Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

"Repetitor köməyi olmadan ali məktəbə qəbul ola bilərəm"

 

Böyütmək üçün seçinBakı şəhəri 220 nömrəli tam orta məktəbin uşaq evindən olan məzun və şagirdləri bu fikirdədirlər 

Artıq 20 ildir ki, 220 nömrəli tam orta məktəb 1 nömrəli uşaq evi ilə əməkdaşlıq edir.  Məktəbin şagirdlərinin  bir hissəsi məhz bu uşaq evinin yetirmələridir. Hazırda burada 100  bu cür uşaq təhsil alır.  Bu barədə məktəbin direktoru Almaz Əsgərova 1news.az-ın müxbiri ilə söhbətdə bildirib.

"Bu cür uşaqlara xüsusi diqqət və qayğı göstərilir, çünki təhsillə yanaşı, biz onlara vətənpərvərlik hissi aşılamağa borcluyuq. Biz əlimizdən gələni edirik ki, onlar valideyn qayğısı və diqqətinin olmamasını  hiss etməsinlər, keyfiyyətli təhsil alsınlar və həyatda  öz yerlərini tapsınlar.  Bu uşaqlar bizim məktəbdə tam orta təhsil alırlar, amma bəzən   9-cu  sinfi  bitirdikdən sonra  kolleclərə də  gedirlər", - deyə məktəbin   direktoru  bildirir.  Onun sözlərinə görə, məktəbdə 2 tipli siniflər mövcuddur.   "Adi siniflər və lisey tipli siniflər. Çox vaxt  biz  bu  uşaqları  lisey tipli siniflərdə yerləşdiririk,  belə ki,  bu siniflərdə  tələblər yüksəkdir, məşğələlər dərinləşdirilmiş proqram əsasında aparılır.  Bütövlükdə məktəbdə 2200 uşaq təhsil alır".  A. Əsgərova qeyd  edib ki,  məktəbin  uşaq evinin yetirmələri olan məzunları   ali təhsil müəssisələrinə daxil olurlar.  Son illərdə   Təbriz  Qəmbərov, Yasin Abbasov,  Ramiz Qənbərov,  Yasəmən Ağayeva,  Aynur İmanova, Azər Məmmədov yüksək bal toplayaraq  ali məktəblərə daxil olublar.  Özü də bu uşaqlar  repetitorlarla  əlavə  hazırlıq  keçməyiblər,  bu, ilk növbədə məktəbdə  yaxşı təlimin, uşaqların özlərinin  intizam və məsuliyyətinin nəticəsidir.  Məktəbin müəllimləri hər zaman  uşaqların bilik səviyyəsini  yoxlayır və onlara  nəzarət edir. 

Direktor qeyd edib ki, uşaq evindən gələnlər psixoloji cəhətdən digər uşaqlardan fərqlənirlər. "Bu cür uşaqlarla  işləmək asan deyil.  Onlarla ümumi  dil tapmaq lazımdır.  Buna  nail olmaq lazımdır ki,  onlar öz qüvvələrinə və gələcəklərinə  inansınlar".

Bu il  uşaq evinin yetirməsi və 220 nömrəli tam orta məktəbin məzunu olan  Elvin Əlirzayev repetitor hazırlığı olmadan  qəbul imtahanlarında 575 bal toplayaraq "ADA" Universitetinin beynəlxalq münasibətlər  fakültəsinə daxil olub.  Elvinin dediyinə görə,  I sinifdən bu məktəbdə oxuyub.

"Universitetlərə qəbul zamanı şagirdlərin qazandığı   müvəffəqiyyət  bu məktəbdə təhsilin  yüksək səviyyədə olmasının göstəricisidir", - deyə o bildirib. Elvin əmindir ki, öz üzərində işləyən istənilən şagird  repetitor olmadan ali məktəbə daxil ola bilər.  "Mən özüm də 500 -dən artıq bal toplayacağıma inanırdım, lakin bu qədər  bal toplayacağımı düşünmürdüm. Azərbaycan dilini,  tarixi,  coğrafiyanı yaxşı bilirdim.  Gələcəkdə magistraturada təhsilimi davam etdirmək istərdim".  Bununla  belə, E.Əlirzayev hesab edir ki, yüksək bal toplamaq üçün 2 il hazırlaşmaq kifayət deyil. "İndi hesab edirlər ki, X və XI siniflərdə 2 il intensiv hazırlaşmaq  ali məktəbə daxil olmaq üçün kifayətdir.  Əslində isə bu cür düşünməklə yüksək nəticələr əldə etmək mümkün deyil, bu cür uşaqlar çox  aşağı bal toplayırlar,  ali məktəbə daxil olmağa isə çox əvvəldən hazırlaşmaq lazımdır", - deyə Elvin bildirir.

