Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Bölgə xəbərləri

 

Biləsuvarda müəllimlər bayram sevincini bölüşüblər 

Təhsil şöbəsindən  məlumat verilib ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov bildirib ki, rayonun 36 ümumtəhsil məktəbində 13 mindən çox şagird təhsil alır. Son illərdə təhsildə müşahidə olunan müsbət meyillər dövlətin bu sahəyə qayğısı və gərgin müəllim əməyinin nəticəsidir. Bu il 200 məzunun tələbə adını qazanması, onlardan 21 nəfərin 600, 41 nəfərin 500-dən yuxarı bal toplaması rayon təhsil işçilərinin gələcəkdə daha böyük uğurlara imza atacaqlarını deməyə əsas verir.

Bayram münasibətilə müəllimləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev dövlətin müəllim əməyinə yüksək qiymət verdiyini, müəllim adının cəmiyyətimizdə həmişə uca tutulduğunu söyləyib. M.Quliyev dövlətimizin başçısının tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 14 yeni məktəb binasının tikildiyini, 6 məktəb binasının isə əsaslı təmir olunduğunu vurğulayıb. Qeyd olunub ki, təkcə bu il Fondun təşəbbüsü ilə rayonda 100 və 200 yerlik uşaq bağçaları üçün yeni binalar istifadəyə verilib.

Sonda təhsildə fərqlənən müəllimlərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.


Fərqlənən təhsil işçilərinə diplom və hədiyyələr verilib 

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Göyçay rayonunun təhsil işçiləri  ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Rayon təhsil şöbəsindən bildirilib ki, əlamətdar gün münasibətilə keçirilən tədbirdə çıxış edənlər Göyçayın orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verildiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, hazırda rayonun orta məktəblərində 15 min 153 şagirdin təlim-tərbiyəsi ilə 2741 müəllim, 34 məktəbəqədər tərbiyə müəssisəsində isə uşaqların tərbiyəsi ilə 209 tərbiyəçi məşğul olur. Fənn kurikulumlarının tətbiqi ilə əlaqədar rayonun 1500-ə yaxın müəllimi treninqlərdə iştirak edərək müvafiq sertifikat alıb. Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış edirlər. Məlumat verilib ki, cari ildə Göyçayın orta ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1021 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Bu il göyçaylı məzunlardan 619 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Onlardan 308 nəfəri tələbə adını qazanıb. Abituriyentlərdən 83 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Ali məktəblərə daxil olan abituriyentlərdən 68 nəfəri 500-dən yuxarı, 21 nəfəri 600-dən yuxarı bal toplayıb.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müəllimlərdən 7 nəfərin "Əməkdar müəllim", 7 nəfərin "Tərəqqi" medalı ilə təltif edilməsi Göyçay rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.

Sonda işində fərqlənən təhsil işçilərinə diplom və hədiyyələr təqdim olunub.


Neftçalada son illərdə 10 yeni məktəb binası tikilib 

Təhsil şöbəsindən daxil olan məlumatda  bildirilir ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə  həsr olunmuş tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov çıxış edərək Neftçalanın 51 ümumtəhsil məktəbində 9 min 500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1320 müəllimin məşğul olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətin bu sahəyə qayğısı nəticəsində təhsildə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Builki məzunlardan 192 nəfərin ali məktəblərə qəbul olunması, 58 nəfərin 500, 15 nəfərin 600 baldan yuxarı nəticə göstərməsi bunun bariz nümunəsidir.  Rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova bayram münasibətilə müəllimləri təbrik edib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə son illərdə rayonda 10 yeni məktəb binası inşa olunub, 4 məktəb binası əsaslı təmir edilib. Əsaslı təmir olunan 810 yerlik Aşağı Surra kənd orta məktəb binası üçün 10 əlavə sinif otağı da tikilib və bu il istifadəyə verilib.

Tədbirdə  müəllimlər təhsilə, elmə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda qabaqcıl müəllimlərə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.


360 Salyan məktəblisi tələbə adını qazanıb 

Təhsil şöbəsindən bildirilib ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon təhsil şöbəsi müdirinin müavini Xudaverdi Piriyev bildirib ki, rayonda 17 min 959 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim ötən tədris ilini müsbət göstəricilərlə başa vurub. Məzunlardan bir nəfəri qızıl medal alıb, 360 nəfəri ali məktəblərə qəbul olunub, 26 nəfər 600-dən çox bal toplayıb.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, rayonda təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən danışıblar. Qeyd olunub ki, son dövrlər rayonda 10 məktəb üçün yeni bina və əlavə korpuslar tikilib, 13 məktəb binasında əsaslı təmir işləri aparılıb.

Diqqətə çatdırılıb ki, 3 şagird bu tədris ilində  "Olimpiya diplomu" alıb, bir məktəb "İlin məktəbi", iki müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub. Pedaqoji kollektivlərin nümayəndələri ölkədə təhsilin inkişafına və müəllim əməyinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda rayonun qabaqcıl müəllimlərinin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim olunub.


Azərbaycan Dövlət Aqrar Universitetində "dəyirmi masa" 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Aqrar Universitetində  bu il ali təhsil ocağına qəbul olmuş tələbələrin iştirakı ilə vətənpərvərlik mövzusunda "dəyirmi masa" keçirilib. Universitetdən  məlumat verilib ki, "dəyirmi masa"da universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri, dosent Azad Bayramov və başqaları çıxış edərək gənc nəslin təlim-tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışıblar. Diqqətə çatdırılıb ki, bu gün gənc nəsil ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq, vətənpərvər ruhda böyüyür, gündən-günə inkişaf edən müstəqil Azərbaycanın nailiyyətləri ilə fəxr edir.

