Bakı Dövlət Universitetində 14-cü Bakı yapon dili
natiqlik müsabiqəsi keçirilib. Müsabiqə BDU-nun Uzaq
Şərq dilləri və ədəbiyyatı kafedrası və Yaponiyanın
Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Azərbaycan və Yaponiyanın Dövlət himnlərinin
səslənməsindən sonra BDU-nun rektoru, akademik Abel
Məhərrəmov rəhbərlik etdiyi ali məktəb, onun beynəlxalq
əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı
barədə məlumat verib. Rektor BDU-da yapon dili və
ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində
açıldığını deyib, Azərbaycan-Yaponiya elm, təhsil
əlaqələrinin genişləndirilməsi barədə fikirlərini
diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyəti barədə danışan
rektor Abel Məhərrəmov iştirakçılara uğurlar arzulayıb.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi
çıxışında ölkələrimiz arasında əlaqələrin inkişaf
etdiyini vurğulayıb, müsabiqənin Azərbaycanda yapon
dilini öyrənən tələbələrin yapon dili bacarıqlarını
dinləməsi üçün gözəl fürsət olduğunu bildirib.
Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının
müdiri dosent Oqtay Cəlilbəyli artıq ənənə halını almış
müsabiqənin əhəmiyyətindən danışıb, rektor Abel
Məhərrəmova və səfir Tsuquo Takahaşiyə təşəkkürünü
bildirib.
Tədbirdə iştirakçıların, münsiflər heyətinin və
aparıcıların təqdimatı keçirilib, müsabiqənin
keçirilməsi qaydaları izah edilib. 16 tələbə çıxışında
öz bacarığını nümayiş etdirib. Müsabiqə 2 yarımhissədən
ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında
qurulub.
Sonda nəticələr elan edilib, təltifolunma mərasimi
keçirilib. İlk yerin sahibi Bakı Dövlət Universitetinin
tələbəsi Xəyal Abdullayev olub. O, Moskva Beynəlxalq
Tələbələrin nitq müsabiqəsində çıxış etmək hüququ
qazanıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |