Bu
günlərdə Almaniyanın Vütsburq Universitetinin professoru,
Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım
Ziqlinde Hartmann Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda”
layihəsi çərçivəsində Bakıda işgüzar səfərdə olub.
Oktyabrın 11-də professor Azərbaycan Müəllimlər
İnstitutunda tələbə və müəllim kollektivi ilə görüşüb.
Səmimi keçən görüşdə xanım Hartmann tələbələrə “Orta
əsrlərdə alman ədəbiyyatında romantizm” mövzusunda ustad
dərsi keçib. Maraqlı keçən mühazirədə tələbələrin
suallarını cavablandıran qonaq ölkəmizdə olmaqdan
məmnunluq hissi keçirdiyini bildirib.
Oktyabrın 12-də xanım Ziqlinde Hartmann Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya
elmi Azərbaycanda” layihəsi çərçivəsində Mədəniyyət və
İncəsənət Universiteti və Xəzər Universitetində tələbə
və müəllim kollektivi ilə görüşüb. Burada da xanım
Hartmann tələbələrə “Alman ədəbiyyatında romantizm”
mövzusunda ustad dərsi keçib. Professor Hartmann alman
romantizminin yaranma və Avropa xalqlarının ədəbiyyatına
təsir prosesindən danışdıqdan sonra - xüsusilə
qəhrəmanlıq dövrü dastanlarının kəşfinin milli
mədəniyyətlərin başlanğıcı olması kontekstində - “Dədə
Qorqud” dastanının yenidən kəşfinin əhəmiyyətindən
danışıb. Mühazirəni maraqla dinləyən tələbələrin
suallarını cavablandırıb.
Professor Ziqlinde Hartmann və Augsburg Universitetinin
müəllimi Janina Franzke Azərbaycan mədəniyyəti ilə
yaxından tanış olmağa da vaxt tapıblar. Onlar
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "İlahi
oyun" tamaşasını izləyib, teatrın yaradıcı kollektivi
ilə görüşüb və tamaşadan xüsusi zövq aldıqlarını
bildiriblər.
Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi” |