Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Müəllimlərin peşə bayramı qeyd olunub

 

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev adına tam orta məktəb və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.  

Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin məktəbin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.

Məktəbin iclas zalında keçirilən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov açaraq bu günün tarixi haqqında geniş məlumat verib, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib. 

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrların hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Vurğulanıb ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Muxtar respublikada müəllim əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran təhsil nazirinin müavini vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 2015-ci il 22 iyun tarixli sərəncamı müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

"Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. ...Mən dünyada müəllimdən şərəfli ad tanımıram", -deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb". Bu fikirləri universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxışında vurğulayıb. Natiq bildirib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Gülşən Fətullayeva, Heydər Əliyev adına tam orta məktəbin məzunu, Naxçıvan Dövlət Universitetinin tələbəsi Xeyrənsə Səfərova çıxış ediblər.

Sonda dahi rəhbərin adını daşıyan orta məktəbin bir qrup müəllimi pedaqoji fəaliyyətindəki uğurlara görə Fəxri fərmanla təltif olunub, həmçinin təhsil ocağının şagirdləri müəllimə həsr olunmuş şeirləri bədii qiraət ediblər.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov