Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Müasir nəzəri-pedaqoji ideyalardan pedaqoji prosesdə istifadə imkanları

 

Vidadi BƏŞİROV,
ADU-nun dosenti,  pedaqogika üzrə fəlsəfə doktoru

Bu gün Azərbaycan Respublikasının  təhsili qarşısında böyük vəzifələr durur. Müasir gənclərimizə Azərbaycan mənəviyyatı, dil və ədəbiyyatımız, Azərbaycanın tarixi, coğrafiyası, incəsənəti, habelə zəngin maddi və mənəvi sərvətlərimiz barəsində dərin və hərtərəfli biliklər verilməli, yetişən gənc nəsildə yüksək mədəniyyət, mənəviyyat, vətənpərvərlik hissləri formalaşdırılmalıdır.  Xalqımızın ümummilli lideri Heydər Əliyev bununla əlaqədar deyirdi: "Biz keçmişlərdən fərqli olaraq indi müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırıq və məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək birincisi, mənəviyyatda saf olsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün. Gərək o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər".  Göründüyü kimi, dahi rəhbərimiz ali və ümumtəhsil məktəblərində tərbiyə işinə, mənəvi, əxlaq tərbiyəsi məsələlərinə nə qədər böyük önəm vermiş və bu sahədə qarşıya mühüm vəzifələr qoymuşdur.

 

İslahatların gedişi və ilkin nəticələri göstərir ki, yaranan bir çox pedaqoji məfhumları və hadisələri həm də pedaqogikanın müasir tələbləri çərçivəsində uğurla həll etmək vacib bir tələbdir. Müasir pedaqoji elmin və pedaqoji prosesin zənginləşməsi sahəsində atılan hər bir uğurlu addım onun nəzəri-metodik istiqamətlərinin də ən müasir metodlarla inkişaf etdirilməsini zəruri edir.

Araşdırmalar göstərir ki, bu baxımdan müasir nəzəri-pedaqoji ideyalardan pedaqoji proses təcrübəsində  istifadə mühüm əhəmiyyət kəsb edir.

Bu sahədə tədqiqatçı alimlərimizdən N.M.Kazımovun, H.M.Əhmədovun, Ə.Ə.Ağayevin, Z.İ.Qaralovun, F.A.Rüstəmovun, R.İ.Əliyevin, F.B.Sadıqovun, Ə.Əlizadənin, H.Əlizadənin, F.İbrahimovun, R.Hüseynzadənin, A.N.Abbasovun, dosentlərdən M.İsmixanovun. A.İ.Eminovun, V.Bəşirovun, T.Dadaşovanın, E.Mollayevanın, Ə.Bədəlovanın müasir pedaqogikaya gətirdiyi elmi yeniliklərdəki mütərəqqi nəzəri-konseptual ideyalar indi pedaqoji fəaliyyətdə əməli şəkildə həyata keçirilməkdədir.

Bu tədqiqatçıların yaradıcı fəaliyyətində formalaşan pedaqogikanın nəzəriyyəsi və tarixi aspektlərindən alınan elmi nəticələrdən pedaqoji proses təcrübəsində istifadə üçün çox dəyərli nümunələr gətirmək olar.

Elə birmənalı olaraq demək olar ki, pedaqoji prosesdəki köhnə və müasir stereotipləri islah etməklə, pedaqoji gerçəkliyin həqiqətlərinə yol açmaq baxımından dəyərli ideyalar müəllifi olan professor Nurəddin Kazımovun milli pedaqogikaya gətirdiyi ideyalar Azərbaycanın müstəqilliyi şəraitində çox dəyərlidır.

Professor Nurəddin Kazımov pedaqoji gerçəkliyi əks etdirmə baxımından milli və ümumbəşəri keyfiyyətlərin xarakterik xüsusiyyətlərini, inkişaf qanunauyğunluqlarını, elmi-metodoloji prinsiplərini, onun reallaşdırma yollarını yeni məntiqi üsullarla ümumiləşdirən bir nəzəriyyə vermişdir. "Milli" və "ümumbəşəri" məfhumların mahiyyətinin açılması ilə bağlı yeni mündəricədə anlayış yaratmağın nəzəri məsələlərini ümumiləşdirən professor Nurəddin Kazımov həm bu dəyərlərin tətbiqi imkanlarını, həm də onun işlənmə səviyyəsini, əməli təcrübədə istifadə metodikasını yeni pedaqoji təfəkkür baxımından tətbiq etmişdir.

Milli dəyərlərlə yanaşı ümumbəşəri dəyərlərin də öyrənilməsini zəruri sayan tanınmış pedaqoq ilk dəfə olaraq milli və ümumbəşəri ifadələrə, onların pedaqoji terminologiyasına vətəndaşlıq statusu gətirmiş, digər tərəfdən isə pedaqoji proses təcrübəsində milliliklə bəşəriliyin vəhdəti nisbətində ən çox milliliyə üstünlük verən nəzəriyyəni sübuta yetirmişdir.

Ümumiyyətlə, onun tətbiqi pedaqogikanın əsasları, milli pedaqogikanın metodoloji aspektləri, pedaqoji elmin tədqiqat mövzusu, pedaqoji kateqoriyalar, pedaqoji məfhumlar və pedaqoji anlayışların sistemi, şəxsiyyət problematikası, psixoloji inkişaf və psixoloji qüvvələr paradiqması, pedaqoji qanunauyğunluqlar və qanunlar törəməsi, mərhələli tərbiyə nəzəriyyəsi, pedaqoji ustalıq əlamətləri, müqayisənin universallığı haqqında bitkin elmi-pedaqoji baxışları milli pedaqogikanı zənginləşdirən konseptual ideyalardır.

Respublikada dərin elmi pedaqoji fikir qaynaqlarının üzə çıxarılmasında müstəsna əməyi olan pedaqoji elmlər doktoru, professor Ə.Ə.Ağayevin pedaqoji proses təcrübəsinə gətirdiyi müasir təhsil, təlim, tərbiyə problemlərinin, pedaqoji fikir tarixində yer tutan fəaliyyəti və ideyaları da böyük maraq doğurur.

Onun ötən əsrin 80-90-cı illərində "Yeniləşən cəmiyyətdə təhsil, təlim, tərbiyə məsələləri" problematikasına həsr olunmuş "Fasiləsiz təhsil: problemlər, vəzifələr, yaxud ömür boyu öyrənməli" adlı fundamental səciyyə daşıyan nəzəri-pedaqoji ideyalarında sırf təhsil paradiqmaları dayansa da, bu konsepsiyadakı prioritet istiqamətlərin çoxu məhz elə pedaqoji elmin prinsipləri kimi dərk olunur.

Məsələn, o yazır: "Təhsilin müasir dövrə uyğunlaşdırılması, təlim-tərbiyə prosesinin həyatın tələbləri səviyyəsində qurulması ümumiyyətlə, təhsil sistemində dəyişikliklər edilməsi sahəsində dünyanın bütün qabaqcıl ölkələrində axtarışlar aparılır. Çünki hazırda dünyanın hər yerində məktəb, təlim və tərbiyə sahəsində vahid hökmranlığını itirib, hətta, bəzi tədqiqatçıların, məsələn, polyak alimi Ç.Kupiseniçin fikrincə, məktəb islahatı belə, əgər məktəb həyatda baş verən dəyişikliklərin quyruğunda gedəcəksə, müvəffəqiyyəti ola bilməz. Məktəb dəyişiklikləri, yeniləşməni qabaqlamalıdır, ən azı onunla ayaqlaşmalıdır.

Müasir elm pedaqoji fikrin formalaşmasına təsir göstərən nəzəri ideyalardan müəllim hazırlığında, tələbələrin elmi dünyagörüşünün formalaşmasında müstəsna çıxış yolu kimi faydalanmaq olar. Bu cəhətdən yeni nəzəri ideyalarla çıxış edən professor Əjdər Ağayevin müasir pedaqogika üçün bütövlükdə yeni mahiyyət kəsb edən tövsiyələr, elmi maddələr irəli sürmək, pedaqoji prosesi (yəni, təlimi, tərbiyəni, təhsili və bu zəmindən formalaşan psixoloji inkişafı) diqqət mərkəzinə gətirərək qabaqcıl mövqeyə çıxardan məfhumlardan, kateqoriyalardan, anlayışlar sistemindən və nəhayət, pedaqoji elmin "əlifbası" olaraq meydana gətirməsində uğurlu yenilik kimi qəbul edilməlidir. Ə.Ağayevə görə vəzifəni düzgün yerinə yetirə bilmək üçün əvvəlcə anlayışın özünü dərk etmək, qavramaq tələb olunur.

Professor Ə.Ə.Ağayevin elmi araşdırmaları məhz hərtərəfli, ahəngdar inkişafa malik şəxsiyyət hazırlığı olduğu üçün o, pedaqogikanın bütün sahələrindəki təşəkkül istiqamətlərini özünün əsaslı və isbatlı dəlilləri ilə sübut edərək pedaqogikanı həm bir elm kimi, həm də tədris fənni kimi mahiyyətinə yenilik ruhu gətirən tədqiqatlar müəllifi kimi tanınmasına səbəb olmuşdur. Belə ki, o ilk dəfə Azərbaycan müstəqilliyi şəraitində pedaqogikanın milli intibaha xidmətini, təhsilin informasiyalaşdırılmasında müəllim kadrları hazırlığını, pedaqoji elmlər sistemini təkmilləşdirmədə dünya təcrübəsindəki mütərəqqi texnologiyaların təsirini və s. açıb göstərmişdir.

Bir məsələni də qeyd edək ki, Ə.Ağayev müasir pedaqogika pedaqoji proses təcrübəsində milli və ümumbəşəri dəyərlərə verilən filoloji və sosial yanaşmalardakı qiymətli cəhətləri də yeri gəldikcə nəzərə alır, onlardan istifadə etməyin təlim və tərbiyə prosesindəki əhəmiyyətini vurğulayır. Yəni, problemin digər elmi düşüncə aspektində olan nəticələrinə biganə qalmır, əksinə, müasir pedaqogika pedaqoji proses təcrübəsi üçün bu amillərin də tərbiyələndirici məzmun mənbəyi kimi cəmiyyətin ideya-siyasi maariflənmə işində çox effektiv təsirə malik elmi-nəzəri reallıqlar olduğunu da unutmur.

Müasir pedaqogikada milli və ümumbəşəri dəyərlər, onların vəhdəti barədə fəlsəfi, filoloji, pedaqoji, tarixi nəzəriyyələri, ümumiləşdirmək səyi bu gün pedaqoji proses üçün də önəmli məsələ olub, geniş və qiymətli istiqamətlərdən birini təşkil edir. Bu problemə istər xaricdə, istərsə də ölkəmizdə alim-pedaqoqlarımız çoxlu sayda məqalə və publisistik yazılar həsr etmişlər. Lakin bu işin elmi-nəzəri mahiyyətini daha çox tədqiqat problemləri kimi pedaqoji elmlər doktoru, professor Zahid Qaralov və pedaqogika üzrə elmlər doktoru, professor, Rüfət Hüseynzadə işləmişlər.

Azərbaycan Respublikasının sosial qruplarının milli tərkibinin müxtəlifliyi və bunların hər birinin özünəməxsus mənəvi dəyərlərinin olması onun əsas xüsusiyyətlərindən biri kimi təhlil obyektinə çevirən və ictimai tərbiyə sistemində bu xüsusiyyətlərin nəzərə alınmasını milli birlik yaratmağın mühüm şərtlərindən biri kimi irəli sürən konseptual ideyalardan millilik, millətçilik və beynəlmiləlçilik elementlərinə, yeni mündəricədə dəyər verən belə tədqiqatlardan biri məhz professor Zahid Qaralova məxsus "Tərbiyədə sağlam üçlüklər (3+3+3)" nəzəriyyəsidir. Onun əsas mahiyyəti sxemləşdirmək nümunəsi ilə mühakimələrimizi daha effektiv şərh etmək istəyirəm.

Müəllif yazır: "Göstərmək istəyirəm ki, xalqa ləyaqətlə xidmətin üç əsas göstəricisi var:

1.Xeyirli milli dəyərləri öyrənmək, ona hörmət bəsləmək, inkişaf etdirmək, təbliğ etmək.

2.Ümumbəşəri dəyərləri öyrənmək və onlardan faydalanmağı bacarmaq.

3.Azərbaycan xalqını təşkil edən bütün etnik qruplara sağlam münasibət bəsləmək, milli ayrı-seçkilikdən tam imtina etmək. İnsanlara milli mənsubiyyətinə görə deyil, şəxsi keyfiyyətlərinə görə münasibət bəsləmək".

Tərbiyədə sağlam üçlüklər nəzəriyyəsinə istinad edən müəllif ilkin olaraq bu işin elmi yenilik kimi pedaqogikaya gətirdiyi milli və ümumbəşəri keyfiyyətlər vəhdətini təmin edən metodoloji prinsip kimi istər fənn tədrisi prosesində, istərsə də dərsdənkənar (orta ümumtəhsil mühitində), istərsə də ali məktəbdə auditoriya məşğələlərində və ondan kənar məşğələlərdə iş prinsipi kimi istifadəyə dair bitkin bir nəzəriyyə yaratdığını görmək mümkündür. Yəni yaxşı insan, kamil vətəndaş yetişdirərkən mənbəyi ailə, məktəb və ictimaiyyət olan; məzmunu milli, ümumbəşəri və dini dəyərlərin vəhdətindən nəşət tapan; metodologiyası insan, təbiət və cəmiyyət vəhdətindən yaranan, nəticədə yüksək milli və ümumbəşəri dəyərlərə çatmaqla əsl vətənpərvər vətəndaş yetişdirməyin elmi-metodoloji əsasları tədqiq edilərək pedaqoji proses üçün əlçatan bir səviyyədə işıq üzü görmüşdür.

Milli və ümumbəşəri dəyərlərin pedaqoji proses təcrübəsində yetərincə istifadə etməyin elmi kredosunu açan tədqiqatçı Rüfət Hüseynzadənin Azərbaycan pedaqoji fikrində milli tərəqqi ideyalarının istər müəyyən tarixi dövrlərdə səciyyələnən və istərsə də müasir pedaqogikada onun işlənmə səviyyəsini araşdıran tədqiqatlarında bu real təcrübəyə tarixi aspektdən pedaqoji dəyər verilmişdir.

Qədim və erkən orta əsrlər dövrünün tərbiyə və təhsili pedaqoji fikir tariximizdə az öyrənilmiş bir sahəsini (professor İbrahim Mollayev istisna olmaqla) tədqiqat obyekti götürən professor R.Hüseynzadə pedaqoji fikir tarixinə yeni bir sistem - tarixiliklə müasirliyin vəhdətini gətirmişdir. O, elmi axtarışlarının maraqlı və əhəmiyyətli cəhətlərini daş kitabələrdən, ilkin məxəzlərdən əxz edərək yazılı və şifahi sənət nümunələri əsasında sanballı faktlar üzə çıxararaq, onları pedaqoji istiqamətdə təhlil-tərkib edərək müasir təcrübə üçün zəruri olan dəyərlərini üzə çıxarmışdır.

Ümumiyyətlə, müasir pedaqogikanın azərbaycançılıq təfəkkürü ilə bağlı elmi nəticələrini və onun pedaqoji proses təcrübəsində ehtiva olunan elmi yeniliklərini belə qruplaşdırmaq olar:

-  pedaqogikanın elmi yeniliklərindən biri:

-  Azərbaycan dövlət müstəqilliyinin tanınmasında;

-  milli təhsil ideyalarının yaranmasında;

- əxlaqi keyfiyyətlərin möhkəmlənməsində;

- milli özünüdərk prosesinin güclənməsində;

-  azərbaycançılıq, türkçülük və islamçılıq mütərəqqi məfkurəsinin formalaşmasında;

-  gələcəyin sağlam nəslinin "fəal vətəndaş" konsepsiyasına qoşulmasında;

-  nəhayət, milli sərvətimizə çevrilən ümummilli liderimiz Heydər Əliyevin zəngin ideya-mənəvi irsinin üzə çıxarılmasında təzahür etmişdir.

Beləliklə, müasir pedaqoji fikrin pedaqoji elmə gətirdiyi elmi yeniliklərin nəticələrindən indi milli özünüdərk prosesinin getdikcə dərinləşdiyi bir dövrdə pedaqoji proses təcrübəsi qarşısında dayanan əsas vəzifələrdən biri kimi müasir həyat hadisələri ilə vəhdətlə götürülərək, gənc nəslin bu irsdən faydalanmaq imkanlarını xeyli təkmilləşdirmək olar.

Gəldiyimiz elmi nəticə budur ki, müasir pedaqoji elmlər sisteminin daha sıx əlaqəliliyi təmin olunmalıdır. Bu məqsədlə bütün pedaqoji tədqiqatların mayasında müasirliyin tarixiliklə vəhdətdə nəzərdən keçirilməsi nizamlanmalıdır.

Pedaqogikada mübahisə doğuran, şübhəli qalan, mücərrəd səviyyədə dərk olunan problematik məsələlərdə elmi həqiqəti tam açmaq üçün nəzəri və tətbiqi pedaqogika müddəalarının tənqidi təhlili aparılmalıdır.

-  pedaqoji elm və onun işlək sahəsi olan pedaqoji proses kateqoriyalarına olan birmənalı münasibət yönümü vahid məcrada öz həllini tapmalıdır.

-  pedaqogika dərsliklərinə zərurət yarandıqda yeni, müasir mövzular salınmalıdır.

-  pedaqoji prosesin qanunauyğunluqlarına istinadən pedaqoji elm yeni-yeni nəzəriyyə və əməli fəaliyyət sisteminə yol açmalıdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov