Sevinc ORUCOVA,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi
Azərbaycanın orta ümumtəhsil məktəblərinin ingilis
dili proqramında baş verən əsaslı dəyişikliklər
və hazırda həyata keçirilən kurikulum islahatı,
respublikanın dünya ölkələrinə inteqrasiyası tədris
prosesində yeniliklərin tətbiqini labüdləşdirir.
Müasir dərs müəllimdən fəal təlim mühiti yaratmağı,
şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi,
ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli
situasiyalarda çıxıs yolu tapmaq kimi bacarıqlar
formalaşdırmağı tələb edir. Ənənəvi dərsdən fərqli
olaraq müasir dərsin tələbləri şagirdlərin idrak
fəaliyyətinin formalaşmasına yönəldib. Mən də dərs
dediyim siniflərdə fəal təlimin üsullarından istifadə
etməyə çalışıram. Hazırlanan elektron dərs vəsaitləri
əsl təlim mühiti, dərsin daha yaxsı mənimsənilməsi üçün
şərait yaradır. Belə ki, şagirdlər eşitməklə bərabər
dərsi əyani şəkildə görür və bunun nəticəsində mövzunu
daha yaxşı mənimsəyir. Dərs zamanı suallar elə
qoyulmalıdır ki, şagirdləri düşünməyə, araşdırmağa sövq
etsin. Araşdırmaq, tədqiqat aparmaq, müzakirə edib
öyrəndiklərini tətbiq etmək vacibdir. Yalnız belə halda
şagird öyrəndiklərini unutmur, daim yadda saxlayır.
Bütün bunları nəzərə alaraq bu sahədə topladığım
təcrübəni bir dərs nümunəsində oxuculara çatdırmaq
istəyirəm.
Fənn:
ingilis dili
Mövzu
- Televizorun həyatımızda rolu.
İş forması:
qruplarla iş, fərdi iş
İş üsulu:
əqli hücum, müzakirə. BİBÖ
Resurslar:
dərslik, iş vərəqləri, kompüter və s.
Standart:
1.1.2 - Televiziya proqramlarını şəkillərlə
müəyyənləşdirmək.
3.1.1/ 2.1.2 - Televiziya proqramları haqqında mətni
oxuyaraq qrammatikadan istifadə etmək.
2.1.3 - Televiziyada olan proqram və kanalları
fərqləndirmək.
3.1.4/4.1.1 - Mətnə suallar vermək və ən çox sevdiyin
televiziya kanalını tesvir etmək
Təlimin məqsədi:
1. Televizor qaydalarını öyrənərək şagirdlərin
dinləmə-danışma bacarığını inkişaf etdirmək.
2. Televizora baxmağın zərərləri və faydaları haqqında
məlumatlar əldə etmək
Motivasiya:
Bildiyimiz kimi, motivasiya fəal təlimdə dərsin mühüm
mərhələsidir.
Motivasiya hər dəfə elə rəngarəng qurulmalıdır ki,
şagirddə keçilən mövzuya maraq oyatsın. Müxtəlif
şəkillərlə motivasiyanın qoyulması sinifdə canlanma
yaradır, şagirdləri fəallaşdırır və öyrəniləcək
mövzuya qarşı marağı daha da artıraraq fikirləri bu
istiqamətə yönəldir.
İKT-dən istifadə etməklə şəkillər nümayiş etdirilir və
şagirdlərə həmin şəkillərə baxıb öz fikirlərini
bildirmələri təklif olunur. Bu üsulla mövzunun adı
şagirdlərdən alındıqdan sonra onlar televizor haqqında
bəzi sualları cavablandırırlar.
1. Televizora gün ərzində nə qədər baxırsınız?
2. Nəyə görə televizora baxmağı xoşlayırsınız?
3. Bütün günü televizor proqramlarına baxmaq
yaxşıdırmı?
4. Hansı televiziya proqramlarını tanıyırsınız?
5. Televizora çox baxanda özünüzü yorğun hiss
edirsinizmi?
Tədqiqatın aparılması zamanı əqli hücum üsuluna üstünlük
verirəm. Əqli hücum tamamilə şagirdlərin fikir
sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı
problemin həllinə cəlb edilir, fikir və təkliflər qeyd
olunur. Bu fikirlər nə tənqid olunur, nə də
qiymətləndirilir. Yerinə yetirilən işin sonunda bütün
deyilən fikirlər təhlil edilir və düzəlişlər olunur.
Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir
toplamaqdır.
Dərsə başlayarkən və ya öyrənmə prosesi başa catdıqdan
sonra BİBÖ üsulundan istifadə edirəm. Şagirdlər
keçəcəkləri mövzu haqqında nə bildiklərini, nəyi
öyrənmək istədiklərini əvvəlcədən bildirirlər. BİBÖ
cədvəlində bildikləri I sütunda yazılır.
II sütunda şagirdlər nələri bilmək istədiklərini
müəyyənləşdirirlər.
Öyrənmə prosesinin sonunda isə yeni öyrəndiklərini
göstərərək BİBÖ cədvəlinin III sütununu doldururlar.
Burada həm də şagirdlərin öyrənmək istədikləri yeni
maraqları nəzərə alınmış olur.
Xarici dilin praktik mənimsənilməsini təmin etmək üçün
tədrisin ilk günlərindən öyrənilən dildə ünsiyyət
qurmağa çalışıram. Ünsiyyət qurmağı öyrətməyin səmərəli
üsullarından biri də rollu oyunlardır. Bu, xarici dil
dərslərində ən səmərəli üsuldur. Rollu oyunlar nitq
fəaliyyətini yaxşılaşdırır, ünsiyyət vərdişlərini
inkişaf etdirir və təlimin praktik yönümünü təmin edir.
Şagirdlər rollu oyun kimi televiziya haqqında dialoqlar
danışırlar. İş cütlüklərlə aparılır. Rollu oyunlar
tətbiq olunan dərslər canlı və emosional, uşaqların
yüksək fəallığı ilə keçir.
Sonra şagirdlərə qruplarla bir gün üçün televiziya
proqramı qurmaq və televizorun zərərləri və
faydalarından danışılmaq tapşırılır. Belə qrup halında
tapşırığın yerinə yetirilməsi şagirdlərin bir-biri ilə
əməkdaşlıq etmələrinə və bir-birləri qarşısında öz
məsuliyyətlərini dərk etmələrinə imkan yaradır.
Şagirdlərin birgə fəaliyyəti problemləri bir yerdə həll
etməyi onlara öyrədir. Qrupda iş biliyi sərbəst əldə
etmək bacarıqlarının inkişaf etməsi üçün şərait
yaradır. Şagirdlərin özlərinə inamın artmasını,
özlərini tam şəxsiyyət kimi dərk etməsini, eyni zamanda
şagirdin müstəqil şəxsiyyət kimi inkişafını təmin edir.
Bu zaman zəif oxuyan şagirdlər belə fəallaşır, öz
fikirlərini söyləyərək tədqiqatda fəal iştirak etməyə
çalışırlar.
Məlumat müzakirəsi və mübadiləsi:
Qrupların işləri təqdim olunur. Bu mərhələdə şagirdlərin
tədqiqatın gedişində əldə etdikləri yeni
informasiyaların mübadiləsi aparılır. Təqdimat zamanı
şagirdlər bir-birini fəal dinləməyə sövq edilir.
Yaradıcı tətbiqetmə:
Yaradıcı tətbiqetmə mərhələsinə xüsusi əhəmiyyət
verirəm. Bu mərhələdə şagirdlərin mövzunu necə
mənimsədikləri bəlli olur. Dərsin bu mərhələsində
qrammatik qaydaların əks olunduğu tapşırıqları
şagirdlərə təqdim edirəm.
Ümumiləşdirmə və nəticə:
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər və
sonda tədqiqat sualına yenidən qayıtmaqla nəticələri
təhlil edirlər. Fəal dərsdə şagirdlərin formativ
qiymətləndirilməsi hər hansı mərhələdən sonra, istənilən
üsulla həyata keçirilə bilər.Apardığım dərsdə də qiymət
qruplara verilirdi. Hər bir qrup digərini dinlədikdən
sonra öz qiymətini verdi və qiymətləndirmə səsvermə yolu
ilə həyata keçirildi.
Ev tapşırığı:
Ev tapşırıqları şagirdlərin müstəqil tədqiqat
aparmasına, sərbəst və yaradıcı düşünmə qabiliyyətinin
formalaşmasına kömək edir. Evə şagirdlərə televiziya
proqramları haqqında araşdırma aparmaq tapşırılır.
|