Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
 təhsil naziri Mikayıl Cabbarovun çıxışı

 

Böyütmək üçün seçin- Möhtərəm cənab Prezident!

Hörmətli toplantı iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun Sizin tərəfinizdən inamla davam etdirilməsi nəticəsində son illərdə dünyada baş verən dərin siyasi və iqtisadi böhranlara baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik, iqtisadi inkişaf göstəriciləri qorunub saxlanılmış, əhalinin ümumi rifah halı yaxşılaşmışdır.

Hesabat dövründə təhsil sistemində də bir sıra yeniliklər baş vermiş, Sizin sayənizdə təhsilimizin gələcəyinə nikbin baxmağa yeni imkanlar və əlverişli şərait yaranmışdır.

XXI əsr “bilik iqtisadiyyatı” əsri adlandırılır. Yaşadığımız dövrdə yüksək dəyərə malik yeni məhsulların yaradılması üçün həlledici amil olan insan kapitalının inkişafı ön plana çəkilir. Ölkələr arasında rəqabət təbii resurslara sahib olmaq üzərindən tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir.

2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

Bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir. Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Bu baxımdan, cənab Prezident, Sizin siyasi iradənizlə mürəkkəb iqtisadi şəraitdə “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzalanan Sərəncam ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım olmuşdur. Sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır.

Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşmışdır. Eyni zamanda, Bakı şəhərində müəllimlərin həftəlik orta dərs yükü artırılmış və şagird-müəllim nisbətində də əsaslı irəliləyişə nail olunmuşdur. Bu göstərici 2012/2013-cü tədris ili ilə müqayisədə, 2014/2015-ci tədris ilində 10:1-dən 12:1 nisbətinə qədər yüksəlmişdir.

Diaqnostik qiymətləndirmə, həmçinin hər bir müəllimin zəif və güclü tərəflərini müəyyənləşdirməyə, ixtisasartırma təlimlərinin ehtiyaclarını dəqiqləşdirməyə imkan yaratmışdır. Ünvanlı prinsiplə təşkil olunmuş təlimlərə cəlb edilmiş müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa müvəffəq olmuşdur.

Cənab Prezident, Sizin dəstəyinizlə cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqlarının artırılması planlaşdırılır. Bu layihə Maliyyə Nazirliyi ilə sıx əlaqələndirilir. Beləliklə, bir il müddətində ölkə üzrə məktəb müəllimlərinin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır.

Müəllim peşəsinə savadlı abituriyentlərin marağını artırmaq üçün yüksək bal toplayan tələbələr üçün xüsusi layihə həyata keçirilir və bu tədbirlər qısa zaman kəsiyində öz müsbət nəticələrini vermişdir. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olmuşdur. Əgər bir il bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal toplamışdısa, bu il onların sayı 10 dəfə artaraq 188 nəfərə çatmışdır.

Bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunmuşdur.

Son 3 ildə icbari təhsilin keyfiyyəti davamlı olaraq yaxşılaşır. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 64 faizədək artmışdır. Bununla belə, 14 rayonda hələ də məzunların yarıdan çoxu buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət almışdır. Bu bölgələrdə ciddi tədbirlərə və xüsusi proqramlara ehtiyac vardır.

İlk dəfə ötən tədris ilində XI siniflərin buraxılış imtahanlarına xarici dil əlavə olunmuşdur. Bu qərar nəticəsində gənclərimizin xarici dillərə yiyələnməsi yaxşılaşacaq, müasir elmi və texniki nailiyyətlərə çıxışı asanlaşacaq, ölkədə iqtisadi məhsuldarlıq artacaq və innovasiyaların geniş tətbiqinə nail olunacaqdır.

Təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədi ilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılmışdır. Həmin məktəblərdə ixtisas seçimini etmiş şagirdlərə qeyri-profilli fənlərin dərs saatlarının azalması hesabına seçdikləri istiqamət üzrə daha dərin biliklər veriləcəkdir.

Möhtərəm cənab Prezident!

Bakıdakı 148 nömrəli məktəbdə Bilik günündə müəllim və şagirdlər qarşısında etdiyiniz proqram xarakterli çıxışda gənc nəslin tərbiyəsi, onların milli-mənəvi ruhda böyüməsi, yad təsirlərdən və zərərli təbliğatdan qorunması barədə verdiyiniz tapşırıq və tövsiyələr bizim üçün yol xəritəsi rolunu oynayır. Məlumat vermək istəyirəm ki, 2013-2014-cü tədris ilindən başlayaraq ölkənin bütün məktəblərində ilk dərs vətənpərvərlik mövzusuna həsr olunur. 2015-2016-cı dərs ilində isə məktəblərdə birinci dərslər ilk Avropa Oyunlarının keçirilməsinin, Azərbaycan idmançılarının qazandığı tarixi qələbələrin uşaq və gənclərdə milli iftixar hissinin güclənməsinə əhəmiyyətli təsiri nəzərə alınaraq həmin Oyunlara həsr edilmişdir.

Məktəblərimizdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə də xüsusi önəm verilir. 50 məktəbdə Gənclərin çağırışaqədərki hərbi hazırlıq otaqları təmir edilmiş, müvafiq tədris silah və sursatları ilə təchiz olunmuşdur. Şagirdlərin ordu həyatı ilə daha yaxından tanış olmalarını təmin etmək üçün Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə sıx əməkdaşlıq qurulmuş, hərbi hissələrə şagirdlərin mütəmadi səfərləri təşkil edilmişdir.

İstedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır. Bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılmışdır. Qaliblər arasından ölkəmizi təmsil edəcək komandalar formalaşmış, onlar üçün təlimlər təşkil olunmuşdur. Bunun nəticəsində məktəblilərimiz bu il dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanmışlar.

Artıq paytaxtımız beynəlxalq bilik yarışlarına da ev sahibliyi edir. Bu il dünyanın 80 ölkəsindən 300 məktəblinin iştirak etdiyi 47-ci Beynəlxalq Kimya Olimpiadası Bakı şəhərində keçirilmişdir. 2019-cu ildə Bakı Beynəlxalq İnformatika Olimpiadasını qəbul edəcəkdir.

Keçən tədris ilindən Bakı şəhərinin 88 ümumtəhsil məktəbində 5 yaşlı uşaqlar üçün özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən məktəbəhazırlıq qrupları açılmışdır. Həmin qruplarda bu il birinci sinfə getmiş 3 minə yaxın uşaq təhsil almışdır. Cari tədris ilində həmin şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulur. Məktəbəqədər hazırlıq şagird nailiyyətlərinə ən böyük təsir edən amillərdən biridir.

Azərbaycanda yaşanan müsbət demoqrafik vəziyyət nəticəsində növbəti 5 il ərzində ölkə məktəblərində təhsil alan şagirdlərin sayı 30 faiz artacaqdır. Bu isə öz növbəsində təhsil sisteminin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün yeni yanaşmaları qaçılmaz edir.

Ümumi təhsildə əldə olunmuş uğurlar ali məktəblərə qəbul planında müəyyənləşdirilmiş minimal keçid balını son illərdə ilk dəfə olaraq aşağı salmamaq barədə qərar qəbul olunmasını mümkün etmişdir. Bununla belə, qəbul olunanların sayı keçən illə müqayisədə, demək olar, eyni olmuş, abituriyentlərin orta balı 11 faiz artmış, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil etmişdir. 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olmuşdur.

Ali təhsil sistemində institusional dəyişikliklər davam etdirilmiş, beynəlxalq tələblərə uyğun məzmunca yeni təhsil proqramlarının hazırlanması işinə başlanılmışdır. Ölkənin ali təhsil şəbəkəsinin təkmilləşdirilməsi və müəllim hazırlığı işinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Müəllimlər İnstitutunun 3 filialı ləğv edilmiş, həmçinin keyfiyyətli təhsil verilməsində rəqabətə davam gətirə bilməyən özəl universitetlərin də fəaliyyətinin dayandırılması prosesi davam etmişdir.

Cənab Prezident, Sizin Sərəncamınızla regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq yeni istehsalat və xidmət sahələrinin ixtisaslı kadrlara ehtiyacını təmin etmək məqsədi ilə Mingəçevir Dövlət Universiteti yaradılmış və cari tədris ilindən fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasında tibb təhsilinin inkişaf etdirilməsi məqsədi ilə 2015-ci il 15 may tarixli Sərəncamınızla Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılmışdır. Sizin tapşırığınızla filialın tədris binası qısa müddətdə təmir olunaraq və müasir tədris avadanlıqlarla təchiz edilərək sentyabr ayından dərs prosesi üçün hazır vəziyyətinə gətirilmişdir. Hazırda burada 100 nəfər azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alır.

Ölkənin ali təhsil sistemində yeni mühitin yaranmasına xidmət edən SABAH layihəsi hesabat dövründə fəaliyyətini uğurla davam etdirmiş, cari ildən bu qruplarda təhsil alan tələbələrin sayı 1632-ə çatmışdır.

Cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaqdır. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaqdır.

Möhtərəm cənab Prezident!

İdeya müəllifi olduğunuz “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” üzrə cari ildə 373 nəfər, ümumilikdə isə Proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olmuşdur. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Məzunların işlə təminatı sahəsində təcrübə və karyera layihəsi icra olunur. Layihə çərçivəsində məzunlar bir neçə dövlət və özəl qurumlarda təcrübə keçməyə başlamışlar.

Proqramın cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanmış və hazırda razılaşdırma mərhələsindədir. Yeni proqramda əvvəlki Dövlət Proqramının əhatə dairəsi genişləndirilmiş, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisə cəlb edilməsi, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunmuşdur.

Cari ilin 9 ayında Təhsil Nazirliyi tərəfindən 6 məktəb binası tikilib istifadəyə verilmiş, 2 kollec, 1 ali təhsil müəssisəsinin tədris korpusları əsaslı təmir edilmiş, 27 təhsil müəssisəsində isə əsaslı tikinti və təmir işləri davam etməkdədir.

Cənab Prezident, regionlarda məktəblərin istilik məqsədləri üçün qazla təminatında bəzi problemlər qalmaqdadır. Bununla bağlı tərəfimizdən aidiyyəti qurumlar qarşısında bir neçə dəfə məsələ qaldırılmış, lakin yerli büdcələrdə vəsait çatışmazlığı səbəbindən problem həll olunmamış qalmışdır. Yerləşdikləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə baxmayaraq, qaz sayğaclarının olmaması ucbatından 128 təhsil müəssisəsinin qazanxanasına qaz xəttinin çəkilməməsi səbəbindən 79 məktəb istiliklə təmin olunmamışdır. Nəticədə əziyyət çəkən uşaqlar olur. Müşahidələr göstərir ki, kənd yerlərində qış aylarında təhsildən yayınma hallarının əsas səbəblərindən biri istilik təchizatının dayanıqlı olmaması ilə bağlıdır.

“Bakı-2015” Birinci Avropa Oyunları qürurverici və möhtəşəm hadisə kimi xalqımızın yaddaşında və milli dövlətçilik tarixində əbədi olaraq qalacaqdır. Fəxri kürsüyə yüksəlmiş idmançılarımızla yanaşı, 17 min tələbə könüllünün əməyi və fədakarlığı, cənab Prezident, Sizin və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən dəfələrlə xüsusilə vurğulanmış, onların vətəndaşlıq mövqeyi nümunə kimi göstərilmişdir.

Təhsil sistemindəki korrupsiya və digər neqativ hallarla mübarizə fəaliyyətimizin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. Bu iş iki istiqamətdə - birincisi, ayrı-ayrı faktlar barədə müvafiq araşdırmaların aparılması və ikincisi, neqativ halların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində aparılır. Belə ki, cari ilin 9 ayının yekunu üzrə 7 cinayət əlaməti olan fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilmiş, vətəndaşların şikayətlərində göstərilən hallar təsdiqləndiyi üçün 18 nəfər vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdir.

Lakin korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir. Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir.

Təhsil Nazirliyi, əlavə ştatlar tələb olunmadan daxili ixtisarlar hesabına peşə təhsili sisteminin yenidən qurulması və işəgötürənlərin tələblərinə cavab verən, əmək bazarında dəyişən şəraitə çevik və adekvat təklif verməyə qadir ilk peşə-ixtisas proqramlarının işlənib hazırlanması üçün Peşə Təhsili Dövlət Agentliyinin yaradılması təklifini irəli sürmüşdür. Hesab edirik ki, gənclərin tələbat olan işçi ixtisaslarına yiyələnməsi üçün yeni mexanizmlər axtarılıb tapılmalıdır. Bununla yanaşı, ümumi təhsil müəssisələrində IX sinfin yekununda yüksək akademik nailiyyətlər əldə etməyən şagirdlər üçün peşəyönümlü siniflərin yaradılması konsepsiyası üzərində işə başlanılmışdır.

Möhtərəm cənab Prezident!

Bir neçə gün əvvəl Sərəncamınızla Müəllimlər Günü münasibətilə bir sıra təhsil işçisini fəxri adlara və dövlət təltiflərinə layiq gördünüz. İcazə verin, çoxminli təhsil kollektivi adından göstərdiyiniz diqqət və etimada görə Sizə dərin təşəkkürümü bildirim.

Diqqətinizə görə təşəkkür edirəm!

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov