Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid
elektron idarəetmə platforması olan “Elektron
universitet” modelinin tətbiqi ilə bağlı universitetin
rəhbər heyəti ilə görüş keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov yeni model və
onun tətbiqi barədə məlumat verib. Bildirib ki, ilkin
mərhələdə universitetin əsas tədris binasında bütün
tədris prosesi tam elektronlaşdırılıb. Yeniliklə bağlı
müəllimlərə təlimlər keçirilib. Bundan sonra da əlavə
informasiyaya ehtiyacı olanlara mütəxəssislər tərəfindən
yardım ediləcək. Noyabrın 1-dən etibarən isə əsas binada
tədris prosesi yalnız yeni qaydalarla aparılacaq.
Daha sonra struktur rəhbərlərinə yeni modelin
xüsusiyyətləri ilə bağlı təqdimat keçirilib. Bildirilib
ki, sadə iş prinsipindən ibarət olan sistemin bazasına
tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat
yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar,
fənlərin təqvim-tematik planları, tələbələrin fərdi
tədris proqramları daxil edilib. Sistem daxilində eyni
zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan
sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə
çıxışı olan elektron tribunalar quraşdırılıb. Bununla da
kağız üzərində jurnal elektron jurnalla əvəz edilmiş
olur. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk
15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini
yoxlaya biləcək. Bu isə semestrin sonunda tələbənin
dərsə davamiyyətini və seminar ballarını avtomatik
hesablamağa şərait yaradacaq. Gələcəkdə tələbələr mobil
telefon vasitəsilə də sistemə daxil ola biləcəklər.
Yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni
proqram təminatı müəllimin bütün mühazirələrinin onun
kabinetində yerləşdirilməsi ilə bağlıdır. Həmin
mühazirələr və dərs vəsaitləri tədris metodiki planlara
uyğun olaraq həyata keçiriləcək. Tədris metodiki planlar
isə sillabuslara uyğunlaşdırılacaq. Bu yenilik tələbəyə
öz işçi kabineti vasitəsi ilə müəllimin kabinetinə
girərək mühazirədən yararlanmağa imkan verəcək.
Rektor Ə.Muradov “Elektron universitet” modelinin tədris
prosesinə verəcəyi faydalardan danışıb. Qeyd edib ki,
yeni sistem müəllimin şəxsi kabinetində yerləşdirdiyi
dərs materialının ictimai müzakirəyə çıxmasına imkan
yaradacaq.
“Elektron universitet” vasitəsi ilə müəllimlərin
reytinqini müəyyənləşdirmək mümkün olacaq. Reytinq
elmi-pedaqoji və şəxsi inkişaf fəaliyyətinə dair
müəllimlərin kabinetlərində yerləşdirdikləri
məlumatlara uyğun olaraq müəyyənləşdiriləcək. Ə.Muradov
əlavə edib ki, “Elektron universitet” modeli gələn ildən
etibarən bütün universitetdə tətbiq olunacaq. “Keyfiyyət
ili” çərçivəsində reallaşdırılan model ölkəmizdə ilk
dəfə UNEC-də tətbiq olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Marketinq və Kommunikasiya Departamenti |