"Dəyirmi masa"da çıxış edən tələbələr onların təhsilinin, intellekt səviyyəsinin yüksəlməsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edərək, bundan sonra da Vətənə və dövlətə sədaqət göstərəcəklərinə söz veriblər.


Sumqayıt Dövlət Universitetində Ahıllar günü qeyd olunub 

Böyütmək üçün seçinNəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmət və ehtirama layiqdirlər. Əzəl başdan türkün  süfrəsində ağsaqqal, ağbirçək xeyir duası olub. Onların həyat təcrübəsindən, müdrik kəlamlarından bəhrələnən  nəsillər sevgi, mərhəmət hissi ilə  əhatə olunublar.  Bu gün də ağsaqqal, ağbirçək məsləhətinə böyük hörmət və ehtiramla yanaşılır. Professor Həsən Sadıqov, Əvəz Mahmud Lələdağ, Firudun Məmmədov, Səməndər Məmmədov, Rəna Dadaşova və digər ahıllar Sumqayıt Dövlət Universitetində keçirilən tədbirlərdə öz sözlərini, xeyir-dualarını, məsləhətlərini tələbələrə ünvanlayır, onları gələcəkdə cəmiyyətimizi,  elimizi-obamızı dünyada öz bilik və bacarıqları ilə tanıtmaları üçün səsləyirlər. Bu gün tarixin yaddaşına yazılan Ahıllar günü  universitetin rəhbərliyinin də diqqətindən yayınmadı. Hər bir fakültədə bayram süfrəsi açılıb.

SDU-nun mətbuat xidmətindən bildirilib ki, oktyabrın 1-də belə bir tədbirin keçirildiyi fakültələrdən birində - fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamilla Əhmədova   öncə qocaman müəllimləri təbrik edib, onlara cansağlığı, uzun ömür arzulayıb. Bildirib ki,   ölkəmizdə 1993-cü ildən Beynəlxalq Ahıllar Gününün qeyd olunması ulu öndər Heydər Əliyevin ahıl insanlara göstərdiyi böyük diqqət və qayğısının nəticəsidir. Sevindirici haldır ki, ölkə başçısı cənab İlham Əliyev də ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirir.

Fakültələrdə təşkil olunmuş bayram süfrəsi ətrafında keçən maraqlı söhbətlər ahıl insanlara fərəhli anlar yaşadıb və onlar  universitet rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.


Gəncə Dövlət Universitetində intellektual çempionat yarışına start verilib 

Böyütmək üçün seçinGəncə Dövlət Universiteti tələbə gənclər təşkilatının təşəbbüsü ilə gənclər arasında "İntellektual çempionat" adlı yarışmaya start verilib. Universitetdən məlumat verilib ki, bir ay davam edəcək yarışmanın keçirilməsində əsas məqsəd tələbələrin intellektual biliklərini üzə çıxarmaq, onları elmin sirlərinə daha dərindən bələd olmağa həvəsləndirməkdir.

İlk turda iqtisadiyyat və idarəetmə fakültəsinin "Kəpəz" komandası daha yaxşı çıxış edərək yüksək bal toplayıb. Növbəti tur oktyabrın 15-də keçiriləcək.

Yarışmada qalib gələn komandaya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunacaq.

Buna görə də komandanın hər bir üzvü məsuliyyət daşıyır və qalib olmaq üçün ciddi  çalışır.


Ağsuda şagirdlərin iştirakı ilə mütaliə günü keçirilib 

Böyütmək üçün seçinSüleyman Sani Axundovun anadan olmasının 140 illiyi münasibəti ilə Ağsu rayon mərkəzi kitabxanasında 3 nömrəli şəhər tam orta məktəbin şagirdlərinin iştirakı ilə mütaliə günü keçirilib.

Təhsil şöbəsindən bildirilib  ki, tədbiri kitabxananın oxu zalının müdiri Mənsurə Qaçayeva açaraq şagirdlərə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında Süleyman Sani Axundovun böyük xidməti vardır. Ədib "Qorxulu nağıllar" (1912-1914) başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin",  "Qaraca qız" əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirib.

Şagirdlər  yazıçının hekayələrindən parçalar oxuyublar.

Sonda tədbir iştirakçıları Süleyman Sani Axundovun anadan olmasının 140 illiyi münasibəti ilə təşkil olunan kitab sərgisi ilə tanış olublar.


Qalib komandalara diplomlar təqdim edilib 

Böyütmək üçün seçinXocavənd rayon 4 nömrəli tam orta məktəbdə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümünə həsr olunmuş "Qürurumuz şəhidlər" adlı intellektual yarış keçirilib.

Təhsil şöbəsindən daxil olan məlumatda  qeyd  olunub ki, "İnnovativ Gənclər" İctimai Birliyi və 4 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə keçən yarışda məktəbin komandaları iştirak edib. Yarışda "Zirvə", "Hazırcavablar" və "Vətən" komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb.

İntellektual yarışın qalibləri diplomlarla təltif ediliblər.

 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
sh.cafarov@muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov