Ağdam
rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman
Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan
Kikboksinq Federasiyasının və Ağdam Rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr
arasında peşəkar kikboksinq turniri keçirilib.
Turnirin açılışında çıxış edən Azərbaycan Kikboksinq
Federasiyasının prezidenti Adil Əliyev ölkəmizdə idman
sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət
səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Bildirib ki, ölkə rəhbərliyi tərəfindən ölkəmizdə
idmanın inkişafına xüsusi diqqət və qayğı
göstərilməsinin nəticəsidir ki, artıq Azərbaycan dünyada
idman ölkəsi kimi tanınır.
Regionlarda idmanın digər növləri ilə yanaşı,
kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan
federasiya prezidenti bölgələrdə təşkil olunan
yarışların idmanın gənclər arasında təbliği baxımından
əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki,
bölgələrdə belə tədbirlərin keçirilməsi cəmiyyətdə milli
vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər
arasında idmanın kütləviliyinin artırılmasına xidmət
edir.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda
qaliblər, həmçinin məşqçi və müəllim heyəti, kikboksinq
idman növünün inkişafında göstərdiyi səylərə görə Ağdam,
Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman
idarələrinin nümayəndələri mükafatlandırılıblar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |