Oktyabrın 5-də Təhsil Nazirliyində 5 oktyabr -
Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş mətbuat
konfransı keçirilib.
Konfransda 2015-2016-cı tədris ili üçün müəllimlərin işə
qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Qeyd
olunub ki, müsabiqədə iştirak etmək üçün 3462 vakant
yerə ərizə verən 24437 nəfərdən 18574-ü imtahanda
iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 2441
nəfər Azərbaycan bölməsi, 177 nəfər rus bölməsi üzrə,
ümumilikdə 2618 nəfər işə qəbul olunub. İşə qəbul
olunanlardan 1887 nəfəri həvəsləndirmə tədbirlərinin
tətbiq olunduğu kənd məktəblərini seçənlərdir. Əlavə
olaraq, müsabiqənin nəticələrinə əsasən, 434 nəfərin
müddətli müqavilə ilə işə qəbuluna razılıq verilib.
Tədbirdə Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına
uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik
müəllim və təhsil menecerlərinin hazırlanması, eləcə də
müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində
həyata keçirilən islahatyönümlü tədbirlərdən söz açılıb.
Bildirilib ki, bu il də ali təhsil müəssisələrinə
qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas
seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk
300 tələbəyə 100 manat məbləğində "Gələcəyin müəllimi"
təqaüdü verilib. Bununla da "Gələcəyin müəllimi" təqaüdü
alan tələbələrin sayı 600 nəfərə çatıb.
Bu il qəbul imtahanında 8656 nəfər müəllimlik peşəsini
seçib. Onlardan 1269 nəfəri 500 və 500-dən artıq bal
toplayıb. Bu isə ötən illə müqayisədə 5 faiz çoxdur.
Eyni zamanda, 2015-2016-cı tədris ilində müəllimlik
ixtisasını seçənlərin orta keçid balı artaraq 364 olub.
Mətbuat konfransında bu ilin sonunadək ölkəmizin daha 12
şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron,
Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı,
Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində
çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsinin keçiriləcəyi və qiymətləndirmədə
35000-dən çox müəllimin iştirak edəcəyi barədə məlumat
verilib.
Konfransın sonunda media nümayəndələrini maraqlandıran
çoxsaylı suallar cavablandırılıb.
www.edu.gov.az |