Əsas
məqsədi ölkə əhalisini maarifləndirmək, dövlətin daxili
və xarici siyasətini, ictimai-siyasi, sosial-iqtisadi
proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq olan
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu ilə təhsil siyasətinin həyata keçirilməsinə
mətbu sözün vasitəsi ilə hərtərəfli dəstək verən Təhsil
Nazirliyinin orqanı "Azərbaycan müəllimi" qəzetinin
redaksiyası arasında birgə əməkdaşlıq barədə razılıq
əldə olunub. Bununla əlaqədar oktyabrın 6-da
redaksiyamızda Bilik Fondunun icraçı direktoru Oktay
Səmədovun rəhbərliyi altında Fondun bir qrup əməkdaşı
ilə görüş keçirilib. Görüşdə Fondla redaksiya arasında
birgə əməkdaşlığa dair fəaliyyət planı müzakirə edilib.
Qonaqları salamlayan və onların redaksiyamıza
gəlişindən məmnunluğunu bildirən "Azərbaycan müəllimi"
qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə Bilik
Fondunun fəaliyyət göstərdiyi qısa bir dövr ərzində bir
sıra layihələrə imza atdığını, səmərəli işi ilə ölkə
ictimaiyyətinin dərin rəğbətini qazandığını bildirib.
Fondun təhsil sahəsində də maraqlı proqramlar
reallaşdırdığını vurğulayan baş redaktor redaksiyanın
bu istiqamətdə Fondla əməkdaşlıq etməkdə maraqlı
olduğunu, birgə əməkdaşlığın əhəmiyyətini diqqətə
çatdırıb və bunun hər iki qurum üçün faydalı olacağına
əminliyini ifadə edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səmimi
qarşılanmaya görə redaksiya rəhbərliyinə və kollektivə
təşəkkür edib, birgə əməkdaşlığın onlar tərəfindən də
yüksək dəyərləndirildiyini, bunun üçün hər iki tərəfin
kifayət qədər potensialı və imkanları olduğunu söyləyib,
Fondun həyata keçirdiyi layihələr, xüsusən də təhsillə
bağlı proqramları barədə məlumat verib.
Sonra birgə əməkdaşlığa dair fəaliyyət planının layihəsi
müzakirə olunub, bir sıra maraqlı təkliflər irəli
sürülüb. Geniş müzakirələrdən və bəzi əlavə və
dəqiqləşdirmələrdən sonra qəbul olunan birgə fəaliyyət
planında Bilik Fondunun fəaliyyəti ilə bağlı olan
tədbirlərin "Azərbaycan müəllimi" qəzetində
işıqlandırılması, hər iki qurumun təşkilatçılığı ilə
şagird və tələbələr arasında müxtəlif məzmunlu bilik və
yaradıcılıq yarışlarının, müsabiqələrin keçirilməsi və
nəticələrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunması, hər iki qurumun əməkdaşlarının birgə iştirakı
ilə təhsildə olan yeniliklərin ölkə ictimaiyyətinə
çatdırılması məqsədilə təhsil müəssisələrinə
mediaturların təşkili, təhsil sisteminin ictimaiyyəti
ən çox maraqlandıran istiqamətləri ilə bağlı
mütəxəssislərin iştirakı ilə birgə "dəyirmi masa"ların
keçirilməsi nəzərdə tutulur. Fəaliyyət planında habelə
Bilik Fondu ilə birgə təhsilin müxtəlif istiqamətləri
ilə bağlı "Azərbaycan müəllimi" qəzetinin xüsusi
buraxılışlarının hazırlanması, təhsildən yazan
jurnalistlər, o cümlədən "Azərbaycan müəllimi"
qəzetinin əməkdaşları üçün tədris səfərlərinin,
seminarların təşkil olunması, bölgələrdə maarifləndirici
konfransların keçirilməsi, təhsilin müxtəlif aktual
problemləri ilə əlaqədar sorğuların aparılması və
nəticələrin qəzetimizdə dərc edilməsi də öz əksini
tapıb. Əldə olunan razılaşmaya görə, müəllim peşəsinin
təbliği ilə bağlı birgə təbliğat işlərinin aparılması,
yerlərdə oxucu konfranslarının keçirilməsi, Azərbaycana
dəvət olunmuş xarici ölkələrin təhsil və mətbuat
işçilərinin "Azərbaycan müəllimi" qəzetinin kollektivi
ilə görüşlərinin təşkili, qəzetin əməkdaşlarının Bilik
Fondunun layihələrində iştirakı və s. kimi tədbirlər də
planlaşdırılıb.
Görüşün sonunda "Azərbaycan müəllimi" qəzetinin baş
redaktoru B.Hüseynzadə müzakirənin səmərəli olduğunu
qeyd edib və qonaqlara təşəkkürünü bildirib. Belə
qarşılıqlı faydalı işgüzar görüşlərin vaxtaşırı
keçirilməsinin zəruriliyi ifadə olunub, xatirə şəkli
çəkdirilib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
Foto R.RAMAZANOĞLU |