Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Heydər Əliyev muzeyində “Naxçıvan” Universitetinin tələbələri üçün “açıq dərs”

 

Böyütmək üçün seçinHeydər Əliyev muzeyində “Naxçıvan” Universitetinin xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev və dövlətçilik siyasəti” mövzusunda “açıq dərs” keçirilib.

İngilis dilində keçirilən “açıq dərs”də universitetin xarici dillər fakültəsinin dekanı Hüseyn Bağırsoylu tələbələrə məlumat verərək bildirmişdir ki, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə tarixi minillərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində ulu öndərin ölməz işıqlı obrazı    yaşayır.   Dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyevin parlaq fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var.

Vurğulanıb ki, xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndərimiz Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə, yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. 1982-87-ci illərdə fövqəl dövlət olan keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi ən çətin və mürəkkəb sahələrə nəzarət edən ümummilli liderimiz müstəsna təşkilatçılığı, siyasi uzaqgörənliyi, iti zəkası və qibtəolunası işgüzarlığı ilə xalq arasında böyük hörmət və şöhrət qazanmış, Heydər Əliyev fenomeni xarici dövlətlərin tanınmış siyasi liderlərinin, kütləvi informasiya vasitələrinin daim diqqət mərkəzində olmuşdur.

Tələbələrin diqqətinə o da çatdırılmışdır ki, Heydər Əliyev ölkə daxilində sabitlik yaratmaq, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, dövlətçiliyimizə qarşı sui-qəsdlərin qarşısını almaq, xalqın həyat səviyyəsini yaxşılaşdırmaq sahəsində müxtəlif tədbirləri həyata keçirməklə bərabər, eyni zamanda dünya azərbaycanlılarının da nümayəndələri ilə görüşmüş, qayğı və problemlərini öyrənmiş, onlara öz milli dövlətləri ilə daha yaxından əlaqə saxlamağı, dövlət quruculuğu prosesində fəal iştirak etməyi tövsiyə etmişdir.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılmış, onlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və fotoşəkillərlə tanış olmuşlar. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov