Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Fəxri ad və "Tərəqqi" medalı alan təhsil işçiləri ölkə başçısına minnətdarlıq edirlər

 

Dövlətimizin diqqət və qayğısını hər zaman hiss etmişəm 

Gülnarə İBRAHİMOVA,

Bakı şəhəri 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi, əməkdar müəllim 

1961-ci ildə Bakı şəhərində anadan olmuşam. 1978-ci ildə Səbail rayonundakı 189 nömrəli orta məktəbi, 1985-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmişəm. 1989-cu ildən 6 nömrəli məktəb-liseydə işləyirəm. İki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. 2004-cü ildə Azərbaycan Respublikasının "Təhsil" mərkəzi tərəfindən "Nəsirəddin Tusi" fəxri diplomuna layiq görülmüşəm. 2005-ci ildə təhsildə nümunəvi fəaliyyətimə görə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşam. Bu il isə möhtərəm Prezidentimiz İlham Əliyev öz sərəncamı ilə bir qrup təhsil işçisi kimi mənə də "Əməkdar müəllim" fəxri adını verib. Fəxri ad mənim bayram sevincimi qat-qat artırdı. Kollektivimizin üzvlərindən, yaxınlarımdan, tanışlarımdan çoxlu təbriklər alıram. Təbii ki, bu məni sevindirir və qürurlandırır. Eyni zamanda məsuliyyət hissimi artırır. Bundan sonra da çalışacağam ki, fəxri ada layiq olum.

Dövlətimizin diqqət və qayğısını hər zaman hiss etmişəm. Biz müəllimlərə böyük diqqət və qayğı göstərən möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.


Mükafat almaq çox sevindirici haldır 

Mehriban  SALAHOVA,

Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini 

Hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin böyük bir qrupunun ölkə başçısı tərəfindən fəxri adla, orden və medallarla mükafatlandırılması artıq yaxşı bir ənənə halını alıb. Bu, müəllimlərin əməyinin daim dövlətimizin diqqətində olduğunun ən bariz göstəricisidir. Bu il də xeyli təhsil işçisi mükafatlandırıldı. Mən "Tərəqqi" medalı aldım.

1993-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişəm. 2000-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ikinci ixtisasa yiyələnmişəm.

Pedaqoji fəaliyyətim dövründə müəllimlikdən başlayaraq uşaq birliyi rəhbəri və direktor müavinliyinə qədər müxtəlif vəzifələrdə işləmişəm. Hazırda "Tərəqqi" liseyində çalışıram. Artıq 10 ildir ki, burada direktor müavini vəzifəsini daşıyıram. İşlədiyim müddət ərzində liseyimizin uğurları çox olub. Liseyimiz hələ ilk dəfə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi elan olunandan onda iştirak edib və Prezident sərəncamı ilə pul mükafatı alıb. Düşünürəm ki, burada az da olsa mənim də əməyim olub. Buna görə özümü xoşbəxt hiss edirəm.

Müxtəlif  layihələrdə, bir çox təlimlərdə dəfələrlə iştirak edib sertifikatlar, diplomlar almışam. Məktəb rəhbərliyi tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşam. 2010-cu ildə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşəm. Ən böyük mükafatım isə ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətimə görə təltif olunduğum "Tərəqqi" medalıdır. Sevinirəm ki, dövlətimiz mənim də əməyimi yüksək qiymətləndirib. Bu, mənim  məsuliyyətimi onqat artırır. Bundan sonra daha əzmlə işləmək, ölkəmizin inkişafı və tərəqqisinə bir müəllim, təhsil işçisi kimi öz töhfəmi vermək istəyirəm. Əməyimə verdiyi yüksək qiymətə görə liseyimizin rəhbərliyi və kollektivi  adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Mənimlə birlikdə fəxri ad və medal alan bütün təhsil işçilərini təbrik edirəm.


