Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

NDU-da TEMPUS proqramı çərçivəsində turizmlə bağlı təlim

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” adlı Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində   üçgünlük təlim keçirilib. 2012-ci ildən icrasına başlanılan və 30 universitetin təmsil olunduğu layihənin əsas məqsədi davamlı turizmin idarə olunması üzrə kurikulumların müasirləşdirilməsi və davamlılıq prinsipləri haqqında birgə anlayışı inkişaf etdirməkdir.

Təlim başlamazdan əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sözügedən layihənin rəhbərləri ilə görüşüb, təlimin işinə uğurlar arzulayıb. Rektor universitetin keçdiyi inkişaf yolu, həmçinin beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib. Avropa təhsil prosesini özündə əks etdirən TEMPUS proqramının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 7 layihənin iştirakçısı olması, Türkiyə universitetləri ilə qarşılıqlı müəllim və tələbə mübadiləsini nəzərdə tutan “Mövlana” Mübadilə Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, ERASMUS MUNDUS, ERASMUS-HUMERİA proqramları təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir.

“Bu cür təlimlər əməkdaş universitetlərin bakalavr və magistr tələbələri üçün olduqca faydalıdır və gələcəkdə belə layihələrin davamı olacaqdır”. Bu fikirləri layihənin Naxçıvan Dövlət Universiteti üzrə yerli koordinatoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov çıxışında səsləndirib.  

Layihənin meneceri, Almaniyanın Yade Tətbiqi Elmlər Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Gila Altmann və layihənin rəhbər komitəsinin üzvü, birinci işçi qrupun rəhbəri, Almaniyanın Vorms Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor, doktor  Knut Scherbag çıxışlarında layihənin müddətinin daha bir il uzadıldığı, sözügedən layihə bitdikdən sonra da universitetlərarası əməkdaşlığın davam etdirilməsi ilə bağlı məsələlərə toxunub, layihə çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat veriblər.

Görüşdən sonra təlim öz işinə başlayıb. Təlimin keçirilməsində əsas məqsəd turizm üzrə müasir Avropa təhsil təcrübəsini iştirakçılara çatdırmaqdır. Təlimdə layihənin Azərbaycan üzrə tərəfdaş təşkilatları sırasında olan - Azərbaycan  Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri-müəllim və magistrlər  iştirak edirlər.

Qeyd edək ki, üç gün davam edən təlimdə “destinasiya menecmenti”, “davamlı turizm”, “ekoturizm” və s. modullar üzrə seminar məşğələləri keçirilib, müzakirələr aparılıb. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov