Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Germanistika İnstitutunun açılış mərasimi keçirilib

 

Böyütmək üçün seçin Oktyabrın 15-də Bakı Slavyan Universiteti nəzdində yaradılmış Germanistika İnstitutunun açılış mərasimi keçirilib. Azərbaycan və Almaniya Federativ Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq ali təhsil müəssisəsində slavyan dilləri ilə yanaşı alman dili və mədəniyyətinə göstərilən diqqət, bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. Rektor bildirib ki, akademik Kamal Abdullayev və professor Ziqlinde Hartmannın birgə həyata keçirdikləri  “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” və digər irimiqyaslı layihələr bu sahədə qazanılan uğurlu nailiyyətlərdir. Germanistika İnstitutunun yaradılmasının  əhəmiyyətindən danışan A.Hacıyev bu institutun açılmasını  Bakı Slavyan Universitetinin Almaniyanın bir çox tanınmış universitetləri ilə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb.

Vürtsburq Universitetinin professoru və Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, BSU-nun  rektorunun müşaviri və  fəxri professoru  xanım Ziqlinde Hartmann uzun illərdən bəri əməkdaşlıq etdiyi Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını bölüşüb. Mütəmadi olaraq BSU-da alman ədəbiyyatından silsilə mühazirələr oxuyan  xanım Hartmann onun və Augsburg Universitetinin müəllimi Janina Franzke ilə birlikdə Azərbaycana ezam olunduqları  üçün BSU rəhbərliyinə minnətdarlığını bildirib. Germanistika İnstitutunun yaradılmasını  BSU ilə Almaniyanın ali təhsil ocaqları arasındakı münasibətləri daha da gücləndirəcəyinə ümidvar olduğunu deyib.

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Hadrun Tempel çıxışında Bakı Slavyan Universitetinin alman dili və mədəniyyətinə böyük maraq göstərməsini yüksək qiymətləndirib və xüsusilə qeyd edib ki, BSU germanistikanın tədrisində aparıcı müəssisədir. Səfir Germanistika İnstitutunun açılması münasibəti ilə universitet rəhbərliyini və professor-müəllim kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vexin BSU-da alman dili və ədəbiyyatının yüksək səviyyədə tədrisi və tələbələrin bu dili asanlıqla mənimsəməsinə heyranlığını dilə gətirib.

“Alman dili xarici dil kimi” bölməsinin koordinatoru Aleksandr Eşer  Bakıda həyata keçirilən alman məktəbi layihəsi ilə bağlı görülən işlərdən, həmçinin reallaşdırılacaq digər tədbirlərdən söz açıb. Bildirilib ki, layihəyə əsasən BSU nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksinin (MLK) şagirdləri bir il müddətində təhsil almaq məqsədi ilə Almaniyaya gedir, orada alman ailəsinin qonağı olurlar. Bu, şagirdlərin alman dilini daha yaxşı öyrənmələrinə imkan yaradır.

Universitetin  alman filologiyası kafedrasının müdiri, dosent Sevinc Rzayeva Germanistika İnstitutu və onun vəzifələri barədə məlumat verib.

Filologiya fakültəsinin dekanı, professor Zemfira Vəliyeva fakültənin  yaranma tarixi və alman filologiyası kafedrasının fəaliyyətindən söhbət açıb.

Mərasimdə  BSU-nun alman filologiyası üzrə təhsil alan tələbələri və MLK şagirdlərinin ifasında alman dilində şeir və mahnılar səsləndirilib. Tədbirin sonunda BSU nəzdində Məktəb-Lisey Kompleksinin Almaniyada təhsil alan şagirdləri sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.  

BSU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov