Oktyabrın 13-də 5 nömrəli Bakı Peşə Liseyində
“Mehmanxana inzibatçısı” ixtisası üzrə kadrların
hazırlanmasına dair yeni layihənin təqdimat mərasimi
keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov,
“British Council”un Azərbaycan üzrə rəhbəri Elizabet
Vayt, Abşeron Otellər Qrupunun idarəedici direktoru Mark
Ehler iştirak ediblər.
Təhsil Nazirliyinin “British Council” və Abşeron
Otellər Qrupu ilə əməkdaşlıqda birgə icra etdiyi
layihənin əsas məqsədi 5 nömrəli Bakı Peşə Liseyində
“Mehmanxana inzibatçısı” ixtisası üzrə yeni proqram
həyata keçirməkdir. Həmin proqram müəllimlərin
potensialının artırılmasına, milli standartlara və
kvalifikasiyalara uyğun kurikulumun hazırlanmasına və
şagirdlərin praktik bacarıqlarının inkişafına əsaslanan
təcrübə proqramlarının həyata keçirilməsinə imkan
yaradacaq.
Dövlət-biznes əməkdaşlığını özündə birləşdirən bu
layihə çərçivəsində şagirdlər təhsil aldıqları müddətdə
iş təcrübəsi keçəcəklər. Müəllimlər üçün nəzərdə
tutulmuş təlimlər və kurikulumların hazırlanması
prosesinə isə Böyük Britaniyadan dəvət olunan
mütəxəssislər cəlb olunacaq.
Özəl sektoru təmsil edən tərəflərin iştirakı ilə
reallaşdırılan pilot layihə Azərbaycanın ilk
peşə-ixtisas təhsili müəssisələri tərəfindən model
olaraq istifadə ediləcək.
Layihənin davamlılığını təmin etmək üçün
2016-2017-ci tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində
1 illik “Mehmanxana inzibatçısı” ixtisası üzrə müasir
təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
www.edu.gov.az |