Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu
bölgələrdə əhalini maarifləndirmək, dövlətin daxili və
xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi
proseslərin mahiyyətini ictimaiyyətə daha yaxından
çatdırmaq, yerli gənclərin peşə hazırlığını yüksəltmək,
konkret maraq dairələrini genişləndirmək, məşğulluğuna
dəstək vermək məqsədilə Bilik Evləri yaradır.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının
üzvü Kamal Abdullayevin təşəbbüsü və yerli icra
hakimiyyətlərinin dəstəyi ilə Qax və Oğuz rayonlarında
yaradılmış Bilik Evlərinin açılış mərasimi olub.
Hər iki rayonda Bilik Evləri üçün ayrılmış bina təmir
edilib, sinif otaqları zəruri avadanlıq, internet və
dərs ləvazimatları ilə təmin olunub. 2007-ci ildən Bakı
Slavyan Universitetində fəaliyyət göstərən yaradıcılıq
fakültəsinin Bilik Evlərində də fəaliyyəti təmin olunub.
Qax Bilik Evinin açılışında iştirak edən rayon icra
hakimiyyətinin başçısı Musa Şəkiliyev Bilik Fondunun
maarifçilik istiqamətində həyata keçirdiyi layihələrin
səmərəsindən danışıb, xüsusilə bölgələrdə bu istiqamətdə
görülən işlərin ürəkaçan nəticələr verdiyini vurğulayıb.
Tədbirdə
iştirak edən icra başçısının ictimai-siyasi və humanitar
məsələlər üzrə müavini Vəfa Heydərova, rayon təhsil
şöbəsinin müdiri Məmməd Xasıyev, Uşaq Yaradıcılıq
Mərkəzinin metodisti Tünzalə Hacıyeva, Bilik Fondunun
Qax üzrə nümayəndəsi, Əmbərçay kənd ümumi orta
məktəbinin direktoru Rövşən Hədisov bölgələrdə yaradılan
Bilik Evlərinin ali təhsil ala bilməyən gənclərin
inkişafında müstəsna rol oynayacağına əminliklərini
bildiriblər və hər cür kömək göstərəcəklərini də diqqətə
çatdırıblar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki,
rayon sakinləri və ziyalılardan gələn sifarişlər nəzərə
alınmaqla, başlanğıc mərhələdə tədrisin istiqamətləri
müəyyənləşdirilib. İlkin olaraq, ədəbi yaradıcılıq,
xarici maşınlara texniki xidmət ustalarının
hazırlanması, ingilis və rus dili kursu, kompüter
operatoru və elektron kargüzarlıq işləri üzrə kurslar
təşkil olunacaq.
Oğuz Bilik Evinin açılış mərasimində rayon icra
hakimiyyəti başçısının ictimai-siyasi və humanitar
məsələlər üzrə müavini Yusif Naxçıvanski, rayon təhsil
şöbəsinin müdiri Elçin Kərimov, Bilik Fondunun yerli
nümayəndəsi, E.Abdullayev adına 2 nömrəli orta məktəbin
direktoru Anar Nəsibov, yerli ziyalılar və müdavimlər
iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun
dediklərinə görə, yaxın gələcəkdə Astara rayonunda da
Bilik Evi açılacaq. Bərdə, Zərdab, Xaçmaz, Şamaxı,
İsmayıllı və bir çox rayonlar üzrə nümayəndələrimizin
məlumatına görə, yerli əhali bu bölgələrdə Bilik
Evlərinin fəaliyyətə başlamasında çox maraqlıdır. Sosial
sifariş üzrə təlim olunacaq ixtisaslar artırıla bilər.
Gələcəkdə bütün rayonlarımızda açılması planlaşdırılan
Bilik Evlərində yaradıcılıq fakültəsinin də filialları
fəaliyyət göstərəcək.
Qax və Oğuz Bilik Evlərinin hər birində müxtəlif
istiqamətlər üzrə artıq 50-dək gənc dərslərə yazılıb.
Dinləyicilərə yüksək ixtisaslı yerli və xarici
mütəxəssislər dərs deyəcək. İxtisasla yanaşı, Bilik
Evlərinin bütün müdavimləri Azərbaycan tarixi və
mədəniyyəti, ədəbiyyatı, multikulturalizm siyasəti,
eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı
mühazirələr dinləyəcək, "dəyirmi masa"larda və
disputlarda iştirak edəcəklər. Dərslərdə fərqlənən
tələbələrə təqaüd veriləcək. Bilik Evlərində təhsilini
uğurla başa vuran müdavimlərə müvafiq sertifikatlar
təqdim olunacaq.
Xatirə HÜSEYNOVA,
Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri
|