*
Bu il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu,
özlüyündə böyük göstəricidir. Çünki dünyada və bölgədə
gedən proseslər göz qabağındadır. Həm bölgədə, həm
Avropada böhran yaşanır, iqtisadi, hərbi, siyasi böhran.
Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki,
böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan
ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət
aparılır.
* Biz son illər ərzində aparılan islahatlar nəticəsində
bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil
siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas
məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini
qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda
təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik.
Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və
sübut edir ki, biz düzgün yoldayıq.
* Bu il sosial sahədə bir çox uğurlu layihələr icra
edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun
yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii
ki, azalır, ancaq biz sosial infrastrukturun
yaradılmasına bu il də kifayət qədər böyük vəsait
ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb,
26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı
şəkildə təmir edilib. Bu da bizim niyyətimizi,
siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi
diqqət mərkəzində olacaqdır.
* Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan
67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş
yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən
bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf
modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki
Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın
rifahının artması nəticəsində çox müsbət demoqrafik
vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan
doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz
yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər
görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf
strategiyamız müəyyən edilməlidir. Əminəm ki, belə də
olacaq.
* Daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur.
Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da
təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır,
müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu
artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan
vasitəçilər.
* Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı.
Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı
diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi
ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim
ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə
vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox
işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi
dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq
burada təbii sual yaranır, işğalçılar hansı ərazidə
həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda.
İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə
işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti
Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri
deyil.
* Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və
edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq
prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin
ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi
bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq
hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə
iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk
və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik.
* Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi
sahədə böyük uğurlara imza atıbdır. Regional
təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol
oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim
iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə
icra edilə bilməz.
* Maliyyə nizam-intizamı gücləndirilməlidir.
İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi
hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə
müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da
yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu
da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına
görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün
mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz
qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi
vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet
təşkil etməyən layihələrə vəsaitin ayrılması
dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla
bərabər, vacib olan bütün layihələrə kifayət qədər
vəsait ayrılacaq. Büdcə xərclərinin strukturuna yenidən
baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir.
Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq
təmin edilməlidir.
* Korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi
mübarizə aparılmalıdır. Bu mübarizə aparılır. Ancaq deyə
bilmərəm ki, biz istədiyimizə tam nail ola bilmişik.
Əlbəttə ki, inzibati tədbirlər və cəza tədbirləri tətbiq
ediləcək. Bununla yanaşı, sistem xarakterli tədbirlər,
institusional islahatlar aparılmalıdır. Çünki görürük ki,
inzibati tədbirlər və cəza tədbirləri bir çox hallarda
öz səmərəsini vermir, müvəqqəti xarakter daşıyır, bəzi
hallarda insanların dəyişməsi o qədər də böyük səmərə
vermir. Ona görə, sistem xarakterli islahatlar davam
etdirilməlidir, yeni təkliflər verilməlidir və əlbəttə
ki, “ASAN xidmət”in təcrübəsi geniş tətbiq edilməlidir.
* Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən
dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək
onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət
gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik.
Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq
özünü göstərir və müsbətə doğru dəyişikliklər də var.
İnstitusional tədbirlər görülür, islahatlar aparılır və
bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu
dəstək daha da fəal olmalıdır.
* Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur.
Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə
artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə?
Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların
sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir.
Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da
çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki,
hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və
o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır.
* Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə
daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər
böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq,
korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma
olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna
nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ
tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa,
cəzalandırılacaq.
* Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir.
Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan
təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu
da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin
arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir,
nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz
payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim
üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə,
qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl
məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə
neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir
sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi
işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim,
nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər?
Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə
aşağı salmalıyıq. |