynlərə izah olunması üçün maarifləndirmə işlərinin, o cümlədən öyrədici seminarların təşkili;

* təhsil qanunvericiliyinə aid sənədlərdən ibarət məktəbdə xüsusi guşənin yaradılması və davamlı olaraq zənginləşdirilməsi. 

Təhsilin keyfiyyətinin yüksəldilməsi və prosesə nəzarətin təşkilinə aid işlər

* I sinfə qəbul edilmiş uşaqların dərs ilinin sonunda təlim nailiyyətlərinin öyrənilməsi, nəticələrin müzakirəsi və zəruri təkliflərin hazırlanması;

* dərs illəri ərzində davamlı olaraq ibtidai sinif şagirdlərinin təhsil göstəricilərinin monitorinqinin aparılması, geriliklərin, narahatlıq doğuran məqamların səbəblərinin araşdırılması və nəticələrə uyğun olaraq müvafiq tədbirlərin müəyyənləşdirilməsi;

* hər bir dərs ilinin sonuna yaxın IV sinif şagirdlərinin ibtidai təhsil səviyyəsi üzrə müəyyən olunmuş dövlət standartlarına uyğun zəruri bilik və bacarıqlara yiyələnməsi vəziyyətinin araşdırılması, ümumi orta təhsil səviyyəsində (xüsusilə V, VI siniflərdə) onların təlim nailiyyətlərinin izlənməsi, ibtidai mərhələdə müvəffəq oxuyanların yuxarı siniflərdə geriləmələrinin səbəblərinin öyrənilməsi və müvafiq nəticələrin çıxarılması;

* müxtəlif iş formalarından istifadə etməklə şagirdlərin (xüsusilə buraxılış sinif şagirdlərinin) ayrı-ayrı fənlər üzrə təlim nəticələrinin, proqram materiallarını mənimsəmə vəziyyətinin öyrənilməsi.

Bu proses məqsədyönlü xarakter daşımalı, aparılan təhlil və müşahidələrə əsaslanmalıdır. Təbii ki, bir dərs ili ərzində əksər fənlərin tədrisi vəziyyətinin araşdırılması mümkün deyildir. Ona görə də, ilk növbədə, tədrisində və şagirdlərin nailiyyətlərində problemlər olan fənlərin seçilməsi məsləhət bilinir. Nəzərə almaq lazımdır ki, nəticələr pedaqoji şurada müzakirə edilməli və yekundan asılı olaraq mütləq qaydada müvafiq fənn müəllimlərinin fəaliyyətinə qiymət verilməlidir.

Konkret fənlərin tədrisi vəziyyətinin öyrənilməsi ilə yanaşı, bu və ya digər sinifdə həftə ərzində keçilən bütün fənlərin müvafiq komissiya tərəfindən müşahidə olunması formasından da istifadə etmək mümkündür. Bunun üstünlüyü ondan ibarətdir ki, həmin prosesdə tədris olunan fənlər üzrə sinfin və bu fənləri aparan müəllimlərin səviyyəsi barədə ümumi rəyə gəlmək olar. 

* dərs ili ərzində seçmə yolla fənlər üzrə aparılan böyük summativ qiymətləndirmələrin, habelə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin təhlili, müzakirəsi və inkişafyönlü tədbirlərin müəyyənləşdirilib zəruri təkliflərin hazırlanması;

* fənlər üzrə təlimdə geriliyi olan şagirdlər, xüsusilə buraxılış sinif şagirdləri üçün dərs ili ərzində əlavə məşğələlər sisteminin yaradılması və s. 

İstedadı ilə fərqlənən şagirdlərlə işin təşkili

İstər ayrı-ayrı təhsil sahələri (texniki, təbiət, humanitar fənlər), eləcə də incəsənət, idman, texniki yaradıcılıq sahəsində istedad və qabiliyyəti ilə seçilən şagirdlərin vaxtında aşkara çıxarılması, onların mövcud istedad potensialının inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması ümumi təhsil sahəsində ən vacib, prioritet vəzifələrdən hesab olunur. Həmin məsələ hər bir məktəbin fəaliyyətinin ana xəttini təşkil etməli, məktəbin Fəaliyyət planı hazırlanarkən bu istiqamətdə xüsusi tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər sırasına məktəbdaxili kiçik olimpiadaların, müxtəlif formatda bilik yarışlarının, intellektual oyunların, müsabiqələrin, layihələrin, ədəbi-bədii gecələrin, ayrı-ayrı mövzularda şagird təqdimatlarının təşkilini daxil etmək olar. Fənn müəllimlərinin rəhbərliyi ilə xüsusi istedada malik şagirdlərin sadə tədqiqat işlərinə cəlb edilməsi, onların nəticələri ilə bağlı konfrans və seminarların keçirilməsi də istedadlı şagirdlərin aşkara çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin xüsusi istedad və qabiliyyət nümayiş etdirən şagirdlərin rəğbətləndirilməsi və stimullaşdırılması vacib amil kimi diqqət mərkəzində saxlanmalıdır. Yaxşı olar ki, bu tədbirlər arasında məktəb üzrə istedadlı şagirdlərdən ibarət “Məlumat bankı” yaradılması da nəzərdə tutulsun və ilbəil zənginləşdirilsin.

Metodiki təminat sahəsində görülən işlər

Etiraf etmək lazımdır ki, metodiki xidmət və metodiki təminat məktəblərimizdə “zəif bənd”lərdən biridir. Məktəb daxilində bu prosesin təşkilatçı və nizamlayıcı funksiyasını yerinə yetirməli olan fənn metodbirləşmələri, demək olar ki, formal xarakterə malikdir və əksər hallarda rəhbərliyin diqqətindən kənarda qalır. Halbuki normal iş mühiti yaradılan məktəblərdə onlar böyük qüvvəyə çevrilə  bilərlər.

Bir qayda olaraq, fənn metodbirləşmələrinin fəaliyyətinə rəhbərlik və nəzarət məktəbdə aparılan vəzifə bölgüsünə görə, direktorun təlim-tərbiyə işləri üzrə müavininə həvalə edilir. İndiyədək davam edən ənənədən fərqli olaraq, müəyyən format dəyişikliyi aparılmaqla onu məktəb üzrə metodik şuranın sədri də elan etmək mümkündür. Metodbirləşmələr isə həmin şuranın bölmələri hesab oluna bilər. Belə olan halda, hesab edirik ki, vahid bir daxili struktur yaradılmaqla məsul vəzifəli şəxslə metodbirləşmə sədrləri arasında işgüzar əlaqələr daha da möhkəmlənər, məsuliyyət hissi, nəzarət və hesabatlılıq funksiyası güclənər, nəticədə işin səmərəliliyi xeyli yaxşılaşar.

Fəaliyyət planında metodik şura sədrinin görəcəyi təşkilati tədbirlər qeyd olunmaqla metodbirləşmələr üçün, əsasən, aşağıdakı iş istiqamətləri tövsiyə edilə bilər:   

-  fənn müəllimləri arasında dərs bölgüsünün müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb təqdim olunması;

-  fənn üzrə şagirdlərin təlim nəticələrinin müzakirəsi və əməli təkliflərin irəli sürülməsi;

-  istedadlı şagirdlərlə işin təşkilinə həsr olunmuş müzakirələrin aparılması və irəli sürülən mülahizələrin ümumiləşdirilib təqdim olunması;

-  fənlə bağlı qabaqcıl təcrübə nümunələrinin tətbiqi sahəsində tədbirlərin görülməsi;

-  fənnin tədrisi metodikasının təkmilləşdirilməsi istiqamətində seminar və “dəyirmi masa”ların təşkili;

-  pedaqoji mətbuatda fənnin tədrisi ilə əlaqədar dərc edilmiş materiallarla müəllimlərin tanış edilməsi, həmin yazıların müzakirəsi, təkliflərin bildirilməsi;

-  müəllimlərin nümunə və ustad dərslərinin, aktual mövzularda təqdimatlarının təşkili;

-  məzmun standartlarına, tədris proqramlarına və dərsliklərə münasibəti əks etdirən təkliflərin hazırlanıb təqdim olunması;

-  dərs ili ərzində görülən işlər barədə hesabatların hazırlanması;

-  fənnin tədrisi, şagirdlərin təlim nailiyyətləri ilə əlaqədar problem məsələlərin müzakirəsi üçün pedaqoji şuraya təqdimatların hazırlanması və s.

Diqqətçəkən məsələlərdən biri kimi, həmçinin nəzərə alınmalıdır ki, məktəb kitabxanaçısının, uşaq birliyi rəhbərinin, sinif rəhbərlərinin, məktəb psixoloqunun iş sahəsinə, vəzifə funksiyalarına aid tədbirlər planlaşdırılarkən onların əlaqələndirilməsi, dövlət təhsil standartlarında təsbit edilmiş tələblərin icrasına istiqamətləndirilməsi təmin olunmalıdır. Belə ki, bu gün zəruri biliklər verilməklə şagirdlərdə təşkilatçılıq, birgəfəaliyyət, ünsiyyət, əməkdaşlıq, liderlik, müstəqillik bacarıqlarının, milli iftixar hissinin, bədii-estetik yetkinliyin, diskussiya, tolerantlıq, tapşırılmış işə məsuliyyət, mütaliə mədəniyyətinin formalaşdırılması, onların milli-mənəvi dəyərlər, fəal həyat mövqeyi, vətənpərvərlik ruhunda tərbiyəsi ən prioritet vəzifə hesab olunur ki, bu da müasir dövrdə şəxsiyyətyönümlü təhsili şərtləndirən başlıca amillərdir.

Şübhəsiz ki, bir yazının imkanları daxilində məktəb işinin planlaşdırılmasının bütün aspektlərini əhatə etmək mümkün deyildir. Ona görə də həmkarlarımızın bu vacib məsələ ilə bağlı pedaqoji mətbuatda çıxış etmələri, təkliflər irəli sürməsi məqsədəuyğun olardı. Reallıq isə bundan ibarətdir ki, yalnız səmərəli və düşünülmüş, inkişafa yönəlmiş planlaşdırma aparılan məktəblərdə dövrün tələbləri ilə səsləşən uğurlu göstəricilər əldə edilə bilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov