“Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil
Nazirliyinin 2015-ci il üçün tədbirlər planına əsasən,
Təhsil Problemləri İnstitutu bir çox vacib tədbirlərin
icraçısıdır. Bu tədbirlərin təşkili məsələləri və
nəticələrin təhlili mütəmadi olaraq institutda müzakirə
olunur.
Oktyabrın 14-də institutun rəhbərliyi və elmi
işçilərinin iştirakı ilə tədbirlər planında nəzərdə
tutulan “İnnovativ təlim metodologiyasının və müvafiq
resursların hazırlanması” mövzusunda seminar-treninqin
təşkili məsələsinin müzakirəsinə həsr olunmuş müşavirə
keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, hüquq
üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki,
“Fəaliyyət Planı”nın icrası üzrə Təhsil Nazirliyinin
“Tədbirlər Planı”nda öz əksini tapmış onlarla tədbirin
icrasında ARTPİ əsas icraçı qismində iştirak edir.
Yığıncaqda bildirilib ki, bu tədbirlərdən biri də
təhsilin bütün pillələri üzrə milli mənəvi və ümumbəşəri
dəyərləri qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri
qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə
yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli
kadrlar hazırlamaqdır.
Əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyeva
təqdimatla çıxış edərək bildirib ki, strategiyanın
tədbirlər planının 2.1.1.6. bəndinin həyata keçirilməsi
üçün seminar - treninqin təlim proqramı və müdavimlərin
siyahısı hazırlanıb, peşəkar təlimçi heyəti təşkil
olunub. “İnnovativ təlim metodologiyasının və müvafiq
resursların hazırlanması” mövzusunda seminar-treninqin
proqramı bütün təhsil pillələri üzrə seçilmiş pedaqoji
kadrlar üçün innovativ təlim metodologiyasının, təlimin
məzmununun və müvafiq resursların yaradılması sahəsində
bilik və bacarıqların formalaşdırılmasını təmin edəcək
60 saatlıq seminar-treninqin ümumi məzmununu özündə əks
etdirir. Bu proqrama əsasən, hər bir təhsil pilləsi üzrə
müvafiq məzmun nəzərdə tutulur.
Qeyd olunub ki, birinci ongünlükdə iştirak edəcək
məktəbəqədər və ümumtəhsil pilləsinin pedaqoji kadrları
üçün təşkil olunan seminar-treninqin məzmununa təhsil
sistemində innovativ proseslərin idarə olunması
metodologiyası, pedaqoji innovasiyalar, innovasiyaların
tətbiqi zamanı yaranan pedaqoji və psixoloji
problemlərin aradan qaldırılması üçün yeni metodik
vəsaitlərin hazırlanması, müasir təlim
texnologiyalarından istifadənin metod və vasitələri,
innovativ metodiki resursların, elektron dərsliklərin
yaradılması və vəsaitlərin hazırlanmasına verilən
tələblər, müəllimlər, valideynlər, şagirdlər üçün
informativ və maarifləndirici vəsaitlərin hazırlanması
və s. daxildir.
Daha sonra TPİ-nin direktor müavinləri Ənvər Abbasov və
Rafiq Qəndilov, Peşə-ixtisas təhsili şöbəsinin müdiri
Rəsul Əsgərov, Təhsil nəzəriyyəsi şöbəsinin müdiri
İntiqam Cəbrayılov, Təhsilin idarəolunması və
iqtisadiyyatı şöbəsinin müdiri Piralı Əliyev, İstedadlı
uşaqlarla iş şöbəsinin müdiri Elxan Bəylərov və digər
əməkdaşlar seminar-treninqlərin səmərəliliyinin
artırılması üçün təkliflərlə çıxış ediblər.
Seminar-treninqin birinci ongünlük kursunun oktyabr
ayının sonunda başlanması nəzərdə tutulub. Noyabr və
dekabr aylarında peşə, orta ixtisas və ali təhsil
müəssisələrinin pedaqoji kadrları üçün
seminar-treninqlər planlaşdırılır.
Y.ƏLİYEV,
“Azərbaycan müəllimi” |