Oktyabrın
8-də Təhsil Nazirliyi ilə "British Council" təşkilatı
arasında "İş dünyası üçün bacarıqlar" və "Mehmanxana
inzibatçısı" layihələrinin dəstəklənməsi barədə
Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
Sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və "British
Council"un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet
Vayd imzalayıb.
Mərasimdə bildirilib ki, "İş dünyası üçün bacarıqlar"
layihəsində ilk peşə-ixtisas təhsili müəssisələrində İKT
və telekommunikasiya üzrə təhsil alan şagirdlərin bilik
və bacarıqlarının artırılması, eyni zamanda həmin təhsil
müəssisələrində müvafiq ixtisaslar üzrə fəaliyyət
göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə
tutulub. Layihənin reallaşdırılmasında məqsəd şagirdlərə
iqtisadiyyat və biznes üzrə baza biliklərinin
verilməsidir. Bununla yanaşı, layihə şagirdlərə
telekommunikasiya və İKT sahəsində təcrübə proqramı
vasitəsilə praktiki biliklər qazanmaq imkanı yaradacaq.
"Mehmanxana inzibatçısı" layihəsinin məqsədi isə 5
nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçılığı
üzrə ixtisas fənn müəllimlərinin potensialının
artırılmasıdır. Bu layihə çərçivəsində milli
standartlara uyğun müvafiq kurikulumun hazırlanması,
şagird və mühəndis-pedaqoji heyət üçün iş üzrə təcrübə
proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
www.edu.gov.az |