Sual:
Təhsil prosesinin iştirakçıları kimlərdir?
Təhsilverənlərin hüquq və vəzifələrinə nələr daxildir?
Cavab:
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun
31-ci maddəsinə görə təhsil prosesinin iştirakçıları
aşağıdakılardır:
1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr,
kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və
başqaları;
2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər,
assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər,
müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri,
çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar,
loqopedlər, istehsalat təlimi ustaları, praktik
psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq
birliklərinin rəhbərləri, metodistlər, təhsil
müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil
müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji
proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi
işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin
kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili
idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin
əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının
təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil
müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər,
sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə
pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
3. valideynlər və ya digər qanuni nümayəndələr;
4. təhsili idarəetmə orqanları və bələdiyyələr;
5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və
hüquqi şəxslər.
Təhsilverənlərin hüquqları aşağıdakılardır:
1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti,
müasir standartlara cavab verən texnologiyalarla təmin
olunmaq;
2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq
təhsil prosesinin təşkilində və idarə olunmasında fəal
iştirak etmək;
3. tədrisin formasını, metodlarını və vasitələrini
sərbəst seçmək;
4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb
etmək;
5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq
hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
6. ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək,
ixtisas və elmi dərəcəsini yüksəltmək;
7. müəyyən edilmiş hallarda və qaydada
mükafatlandırılmaq və təltif olunmaq;
8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və
onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan
professorlara aylıq əməkhaqqı və əlavələr, digər
güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və
inzibati vəzifədən azad olunmaq şərti ilə
məsləhətçi-professor vəzifəsini tutmaq;
9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları
həyata keçirmək.
Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
1. təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq,
onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə
etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan
Respublikasının müstəqilliyinə, Konstitusiyasına və
qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə,
milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı hissləri aşılamaq;
5. pedaqoji etika və əxlaq normalarına riayət etmək,
müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək;
6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün
formalarından qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi
araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və
məktəbdənkənar tədbirlər keçirmək;
9. qanunvericiliklə müəyyən edilmiş qaydada
attestasiyadan keçmək;
10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək.
Sual:
Əmək məzuniyyəti nədir və əmək məzuniyyətindən
istifadə etmək hüququ nə vaxt yaranır? Pedaqoji və elmi
fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətinin
müddəti nə qədərdir?
Cavab:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 113-cü
maddəsinə görə əmək məzuniyyəti - işçinin normal
istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının
mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla
öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək
Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət
vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə
hesablanır.
Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən
işçinin birinci iş ili üçün əmək məzuniyyətindən
istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı
andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı
işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində
verilməlidir:
a) illik normanın üçdə bir hissəsindən az olmamaqla
pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər
işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və
musiqi rəhbərlərinə, konsertmeysterlərə,
akkompaniatorlara, xormeysterlərə və başqa musiqi
işçilərinə;
b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi
müəllimlərdən başqa);
c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik
psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;
ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil
internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat
məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə
kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə,
hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;
d) sosial müdafiə orqanlarının və səhiyyə
təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul
olan işçilərinə;
e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil
müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər
doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə
və onların elmi işlər üzrə müavinlərinə, elmi
katiblərinə;
ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi
tədqiqat işləri aparan elmi işçilərə.
Aşağıdakı işçilərə isə əmək məzuniyyəti 42 təqvim günü
müddətində verilməlidir:
a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə
müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə,
musiqi rəhbərlərinə, praktik psixoloqlara;
b) metodika kabinetlərinin və mərkəzlərinin
rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;
c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və
xüsusi internat məktəblərinin tərbiyəçilərinə;
ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək
rəhbərlərinə, kütləvi işçilərinə;
d) məşqçi müəllimlərə;
e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil
müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə
doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə
və onların elmi işlər üzrə müavinlərinə, elmi
katiblərinə.
Sual:
Məhkəmədə nümayəndə qismində kimlər iştirak edə
bilər? Qanuni nümayəndələr kimlərdir?
Cavab:
Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin
69-cu maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs
şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən
edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə
bilər.
Məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada
rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs
nümayəndə ola bilər. Tam fəaliyyət qabiliyyəti olmayan,
yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər
məhkəmədə nümayəndə ola bilməzlər.
Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan
Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatları, onların
prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya
qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna
edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.
Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti
olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən
fiziki şəxslərin hüquqlarını və qanunla qorunan
mənafelərini məhkəmədə onların valideynləri, övladlığa
götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxsləri
müdafiə edə bilərlər.
Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan
məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə
aid olan bütün prosessual hərəkətləri təmsil edilən
adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini
bildirən sənədi məhkəməyə təqdim edirlər.
Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və
rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə
verilməsi, iddia tələblərindən tam və ya qismən imtina
edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin
və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması
səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə
aktından şikayət verilməsi, məhkəmə aktının məcburi
icrası tələbləri, qət olunmuş əmlakın və ya pul
məbləğinin alınması ilə əlaqədar nümayəndənin
səlahiyyətləri təmsil olunan tərəfin verdiyi
etibarnamədə xüsusi gostərilməlidir.
Sual:
İddia müddəti anlayışı nədir və necə müəyyən edilir?
Hansı tələblərə iddia müddəti şamil edilmir?
Cavab:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci
maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə
hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə üç il,
daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il,
vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn
tələblər üzrə iddia müddəti 3 il təşkil edir.
Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin
keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa
qəbul edilir.
Əsas tələb üzrə iddia müddətinin keçməsi əlavə tələblər
(zaminlik, dəbbə pulu, beh, saxlama və s.) üzrə iddia
müddətinin keçməsinə səbəb olur.
İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu
bildiyi və ya bilməli olduğu gündən başlanılır. İddia
muddətinin axımı aşağıdakı hallarda dayandırılır:
1. iddianın irəli sürülməsinə fövqəladə və həmin
şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz
qüvvə) mane olduqda;
2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş
silahlı qüvvələrin tərkibində olduqda;
3. müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti)
öhdəliklərin icrası üçün möhlət (moratorium)
müəyyənləşdirdikdə;
4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni
təmsilçisi olmadıqda;
5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər
normativ huquqi aktın qüvvəsi dayandırıldıqda.
İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır
xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia
müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı
müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə
edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia
müddətinin son altı ayında, həmin müddət altı aya
bərabər və ya altı aydan az olduqda isə iddia müddəti
ərzində baş verdikdə üzrlü sayıla bilər.
İddia müddəti aşağıdakılara şamil edilmir:
- şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi
nemətlərin müdafiəsi haqqında tələblər;
- əmanətlərin verilməsi haqqında əmanətçilərin banka
tələbləri;
- fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş
zərərin əvəzinin ödənilməsi haqqında tələblər;
- mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər
cür pozuntularının aradan qaldırılması haqqında
tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə
ilə birləşdirilmiş olmasa belə;
- dövlət və ya bələdiyyə orqanının və ya onların
vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və
ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını
pozmuş aktının etibarsız sayılması haqqında
mülkiyyətçinin tələbləri.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
|