Bu etimadı layiqincə doğruldacağam 

Amaliya MİRZƏYEVA,

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 

Oktyabrın 2-də gecə saat 24:00-da telefonuma zəng gəldi. Danışan tanışlarımdan biri idi.  "Amaliya xanım, sizi təbrik edirəm! Siz Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmisiniz". Bu xəbər mənim üçün gözlənilməz olduğundan qulaqlarıma inanmadım, həyəcanımdan gözlərim doldu. Yəqin ki, o anlar həyatımın ən gözəl, ən həyəcanlı anları kimi xatirimdə qalacaq.

1953-cü ildə ziyalı ailəsində anadan olmuşam. 1970-ci ildə Bakı şəhərindəki  111 nömrəli orta məktəbi bitirmişəm. Məndə ingilis dilinə həvəs lap uşaqlıqdan oyanmışdı, anam evdə məni bu dildə danışdırardı, çünki o da ingilis dili müəllimi idi. Bu həvəslə mən Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil oldum və oranı 1974-cü ildə fərqlənmə diplomu ilə bitirdim. Elmi şuranın qərarı ilə universitetdə saxlanıldım, bir  müddət işlədikdən sonra ailə vəziyyətimlə əlaqədar  iş yerimi dəyişməli oldum.

1988-ci ildən Bakı şəhərindəki 5 nömrəli  tam orta məktəbdə işləyirəm. İşlədiyim illər ərzində şagirdlərə Şekspir dilini sevə-sevə öyrətmişəm, dəfələrlə rayon səviyyəsində "açıq dərs"lər vermiş və çalışmışam ki, dərslərimi günün tələbləri  səviyyəsində  qurum. Müxtəlif innovativ kurslarda iştirak edərək öz üzərimdə daim çalışıram. Təhsildə olan yeniliklər məni daha da həvəsləndirir, işləməyə sövq edir.

2012-ci ildə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişəm.

Deyirlər insanin əməyinə yüksək qiymət verildikdə o daha da yüksəlir, yaşamaq həvəsi artır. Bu doğrudan da belədir. Müəllimlik şərəfli və müqəddəs peşədir, neçə-neçə ömürlərə pay duşür bir müəllim ömründən, neçə qəlbə nur çilənir. Düşünən beyni, yuxu şirəsi dadmayan gözləri, yorulmayan qolları ilə qazanır bu ömrü müəllim.

40 illik təcrübəyə malik olan bir müəllim kimi bu mükafatı almaq mənim üçün böyük şərəfdir. O gündən telefonum susmur. Yetişdirdiyim şagirdlər məni təbrik edirlər. Qürur duyuram.

Təhsildə aparılan islahatlara, yeniliklərə, təhsil işçilərinə diqqət və qayğısına görə Prezident İlham Əliyev cənablarına öz dərin təşəkkürümü bildirirəm. Söz verirəm ki, bu etimadı layiqincə doğruldacağam.


Bu ad təkcə mənə yox, məktəbimizin bütün kollektivinə verilib 

Çingiz ŞİRƏLİYEV,

Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim 

 1951-ci ildə Sabirabad rayonunun Kalinovka kəndində anadan olmuşam. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişəm. Həmin ildən Əli Bayramlı şəhər 5 nömrəli orta məktəbdə (1972-1976), Əli Bayramlı Pedaqoji Məktəbində (1976-1979), Əli Bayramlı Sənaye Texnikumunda müəllim, əyani şobənin müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini (1979-2005) vəzifələrində işləmişəm. Əli Bayramlı Sənaye Texnikumu ləğv edildikdən sonra Əli Bayramlı Pedaqoji Texnikumunda müəllim, tədris metodika kabinetinin müdiri vəzifələrində çalışmışam. 2006-cı ildən 2008-ci ilə kimi Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbə rəhbərlik etmişəm. 2008-ci ildən isə Şirvan şəhər 16 nömrəli tam orta məktəbin direktoruyam. Pedaqoji elmlər üzrə fəlsəfə doktoruyam.

