Oktyabrın
5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq
Müəllimlər Günü münasibəti ilə bayram tədbiri keçirildi.
Əvvəlcə SDU-nun rəhbərliyi, professor-müəllim heyəti
ümummilli lider Heydər Əliyevin universitetin
foyesindəki büstü önünə gül dəstələri qoyaraq əziz
xatirəsini dərin ehtiramla yad etdilər.
Tədbir iştirakçılarına Beynəlxalq Müəllimlər Günü
münasibətilə xoş arzularını çatdıran universitetin
rektoru, professor Elxan Hüseynov cəmiyyətin
formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin
peşə bayramının ənənəvi olaraq hər il ölkəmizdə təntənə
ilə qeyd edildiyini bildirdi.
Müəllim əməyinin dövlətimiz tərəfindən daim
qiymətləndirildiyindən və bu qayğının əsasının ulu öndər
Heydər Əliyev tərəfindən qoyulduğundan bəhs edən rektor
vurğuladı ki, ümummilli lider ölkəmizə rəhbərlik etdiyi
bütün dövrlərdə müəllimlərə daim hörmətlə yanaşmış,
onların rifah halının yaxşılaşdırılması üçün hərtərəfli
şərait yaratmışdır.
Rektor Elxan Hüseynov nəzərə çatdırdı ki, bu gün dövlət
tərəfindən təhsil işçilərinə göstərilən münasibət
müəllimlərin yaradıcılıq imkanlarını genişləndirir. İndi
respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji
ustalığı, metodiki hazırlığı, ictimaiyyət içərisində
dərin nüfuzu ilə seçilən yüzlərlə qabaqcıl müəllim
işləyir. Hazırda universitetimizdə müəllim adını şərəflə
daşıyan, öz peşəsinin vurğunu olan, hər bir tələbənin
qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və
şəxsiyyət yetişdirən bacarıqlı və səriştəli
müəllimlərimiz yetərli qədərdir.
Universitetin ictimai həyatında yüksək fəallıq
göstərdiklərinə, uzunmüddətli elmi-pedaqoji
fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə
görə bir qrup müəllim universitet rəhbərliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi tərəfindən fəxri fərman və qiymətli
hədiyyələrlə təltif olundular.
Ölkəmizin mədəniyyətini dünyada tanıdan incəsənət
xadimləri öz çıxışları ilə universitetin professor
-müəllim heyətini təbrik etdilər.
Mətbuat xidməti |