Oktyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş
tədbir keçirilib. Azərbaycan Müəllimlər İnstitutunun
rektoru, Milli Məclisin deputatı, professor Aqiyə
Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq iştirakçıları
bayram münasibətilə təbrik edib. Rektor bildirib ki,
1991-ci il oktyabrın 18-də öz müstəqilliyini elan
etdikdən sonra Azərbaycan Respublikası dünya birliyinin
müstəqil ölkələri sırasına qoşulub və hazırda
özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir. 1994-cü
ilin 15 oktyabr tarixindən etibarən müstəqilliyimizin
memarı və qurucusu, ulu öndər Heydər Əliyevin fərmanı
ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü kimi hər il
qeyd edilir. Ölkəmizin hər bir vətəndaşının borcu
ümummilli liderin siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanı
qorumaq və daha da inkişaf etdirməkdir.
İnstitutun ictimai fənlər kafedrasının müəllimləri
Z.Ramazanlı ölkəmizin müstəqilliyi, R.Rüstəmov
müstəqillik illərində Azərbaycanın beynəlxalq
əlaqələrinin inkişafı, T.Məmmədov aparılan hüquqi
islahatların nəticələri, Azərbaycan Respublikasının
ümumilikdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı
çıxış ediblər. Çıxışlarda dövlət başçısı cənab İlham
Əliyevin həyata keçirdiyi uğurlu daxili islahatlar və
uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində hazırda
Azərbaycanın dünyada özünəməxsus yer tutduğu vurğulanıb.
İnstitutun üçüncü kurs tələbələrindən S.Mahmudlu
“Azərbaycanın müstəqillik tarixi”, Ü.Quliyeva
“Müstəqillik illərində ulu öndər Heydər Əliyevin təhsilə
qayğısı”, G.Məmmədova “Heydər Əliyevin dövlət
siyasətində gender məsələsinə diqqəti” mövzularında
məruzə ediblər.
Tədbirin digər iştirakçıları da müstəqillik illərində
ölkəmizin əldə etdiyi böyük uğurlar haqqında öz
fikirlərini səsləndirib, bayram təbriklərini
çatdırıblar.
Mətbuat və informasiya şöbəsi |