| 
						
						
						 Sentyabrın 
						24-də Qurban bayramı münasibətilə Sumqayıt Dövlət 
						Universitetinin kollektivi Zeynalabdin qəsəbəsində 
						yerləşən "N" saylı hərbi hissədə olaraq,  əsgərlərimizin 
						bayram sevincinə şərik oldular. 
						
						Hərbi hissənin rəhbərliyi hər kəsi səmimi-qəlbdən təbrik 
						etdi. Qeyd etdi ki, son dövrlər təhsil müəssisələrinin 
						kollektivlərinin səngərlərdə, hərbi hissələrdə görüşləri 
						ənənə halı almışdır. Bu da əsgərlərimizə mənəvi dəstək 
						və  ruh yüksəkliyi verir. Hər bir Azərbaycan 
						vətəndaşının ordumuza və əsgərinə güvəndiyini, 
						xalqımızın hər an onların yanında olduğunu bildirən 
						komandir universitet rəhbərliyinə, xüsusilə rektor Elxan 
						Hüseynova öz dərin təşəkkürünü bildirdi. 
						
						Əsgər və zabitlər qarşısında çıxış edən SDU-nun 
						Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Turan 
						Cəfərov universitet rəhbərliyi adından təbriklərini 
						çatdıraraq, onlara çətin və şərəfli xidmətlərinin yerinə 
						yetirilməsində uğurlar arzuladı.  T.Cəfərov çıxışında 
						Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın 
						tezliklə  azad olunacağına və bayrağımızın doğma 
						Qarabağımızda dalğalanacağına əminliyini bildirdi. 
						
						Sonra SDU-nun məzunu olmuş əsgər Elşad Əliyev əsgər 
						geyimində nə qədər qürur duyduğunu və onun potensiallı, 
						savadlı, cəsur bir əsgər kimi formalaşmasında 
						universitetin böyük rol oynadığını görüş 
						iştirakçılarının nəzərinə çatdırdı. 
						
						Tədbir SDU-nun Tələbə Gənclər Klubunun təşkil etdiyi 
						konsert proqramı ilə davam etdirildi. 
						
						Sonda "N" saylı hərbi hissənin rəhbərliyi Sumqayıt 
						Dövlət Universitetinin  Tələbə Gənclər Klubunun 
						özfəaliyyət ansamblını Qurban bayramı münasibəti ilə 
						hərbi hissədə şəxsi heyət üçün təşkil olunmuş tədbirdə 
						fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif etdi. |