İtaliya
"Sandro Teti Editore" Nəşriyyat Evinin direktoru,
beynəlxalq əlaqələr üzrə ekspert Sandro Teti və xanımı
professor Laura Peretti Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun dəvəti ilə
Azərbaycanda səfərdədirlər. Qonaqlar Fondun "İlboyu
bilik" proqramı və "Dünya elmi Azərbaycanda" layihəsi
çərçivəsində bir sıra görüşlər keçiriblər.
Memar Laura Peretti Azərbaycan Rəssamlıq Akademiyası və
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində
memarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün ustad
dərsləri keçib. Azərbaycanda bir sıra memarlıq
layihələrinin müəllifi olan xanım Peretti
landşaftşünaslıq və landşaft arxitekturası haqqında
mühazirə deyib. Professor tələbələrə ölkəmizdə həyata
keçirdiyi layihələr haqqında ətraflı məlumat verib,
memarlığın sirlərindən danışıb.
Sandro Teti Azərbaycan Dövlət İdarəçilik Akademiyasında
"Beynəlxalq münasibətlər" və "Politologiya" ixtisasları
üzrə təhsil alan tələbələrə "Bir sıra Avropa
dövlətlərinin Azərbaycana qarşı həyata keçirdiyi ikili
standartlar siyasəti" mövzusunda mühazirə deyib.
İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə
olduğunu bildirən ekspert bundan sonra da müxtəlif
istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişaf edəcəyinə
əminliyini vurğulayıb.
Bilik Fondu beynəlxalq əlaqələr üzrə ekspert Sandro
Tetinin iştirakı ilə videokonfrans təşkil edib.
"Beynəlxalq aləmdə Azərbaycana qarşı həyata keçirilən
ikili standartlar siyasəti" mövzusunda videokonfransa
Sumqayıt, Mingəçevir, Qəbələ, Lənkəran, Şamaxı, Gəncə və
Bərdədən olan gənclər, yerli ziyalıların nümayəndələri
qatılıblar. İtaliya ilə Azərbaycan arasındakı dostluq
münasibətlərinin tarixindən bəhs edən Sandro Teti bu
əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Ekspert İtaliya Azadlıq hərəkatında həmyerlilərimizin
göstərdikləri qəhrəmanlıqlara görə bütün Azərbaycan
xalqına təşəkkürünü bildirib və onların xatirəsinə həsr
etdiyi kitabı konfrans iştirakçılarına təqdim edib.
Tədbirə qatılanların çoxsaylı suallarına cavab olaraq
ekspert Avropa İttifaqının Azərbaycanla bağlı qəbul
etdiyi son qərəzli qətnamənin heç də bütün Avropa
dövlətlərinin və onların əhalisinin mövqeyini əks
etdirmədiyini bildirib.
S.Teti Bilik Fonduna geniş auditoriya ilə videokonfrans
təşkil etdiyinə görə minnətdarlıq edib.
Bilik Fondunun İnformasiya təminatı sektoru |