Hazırda Azərbaycan Dillər Universitetinin  beynəlxalq münasibətlər  fakültəsinin  IV kursunda  uşaq evinin  digər yetirməsi və 220 nömrəli tam orta məktəbin məzunu olan Yasəmən Ağayeva oxuyur.  "Mən bu məktəbdə V sinifdən oxuyuram.  Hesab edirəm ki, əgər birinci sinifdən  bu məktəbə oxumağa  gəlsəydim,  uğurlarım daha çox olardı.  Məni ali məktəbə daxil olmağa hazırlayan  məktəb müəllimlərimə çox minnətdaram",-deyə Y.Ağayeva bildirib.  O, müəllimləri tərəfindən böyük diqqət gördüyünü qeyd edib.  "Mən heç vaxt özüm və digər uşaqlar arasında  fərq  hiss etməmişəm.  Dərs vəsaitlərini  həmişə ilk növbədə bizə veriblər.  İndi hərdən bura gəlir,  müəllimlərlə görüşürəm", -  deyə Y.Ağayeva  vurğulayıb.  Onun sözlərinə görə,  indi ən başlıca məqsədi yaxşı iş tapmaqdır.  "Ali məktəbdə təhsilimi başa vurduqdan sonra sənədlərimi "ASAN xidmət"ə  dövlət qulluğuna vermək istəyirəm. Özümə inanıram və ümid edirəm ki,  bu arzuma çatacağam". 

Uşaq evinin  digər yetirməsi və 220 nömrəli tam orta məktəbin məzunu Azər Həsənov hazırda  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində  təhsil alır. Azər Həsənov məzunu olduğu məktəbdə uşaq evinin yetirmələrinə xüsusi  diqqət göstərildiyini  qeyd edib.  "Burada təhsil ən yüksək səviyyədədir. Mən repetitor hazırlığı olmadan ali məktəbə daxil ola bildim.  Bu təhsil müəssisəsində təhsil alan uşaq, əgər o, doğrudan da oxumağına diqqət yetirirsə,  çox asanlıqla  ali məktəbə daxil ola  bilər".  Azər  uşaq evlərinin yetirmələrinin  üzləşdiyi çox mühüm bir problemi qeyd edib.   "Xahiş edirəm bir mühüm məsələni işıqlandırasınız.  Uşaq evlərinin  ödənişli əsaslarla ali məktəblərə daxil olmuş yetirmələrinin  təhsil haqqı yalnız o halda ləğv edilir ki, onların  valideyn himayəsindən məhrum edilmələri   haqda  arayışları  var. Axı  uşaq evlərində yaşayan elə uşaqlar var ki,  onlar  valideyn himayəsindən məhrum deyil", - deyən Azər qeyd edib ki,  bu cür  uşaqlar üçün təqaüd almadan  ödənişli əsaslarla oxumaq çox ağırdır.

220 nömrəli tam orta məktəbin X sinfində uşaq evinin digər  yetirməsi Həmid Kazımov da təhsil alır.  O bu il kollecə daxil olsa da,  məktəbə qayıtmağa və təhsilini  burada davam etdirməyə qərar verib.

"Burada təhsil ən güclü səviyyədədir, müəllimlər isə ən yaxşılardır. Mən kollecdə 2 il oxumaq, daha sonra isə ali məktəbə sənəd vermək istəyirdim.  Orada bir neçə gün oxuduqdan sonra  böyük  fərq gördüm və ona görə də məktəbə qayıtmağa qərar verdim" deyən Həmid əlavə edib ki,  "Əminəm ki, repetitor köməyi olmadan ali məktəbə qəbul ola bilərəm". 

www.1news.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov