Oktyabrın
15-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali
məktəblə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC)
arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində AzTU-nun
rektoru, professor Havar Məmmədov Azərbaycan Prezidenti
İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini
vurğulayıb.
Rektor bu il oktyabrın 12-də Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının
sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında ölkənin ayrı-ayrı
sahələrinin inkişafı ilə bağlı qarşıya çox mühüm
vəzifələr qoyulduğunu xatırladıb.
Müasir dünyada elmin, təhsilin, texnologiyanın mühüm
rolunu qeyd edən professor H.Məmmədov rəhbərlik etdiyi
AzTU-nun fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat
verib, bu ali məktəbdə təhsilin inkişafı üçün
reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan
danışıb.
Rektor ali təhsil müəssisələrində müasir tələblərə cavab
verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının
zəruriliyini diqqətə çatdırıb, AzTU ilə “Bakı
Metropoliteni” QSC arasında elmi-texniki əməkdaşlığın
əhəmiyyətini vurğulayıb.
“Bakı Metropoliteni” QSC İnsan Resursları və Xidmət
Departamentinin rəisi Tərlan Dadaşov təmsil etdiyi
qurumda həyata keçirilən yeniliklər barədə danışıb,
müəssisədə bacarıqlı mütəxəssislərə önəm verildiyini
diqqətə çatdırıb.
T.Dadaşov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
ilə Azərbaycan Texniki Universiteti arasında
əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.
Sonra iki müəssisə arasında müqavilə imzalanıb.
Sənəddə təcrübə mübadiləsinin aparılması, ixtisas
səviyyəsinin artırılması məqsədilə kursların təşkili,
mütəxəssis hazırlığı, birgə tədbirlərin keçirilməsi və s.
məsələlər nəzərdə tutulur. |