Rəhbərlik etdiyim Şirvan şəhər 16 nömrəli tam orta məktəb 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dünya Bankının vəsaiti hesabına əsaslı şəkildə təmir olunmuş, ən müasir tələblərə cavab verən kimya - biologiya və fizika laboratoriyaları ilə təmin edilmiş, internet şəbəkəsinə qoşulmuş 3 kompüter kabineti şagirdlərin istifadəsinə verilmişdir. Mənim fikrimcə, belə maddi-texniki bazaya malik  təhsil müəssisəsinin təlimdə zəif nəticə göstərməyə haqqı yoxdur.

Son illərdə məktəbimiz respublika və beynəlxalq layihələrdə, o cümlədən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2010-2012-ci illərdə "Səmərəli məktəb" layihəsində fəal iştirak edən 10 məktəbdən biri olub. Çoxlu uğurlara sahibik, onlardan təkcə birini qeyd edim.

2015-ci ildə məktəbimizin 11-ci sinfini 60 nəfər  şagird bitirib, onlardan 34 nəfəri respublikanın və xarici ölkələrin ali  məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunanlardan 13 nəfəri 500-dən çox,  o cümlədən 7 nəfəri 600-dən çox bal toplayıb. Bütün bu göstəricilərə görə məktəb 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar müəllim" fəxri adı verilib. Mən bu xəbəri ilk dəfə yaxınlarımdan eşitdim və çox sevindim.  Bu ad təkcə mənə yox, məktəbin bütün pedaqoji kollektivinə,  ümumilikdə isə təhsilimizə göstərilən  diqqət və qayğıdır. Təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə  öz adımdan və eləcə də rəhbərlik etdiyim pedaqoji kollektivin adından hörmətli Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Onu əmin edirəm ki, kollektivimiz bundan sonra da əzmlə işləyəcək, gənc nəslin dərin biliklərə yiyələnməsində, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında əlindən gələni əsirgəməyəcəkdir.


"Əməkdar müəllim" adı məni daha da ruhlandırır 

Xoşqədəm ORUCOVA,

Bakı şəhəri Məktəb-lisey kompleksinin müəllimi, əməkdar müəllim 

Respublikamızın müəllimləri hər il oktyabrın 5-də öz peşə bayramlarını qeyd edirlər. Təhsilə və təhsil işçilərinə daim diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz  hər il  bayram ərəfəsində qabaqcıl müəllimlərin bir qrupunu fəxri adlarla və medallarla mükafatlandırır. Bu  il mənim də əməyim ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək "Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm.

1987-ci ildə Bakı  Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra təyinatla Kürdəmir rayonunun Sor-sor kənd  tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışam. 1990-cı ildən bu günə qədər Bakı şəhər Məktəb-lisey kompleksində  biologiya müəllimi işləyirəm. 21 ildir ki, metodbirləşmə sədriyəm.

Şagirdlərimə bilik verməklə kifayətlənmir, həm də onların qəlblərində vətənə, həyata məhəbbət hissi aşılayıram.

Sinifdənxaric və məktəbdənkənar tədbirlər də  fəaliyyətimdə əhəmiyyətli yer tutur. Belə ki, 2010-cu ildən  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə layihəsi olan "22 may - Beynəlxalq Biomüxtəliflik Günü" tədbiri çərçivəsində hər il şagirdlərlə ekoloji dərslər, ekskursiyalar təşkil edir, maarifləndirmə işləri aparıram.

 Bir təcrübəli  müəllim kimi metodiki tövsiyələr də hazırlamışam. 1996-2007-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası  Biologiya bölməsinin qərarı ilə "Azərbaycanın flora və faunası", "Azərbaycanın dərman bitkiləri" və "Bizim parklar" dərnək proqramları təsdiq olunmuşdur.

İndiyədək pedaqoji fəaliyyətim  dövlətimiz tərəfindən  bir neçə dəfə yüksək qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşam. "Ən yaxşı müəllim"  müsabiqəsində qalib gəldiyimə görə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  1 sentyabr  tarixli Sərəncamı ilə mükafatlandırılmışam. Bu günlərdə isə ölkə başçısının sərəncamı ilə "Əməkdar müəllim" fəxri adını almışam. Deyim ki, fəxri ada layiq görülməyim məni daha da  yaxşı çalışmaq üçün ruhlandırır. Bu ad müəllim əməyinə verilən ən yüksək qiymətdir. Möhtərəm Prezidentimizə təhsil işçilərinə göstərdiyi böyük qayğıya görə dərin minnətdarlığımı bildirirəm.  Mən respublikamızın bütün müəllimlərini bayram münasibəti ilə təbrik edirəm.


Sevincimin hədd-hüdudu yoxdur 

Məlahət ƏLƏSGƏROVA,

Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın müəllimi, əməkdar müəllim 

29 ildir ki, doğma Azərbaycan dilinin incəliklərini, ədəbiyyatımızın zənginliyini şagirdlərimə sevə-sevə öyrədirəm. Seçdiyim sənətin vurğunuyam. Daim çalışıram ki, dövlət dilimizi bütün şagirdlərim yüksək səviyyədə mənimsəyə bilsinlər. Bu bir həqiqətdir ki, dilimizin inkişafının yüksək səviyyədə təmin edilməsi daim dövlətimizin diqqət mərkəzində olmuşdur. Təhsildə islahatlar, yeni proqram və layihələrin həyata keçirilməsi, kurikulumun uğurlu tətbiqi biz müəllimləri daim öz işinə can yandırmağa, həvəslə işləməyə sövq edir. Mən də bacardığım qədər bu işdə əmək sərf etməyə çalışmışam. Hələ 2000-ci ildən başlayaraq, təlimi qeyri-Azərbaycan dilində olan məktəblərin 2 , 6, 7-ci sinifləri üçün yazılmış dərsliklərin yenidən işlənməsində, həmin məktəblərin 1, 2, 3, 4-cü sinifləri üçün tərtib edilmiş "İş dəftəri", "Yay tapşırıqları"nın tərtibində çalışmışam. 2011-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanlarına layiq görülmüş, təşəkkürlər almışam.

Son 5 ildə müəllimlik fəaliyyətimlə məşğul olmaqla bərabər, təlimi qeyri-Azərbaycan dilində olan məktəblərin 3-cü (2010-cu il), 5-ci (2012-ci il), 6-cı (2013-cü il), 7-ci (2014-cü il), 8-ci sinif (2015-ci il)  dərslik komplektlərinin də həmmüəllifiyəm.

İndi sevincimin hədd-hüdudu yoxdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin müəllimə, onun fəaliyyətinə göstərdiyi diqqət məni çox sevindirir. Axı müəllim ömrü bir çıraqdır, ona diqqət yetirəndə, qayğı ilə yanaşanda o daha da şölələnər, ətrafına işıq saçar. Biz müəllimlərin ətrafa saçdığı o şölələr isə yetirmələrimizdir. Dövlət tərəfindən yüksək mükafata - "Əməkdar müəllim" fəxri adına layiq görülməyim məni daha da səmərəli çalışmağa ruhlandırır. İnsan əməyinə bu qədər dəyər verilən bir cəmiyyətdə yaşadığım üçün xoşbəxtəm. Bu hissləri mənə yaşadan dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm.


Fəxri ad məsuliyyətimi daha da artırır 

Məsmayə RƏHİMOVA,

Bakı şəhəri 91 nömrəli  tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin  pedaqogikası və metodikası fakültəsini bitirmişəm. 1975-ci ildən pedaqoji fəaliyyətdəyəm. İşlədiyim 40 il ərzində müxtəlif məktəblərdə çalışmışam. Belə ki,  Bakıdakı 158 nömrəli məktəbdə uşaq birliyinin rəhbəri olmuş, 21 nömrəli məktəbdə əvvəlcə tərbiyə işləri üzrə direktor müavini, sonra isə ibtidai sinif müəllimi işləmişəm. 23 ildir ki, 91 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətimi davam etdirirəm.

1983-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşəm. Kurikulumun tətbiqindən bəri I-IV siniflərdə riyaziyyat dərsliklərinin hazırlanmasında iştirak edirəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.07.2010-cu il tarixli 973 nömrəli əmri ilə təsdiq edilmiş "Riyaziyyat 3" müəllim üçün metodik vəsaitin müəlliflərindən biriyəm.

Pedaqoji fəaliyyətimin 40 illiyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülməyim digər mükafatlandırılanlar kimi mənə də böyük sevinc bəxş edib. Biz müəllimlər dövlətimiz tərəfindən təhsilə və təhsil işçilərinə göstərilən böyük qayğı və diqqəti daim hiss edirik. Hər il Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə müxtəlif təltiflərin verilməsi bunun bariz nümunəsidir. Mənə göstərilən etimada görə hörmətli Prezidentimiz İlham Əliyev cənablarına öz minnətdarlığımı bildirirəm. Bu fəxri ad mənim məsuliyyətimi daha da artırır. Mən bir müəllim kimi yaxşı dərk edirəm ki, ibtidai sinif təhsilin özülüdür. Bu özül elə qurulmalıdır ki, ümumi təhsilin digər səviyyələri onun üzərində yüksələ bilsin, vətənə layiq övladlar yetişsin. Bunun üçün elə işləməliyik ki, dövlət qarşısında üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək.

Fürsətdən istifadə edib bu il  fəxri ad alan bütün həmkarlarımı ürəkdən təbrik edirəm.


Həyatda ən böyük mükafatım 

İdris ƏZİZOV,

Salyan rayonu Yuxarı Noxudlu kənd tam orta məktəbinin direktoru 

Mətbuatdan məlum olduğu kimi, bu günlər ölkəmizin təhsil işçilərinin böyük bir qrupu Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkə Prezidenti tərəfindən  mükafatlandırılıb. Onların arasında mən də varam. Layiq görüldüyüm "Tərəqqi" medalı bayram sevincimi qat-qat artırdı. Buna görə də möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. Təxminən 40 illik pedaqoji fəaliyyətim dövründə müxtəlif mükafatlar almışam. Lakin Prezidentimizin sərəncamı ilə aldığım "Tərəqqi" medalı onların hamısından yüksəkdir.

1951-ci ildə Salyan rayonunun Noxudlu kəndində anadan olmuşam. 1968-ci ildə Salyan şəhər 3 nömrəli orta məktəbi bitirmişəm. 1969-1973-cü illərdə Bakı şəhərində Neftayırma zavodunda operator işləmişəm. 1979- cu ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişəm. 1976-cı ildən müəllim işləmişəm. 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşəm. 2007-ci ildən Yuxarı Noxudlu kənd tam orta məktəbinə direktor təyin olunmuşam.

İşlədiyim müddətdə şagirdlərimdə coğrafiya elminə böyük həvəs oyatmışam.Yüzlərlə şagirdim ali məktəblərə qəbul olub və coğrafiya müəllimi kimi mənim sənətimi davam etdirir.

2015-ci ildə rəhbərlik etdiyim məktəbin məzunlarından Ayşən Səfərəliyeva  təhsildə xüsusi nailiyyətlərinə görə qızıl medala layiq görülüb və 654 bal toplayaraq ATU-ya daxil olub.

2015-ci ilin məzunlarından Səbinə Həsənova 636 balla Azərbaycan Dillər Universitetinin tələbəsi olub. 4 məzunumuz isə yüksək balla respublikamızın ayrı-ayrı universitetlərinin tələbəsi adını qazanıb.

Dövlətimizin təhsilə qayğısı bizi daha səmərəli işləməyə sövq edir. Biz bu qayğıya təhsilin keyfiyyətini yüksəltməklə cavab verməyə çalışırıq.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov