Budəfəki
yazımızda Azərbaycan təhsilinin uzun illərdən bəri kök
salmış, daşlaşmış problemlərindən birini - orta ümumi
təhsil müəssisələrində çalışan laborantların
fəaliyyətini, daha dəqiq desək, fəaliyyətsizliklərini,
mövcud problemlərin real səbəblərini araşdırmağa
çalışacağıq. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin
bu sahədəki təcrübəsi ilə maraqlananda bizə aydın oldu
ki, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə kimi
dövlətlərdə laborant, müəllim köməkçisi və bu kimi
vəzifələrdə çalışan əməkdaşlar məktəbdə tədris
prosesinin düzgün qurulmasında, dərslərin təşkilində,
əyani vəsaitlərin hazırlanmasında müəllimlərin, sözün
həqiqi mənasında, ən yaxın köməkçiləri hesab olunurlar.
Əlbəttə, bu vəzifələr bizim qanunvericilikdə də
mövcuddur. Bəs müəssisə rəhbərlərimiz və laborantlarımız
buna əməl edirlərmi? Paytaxtın bəzi məktəblərində
araşdırmalarımız göstərdi ki, məktəb direktorlarımız bu
vəzifədən əsasən katibə, köməkçi, hətta bir çox hallarda
“katibələrin katibəsi” qismində yararlanırlar. Yəni,
məsələyə obyektiv yanaşsaq, bu gün orta məktəblərdə
çalışan laborantların əsas vəzifəsinin direktorlara çay
aparmaq, onları vətəndaş zənglərindən və şikayətçilərdən
qorumaq, müdirlərinin şəxsi tapşırıqlarını yerinə
yetirməkdən ibarət olduğunu görərik. Araşdırma
apardığımız məktəblərdə eyni zamanda, başqa bir
problemin də şahidi olduq. Laborant vəzifəsinin texniki
ştat olmasına baxmayaraq, məktəb direktorları Təhsil
Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı apardığı
imtahandan dəfələrlə cəhd edib keçə bilməyənləri
laborant vəzifəsinə təyin etməklə, onları dolayı
yollarla (analıq, xəstəlik və bu kimi məzuniyyətlərdə
olanların əvəzinə illərlə) müəllim simasında
auditoriyalara göndərirlər. Paytaxtın
5 məktəbində apardığımız araşdırmaların
nəticələrini təqdim edirik.
LABORANTLARIN QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULMUŞ
VƏZİFƏLƏRİ
Laboratoriya
avadanlığının, cihazlarının, təlimin texniki
vasitələrinin saz halda olmasına çalışır, onların
vaxtında əldə edilməsi, xüsusi zavod və emalatxanalarda
təmiri üçün sifariş hazırlayır, kimyəvi reaktivlərin
düzgün saxlanması və istifadə olunmasını təmin edir.
Avadanlıqların, cihazların, aparaturaların, reaktivlərin
laboratoriya işlərində, dərslərdə və məşğələlərdə
istifadə olunması üçün hazırlayır, həmin avadanlıqların
müvafiq təlimatlara və digər texniki sənədlərə
uyğunluğunu yoxlayır. Filmotekalarla müntəzəm olaraq
işgüzar əlaqə saxlayır. Müəllimləri dərs məşğələsi üçün
lazım olan materiallarla təmin edir. Müəyyən olunmuş
formada hesabatlar hazırlayır.
Araşdırmamıza ilk olaraq, Suraxanı rayonu Günəşli
qəsəbəsində yerləşən 285 nömrəli tam orta məktəbdən
başladıq. Məktəbin direktoru Həyat Dünyamalıyeva bizimlə
söhbətində bildirdi ki, məktəbdə 6 laborant var.
Onlardan 4-ü kompüter, digər 2 nəfəri isə fizika və
kimya fənləri üzrə laborantlardır. Laborantlarla və
onların iş prosesi ilə tanış olmaq məqsədilə məktəbə
baxış keçirildikdə məlum oldu ki, kompüter
laborantlarından 2 nəfəri- Gülər Səfərova və İlhamə
Qurbanova kompüter otağında deyil, direktorun qəbul
otağında əyləşir, məktəblə bağlı sənədləşdirmə və digər
işlərdə direktora köməklik göstərirlər. Digər laborant
Əsmər Qasımova isə İlhamə Quliyevaya kömək edir. Yəni
sadə dillə desək, köməkçiyə köməkçilik edir. Kompüter
laborantlarından təkcə Gülşən Həmidzadə İKT
laboratoriyasına nəzarət edir. Onlar özləri də etiraf
etdilər ki, məktəbdə əsasən ümumi işlərlə məşğuldurlar,
müxtəlif proqramlar üzrə əlaqələndiricidirlər. Onlardan
laborantın vəzifəsinin nədən ibarət olduğunu soruşduqda
isə dəqiq cavab verə bilmədilər.
Laborantlardan İlhamə Qurbanovaya ixtisası
haqqında sual verdikdə tarixçi olduğunu, lakin yaşadığı
ərazidəki məktəblərdə ixtisası üzrə vakant müəllim yeri
olmadığı üçün laborant vəzifəsində çalışdığını bildirdi.
Digər laborant Gülşən Həmidzadəyə də həmin sualı
ünvanladıq. O bildirdi ki, ADPU-nun fizika fakültəsini
bitirib. Planında məktəbə laborant kimi daxil olduqdan
sonra müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə
iştirak edərək müəllim kimi işləmək olduğunu deyən
laborant, sonralar buna marağı olmadığını bilidirdi.
Kompüter laborantları ilə söhbətimizi
yekunlaşdırdıqdan sonra kimya və fizika
laboratoriyalarına getdik. Nəzərə çatdıraq ki, burada
vəziyyət fərqli idi. Belə ki, kompüter laborantlarının
əksinə olaraq, burada çalışan Səfurə Nəcəfova və Afaq
Qurbanova laboratoriyada olan avadanlıqlar, cihazlar və
müxtəlif maddələr, vəzifə borcları haqqında məlumatlı
idilər. Bundan başqa, iş planları da səliqə ilə
yazılmışdır. Onlara da ixtisasları haqqında sual
verdikdə Afaq Qurbanova qeyd etdi ki, Şamaxı
Mədəni-Maarif Texnikumunun ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsini bitirsə də,
2001-ci ildən məktəbin kimya laborantı vəzifəsində
çalışır.
Sonra yolumuzu Bakıxanov qəsəbəsindəki
F.Tağıyev adına 72 nömrəli məktəb-liseydən saldıq.
Şəhərimizin ən böyük, müasir təmirli, maddi-texniki baza
cəhətdən zəngin təhsil ocaqlarından biri olan bu
məktəbdə işlərin daha yaxşı olacağını düşündük.
Direktorun qəbul otağında bir neçə nəfərlə qarşılaşdıq.
Sonradan bildik ki, sən demə bunlar da direktorun
laborant “köməkçiləri”dir. Məktəb-liseyin direktoru
Polad Əjdərovla görüşüb məqsədimizi bildirdik.
Direktorun dediklərindən məlum oldu ki, hazırda 1425
şagirdin oxuduğu, 121 müəllimin çalışdığı, 58 sinif
komplekti olan məktəb-liseydə 5 laborant fəaliyyət
göstərir.
Onlardan 2-si fizika və biologiya, 3-ü isə informatika
üzrə laborantdır. Laboratoriyalara baş çəkmək,
laborantlarla, müəllim və şagirdlərlə söhbət etmək
istədiyimizi bildirdik. İnsafən desək, direktor bizə çay
da təklif etdi. Amma laborantlara zəhmət olmasın deyə,
etiraz etdik.
Direktorla birlikdə onun kabinetindən çıxdıqdan sonra
bir müddət foyedə ləngiməli olduq. Hiss etdik ki,
laboratoriyaların açarlarını tapa bilmirlər. Ancaq bizi
düşündürən o idi ki, məktəbdə tədrisin ən qızğın
saatlarında nə üçün laboratoriyaların qapıları bağlı,
laborantlar isə direktorun qəbul otağında olmalıdır? Bəs
dövlətin yüz minlərlə vəsait hesabına aldığı bu
laboratoriyalardan şagirdlər nə zaman yararlanmalıdır?
Nəhayət, açarlar tapıldı. Öncə biologiya
laboratoriyasına yollandıq. Burada X sinfin dərsi
vardı. Laboratoriya doğrudan da yüksək təchizatlı idi.
Amma nə faydası. Şagirdlər özləri belə etiraf etdilər ki,
son bir ildə bu laboratoriyada mikroskop altında soğan
qabığını müşahidə etməkdən başqa heç bir təcrübə
aparılmayıb. Bizimlə birlikdə sinifdə olan direktor
müavininin kömək məqsədli müdaxilələrinə baxmayaraq
şagirdlərlə qısa söhbətdən o da məlum oldu ki, onların
heç biri biologiya üzrə laborantı tanımır. Onu heç vaxt
dərsdə, laboratoriyada görməyiblər, adını belə
bilmirlər. Qəribə burasıdır ki, heç müəllim də ona kömək
etməli olan laborantının adını deyə bilmədi və onu
tanımadığını etiraf etdi. Şagirdlər “Ümumiyyətlə,
məktəbinizin hansısa laborantını tanıyırsınızmı”
sualımızı da kollektiv sükutla qarşıladılar.
Kimya laboratoriyasında da 10-cu siniflə rastlaşdıq.
Lakin az sonra məlum oldu ki, onların kimya dərsi deyil.
Sən demə, boş laboratoriyanı bizə göstərməmək üçün 10-cu
sinif şagirdlərini informatika dərsindən çıxarıb ora
doldurmuşdular. Bu sinifdə də apardığımız qısa
sorğu-sualdan aydın oldu ki, şagirdlər laborantları
tanımırlar. Onlar məktəblərində ümumiyyətlə
laborantların olub-olmamasından xəbərsizdirlər. Kimya
müəllimi Sevda Cəbrayılova da kimya laborantının
olub-olmadığını bilmədi. Burada da şagirdlər son illər
kimya dərslərində laboratoriyada yalnız bir təcrübə
keçdiklərini xatırlaya bildilər və onun da ancaq müəllim
tərəfindən aparıldığını, heç bir laborant görmədiklərini
söylədilər.
Sonra məktəb direktorunun öz kabinetinə yığdığı
laborantlarla söhbət etdik. Onların heç biri öz vəzifə
funksiyalarının nədən ibarət olduğunu deyə bilmədi. Bizi
maraqlandıran suallara yalnız ümumi sözlərlə cavab
verdilər. Biz onlara “Şagirdlər sizi laborant kimi
tanımırlar” deyəndə onlar müəllim kimi tanındıqlarını
bildirdilər. Amma direktor isə bizə onlardan dərs
prosesində müəllim əvəzedicisi kimi istifadə
olunmadığını vurğulamışdı.
İxtisasca filoloq olan, Bakı Dövlət Universitetini
bitirən və 2013-cü ildən 72 nömrəli məktəb-liseydə
laborant işləyən Bahar Kazımovadan nə üçün belə bir
nüfuzlu ali məktəbi bitirib laborant işlədiyini,
müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak
etmədiyini soruşduq. O, buna iki dəfə cəhd etdiyini,
lakin lazımi qədər bal toplamadığını bildirdi.
Sonra Sabunçu rayonunda yerləşən digər bir təhsil
ocağına - 74 nömrəli tam orta məktəbə üz tutduq.
Burada da demək olar ki, eyni mənzərənin şahidi olduq.
Laborantlarla tanış olarkən birinin siması bizə tanış
gəldi. Məlum oldu ki, məktəbə girərkən bizi
qarşılayanlardan biri məhz bu laborant xanım idi. Söhbət
zamanı məlum oldu ki, bu xanım laboranta məktəbin
birinci mərtəbəsinə nəzarət etməklə yanaşı, direktorun
hörmətli qonaqlarını qarşılamaq kimi “mühüm vəzifə” də
tapşırılıb. Sonradan direktor Rüxsarə Əliyeva özü də
etiraf etdi ki, şagirdlərə nəzarət etmək üçün hər
mərtəbəyə bir laborantı təhkim edib. Laborantlarla
söhbətmizdə onlar da bildirdilər ki, məktəbdə əsasən
direktorun tapşırıqları, bəzi tədbirlərin təşkili və
sənədləşdirmə işləri ilə məşğul olurlar. Laborantlara
“Axırıncı dəfə hansı laborator işin aparılmasında
iştirak etmisiniz” sualı verdikdə isə son dəfə belə bir
prosesdə iştirak etdiklərini xatırlamadılar. İş planları
ilə bağlı suala isə cavab verməkdə çətinlik çəkdilər.
Mövzu ilə bağlı növbəti reydimizi Xətai rayonunda
yerləşən 194 nömrəli məktəbə etdik. Ötən il
istifadəyə verilən və yüksək səviyyədə maddi-texniki
bazası olan məktəbdə bizi ilk qarşılayan direktor
Əliyusif Əliyev oldu. Direktor bildirdi ki, məktəbdə 9
laboratoriya var. Onlardan 3-ü kompüter, digərləri isə
fizika, kimya, biologiya laboratoriyalarıdır. Bu
laboratoriyaların hamısı yüksək səviyyədə təchiz olunub.
İlk baxışdan mənzərə çox ürəkaçan idi. İşıqlı, geniş
laboratoriyalarda ən müasir avadanlıqlar
yerləşdirilmişdi. Lakin yenə bizi bu sual
maraqlandırırdı. Görəsən dövlətimiz tərəfindən yaradılan
bu yüksək imkanlardan şagirdlərin bilik və bacarığının
artırılması üçün lazımi qədər istifadə olunurmu? Bu
məqsədlə kimya laboratoriyasında XI sinfin dərsini
izlədik. Onların bu laboratoriyadan necə istifadə
etdiklərini görmək istədik. Lakin şagirdlərlə
söhbətimizdən məlum oldu ki, onlar çox az hallarda bura
gəlirlər və laborantı isə ümumiyyətlə tanımırlar. Kimya
müəllimi isə laborantın məktəbdə olmadığını bildirdi.
Fizika laboratoriyasında da vəziyyət eyni idi. Şagirdlər
laborantı tanımadıqlarını və ümumiyyətlə dərs prosesinə
hazirlıq mərhələsində görmədiklərini bildirdilər. Onlara
ən adi bir cihazı- voltmetri göstərərək bunun nə
olduğunu soruşduqda isə heç bir şagird onun adını
bilmədi. Məktəbdə olan laborantlardan sonuncu dəfə nə
vaxt laborator məşğələdə iştirak etdiklərini soruşduqda
isə heç biri cavab vermədi. Görünür, bu müəssisədə də
məktəb rəhbərliyinin gələcəyimiz vaxtdan və mövzudan
xəbərləri olmadığı üçün şagirdləri yaxşı
“təlimatlandıra” bilməmişdilər.
Sonra paytaxtın mərkəzində yerləşən 132-134 nömrəli
təhsil kompleksində olduq. Əvvəlcə kompleksin
direktoru Sara Xanlarova ilə görüşüb gəlişimizin
məqsədini dedik. Direktor birinci növbənin artıq
bitdiyini və buna görə də yalnız kompüter
laborantlarının işdə olduğunu diqqətə çatdırdı.
S.Xanlarova bizimlə söhbətində səmimi olaraq etiraf etdi
ki, təhsil kompleksində də laborantların işi bir o qədər
ürəkaçan deyil. Düzdür, onlar dərs müddətində
laboratoriyada olurlar, müəllimə dərs prosesi zamanı
bəzi köməklik də göstərirlər, ancaq düşünürəm ki,
laborantlar xüsusi ixtisaslı olsalar, bu bizə daha çox
fayda verər.
Araşdırmalarımızdan məlum oldu ki, orta ümumtəhsil
məktəblərimizin əksəriyyətində laborant vəzifələri
formal xarakter daşıyır. Onlar qanunvericiliklə
üzərlərinə düşən işlərdən daha çox məktəb rəhbərlərinin
müxtəlif tapşırıqlarını yerinə yetirirlər. Məsələnin
digər tərəfi isə laborantların qeyri-ixtisaslı olmaları
ilə bağlıdır. Belə ki, bir çox hallarda aidiyyəti
olmayan müxtəlif ixtisas sahibləri bu vəzifədə
çalışırlar ki, bu da dərs prosesinə mənfi təsir
göstərir. Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə
məhəl qoymayaraq, Sovet dövründə olduğu kimi, ədəbiyyat
müəllimini kimya, fizika laborantı vəzifələrinə qəbul
edənlər bu müəssisələrdə hansı keyfiyyətdən danışa
bilərlər? Təhsil Nazirliyinin apardığı imtahanlarda
yüksək nəticə göstərərək müəllim adı qazananları, uzun
illər çalışan təcrübəli pedaqoqları kənarda qoyaraq,
əvəzçilik saatlarının bu imtahanlardan keçə bilməyən,
bilik səviyyəsi bir o qədər də yüksək olmayan
laborantlara verilməsi, görəsən, hansı zərurətlə
bağlıdır? Bundan başqa, dövlətə yüksək maliyyə xərcləri
bahasına başa gələn laboratoriyalardan çox nadir
hallarda istifadə olunur. Müşahidələrimiz onu da
göstərdi ki, laborant ştatına işə götürülənlərə onların
vəzifə funksiyaları izah olunmur, iş planı tələb edilmir.
Təəssüf ki, bu problemlər direktorların vəzifə
məsuliyyətlərindən asılı olaraq, məktəblərin bəzisində
az, bəzisində çox olmaqla, demək olar ki, əksər
müəssisələri əhatə edir. Şübhəsiz ki, bu sahədə olan
qanunvericilikdə də müəyyən boşluqlar mövcuddur. Yəqin
ki, Sovet dövrünün məhsulu olan, bəzi saralmış
vərəqləri, öz əhəmiyyətini itirmiş bəzi qaydalarımızı
dəyişməyin vaxtı artıq çatıb. Nəzərə almaq lazımdır ki,
bu məsələ ilə bağlı Təhsil Nazirliyində müəyyən addımlar
atılmaqdadır. Ötən ildən başlayaraq, paytaxt məktəbləri
üçün laborantların seçimi mərkəzləşmiş qaydada aparılır.
Bu seçimdə ixtisas və peşə bacarıqlarına isə xüsusi önəm
verilir. Ancaq eyni zamanda, müəssisə rəhbərlərinin də
üzərinə böyük məsuliyyət düşür. Ölkə rəhbərimizin
istədiyi kimi, müasir tələblərə cavab verən bir təhsil
sistemi qurmaq istəyiriksə hər bir kəs üzərinə düşən
vəzifələri vicdanla, məsuliyyətlə yerinə yetirməlidir.
Görünür, Təhsil Nazirliyinin bu istiqamətdə apardığı
işlər, neqativ hallara qarşı və nizam-intizamla bağlı
atdığı prinsipial addımlar hələ də bəzilərini qəflət
yuxusundan ayıltmayıb.
Yusif Əliyev, Niyazi Rəhimov,
fotolar R.Ziyadovundur,
“Azərbaycan müəllimi” |