Oktyabrın
9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi
dəstəyi ilə 9-cu Azərbaycan Beynəlxalq "Təhsil" və "Karyera"
sərgiləri öz işinə başlayıb.
Tədbirin açılış mərasimində təhsil nazirinin müavini
Ceyhun Bayramov, ali və orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri, ölkəmizdəki diplomatik
korpusun nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Ceyhun Bayramov qeyd edib ki,
təhsilin iqtisadi həyatdakı rolu müasir dövrün əsas
çağırışlarından biridir. Belə ki, təhsil həm insanların
bilik və bacarıqlarını artırmaqda, həm də onların uğurlu
gələcəyə hazırlanmasında müstəsna rol oynayır.
Nazir müavini bu sərginin müxtəlif təhsil müəssisələri
arasında əməkdaşlıq əlaqələrinə töhfə verəcəyini,
təhsilverən və təhsilalanlar üçün əlavə imkanlar
yaradacağını deyib.
Beynəlxalq "Təhsil" sərgisində dünyanın 16 ölkəsindən
124 müəssisə iştirak edir. İştirakçılar arasında
Azərbaycan, ABŞ, BƏƏ, Rusiya, Latviya, Litva, Niderland
Krallığı, Polşa, Türkiyə, Qazaxıstan, İsveçrə,
Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri,
eləcə də kolleclər, tədris-təlim kursları, habelə dövlət
təşkilatları və müəssisələri var. İ.M.Seçenov adına
Birinci Moskva Dövlət Tibb Universiteti, akademik
S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti,
Latviya Nəqliyyat və Rabitə İnstitutu, Milli Tədqiqat
Texnoloji Universiteti "MİSiS", N.P.Oqaryov adına
Mordoviya Dövlət Milli Tədqiqat Universiteti, Polşanın
Avro-Regional İqtisadiyyat Universiteti sərgidə ilk
dəfədir iştirak edir.
İştirakçıların böyük marağına səbəb olan Təhsil
Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün
nəzərdə tutduğu plan və proqramlar haqqında geniş
məlumatlar təqdim edilir.
Sərgi çərçivəsində Azərbaycan Texnologiya
Universitetinin rektoru Akif Süleymanov və "Caspian
Event Organisers" MMC-nin direktoru Bəhruz Hidayətzadə
əməkdaşlıq memorandumu imzalayıblar. Təhsil nazirinin
müavini Ceyhun Bayramovun iştirakı ilə imzalanan
memorandumun məqsədi Müştəriyə Yönəlmə Proqramının
həyata keçirilməsinə əlavə imkanlar yaratmaq və
proqramın effektiv icrasına dəstək olmaqdır. Qeyd edək
ki, Təhsil Nazirliyinin həyata keçirdiyi Müştəriyə
Yönəlmə Proqramı pilot olaraq Azərbaycan Texnologiya
Universitetində reallaşdırılır. Proqramın əsas hədəfi
ali təhsil müəssisələrini müştəri yönümlü fəaliyyətə
təşviq etməkdır.
İki gün davam edəcək sərgiyə təhsil ictimaiyyəti böyük
maraq göstərir. |