Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

"Amerikalı uşaqlara riyaziyyat fənnini tədris edirəm"

 

ABŞ-ın Texas ştatının azərbaycanlı müəllimi Naseh Mirizadə ilə söhbət 

Naseh Mirqələm oğlu  Mirizadə 1987-ci il sentyabrın  26-da Zəngilan rayonunun Mincivan qəsəbəsində müəllim ailəsində anadan olub. Nasehin atası Mirqələm müəllim Zəngilan rayonu ermənilər tərəfindən  işğal  olunana qədər Cahangirbəyli kənd və Mincivan natamam orta məktəbində  ingilis dili fənnini tədris edib. İşlədiyi müddətdə "Baş müəllim" adına layiq görülüb və  "Təhsil əlaçısı" döş nişanı ilə təltif olunub.  Ailə  1993-cü ildə,  rayon işğal edildikdən sonra Bakıya köçüb.  Mirqələm müəllim Bakıxanov qəsəbəsindəki 271 nömrəli  tam orta məktəbdə  müəllimlik fəaliyyətini davam etdirib. O, "ali kateqoriya"lı  müəllim adına  layiq görülüb.  Anası Nigar Əliyeva da  coğrafiya müəllimidir, uzun müddət Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində  coğrafiya fənnini tədris edib.  Bakıya köçdükdən  sonra 271 nömrəli  tam orta məktəbdə coğrafiya və  tarix müəllimi kimi fəaliyyətini davam etdirib. Naseh ilk təhsilinə  271 nömrəli  tam orta məktəbdə başlayıb.  1998-ci ildə IV sinfi  başa vurduqdan sonra ailəsi ilə Amerika Birləşmiş Ştatlarına köçüb.   Orta məktəbi  ABŞ-ın  Texas ştatındakı  Hyuston şəhərində  bitirib.  2013-cü ildə  Hyuston Universitetini bitirən Naseh  hazırda  Hyustonda orta məktəbdə  riyaziyyat və  dünyəvi biliklər (Science) fənnini tədris edir. Göründüyü kimi,  Nasehdə  müəllim olmaq həvəsi  ailədən qaynaqlanıb.  

Yeni dərs ilinin ilk günləri  dünyanın müxtəlif  ölkələrində yaşayan və müəllimlik missiyasını özünün şərəfli işi hesab edən soydaşlarımız üçün də əlamətdar hadisədir. Vətəndən uzaqlarda olmalarına baxmayaraq öz fəaliyyətləri ilə daim ölkəmizi, mədəniyyətimizi,  adət-ənənələrimizi  məskunlaşdıqları ölkələrin şagirdlərinə çatdıran, onlara müəllimilk edən  həmvətənlərimizdən biri də ABŞ-ın Texas ştatının  Hyuston şəhərində yaşayan  Naseh Mirqələm oğlu Mirizadədir. 

Qəzetimizə verdiyi müsahibədə Naseh müəllim Amerika təhsil sistemi və yeni tədris ilinin  başlanması ilə bağlı  bəzi təəssüratlarını  bizimlə bölüşdü.

- ABŞ-da yeni dərs ili necə başlayır?

- Hazırda Hyustonda John E.Codwel school-da işləyirəm. Amerikalı uşaqlara riyaziyyat fənnini tədris edirəm. Texasın bütün  məktəblərində yeni dərs ili  avqust ayının üçüncü  həftəsində və  ya ondan sonrakı həftədə başlayır (bəzi ştatlarda bu tarix dəyişə bilər). Belə ki, bu il  bizim məktəblərdə  dərs ili avqust ayının  24-də  başladı.  Ölkənin digər təhsil müəssisələrində dərslər sentyabrda başladı. Yeni dərs ilinin başlanması münasibətilə heç bir mərasim keçirilmir, ancaq dərslər başlamazdan əvvəl bütün  valideynlər uşaqlarla  birlikdə məktəbə gəlir, onlara dərs deyəcək müəllimlərlə görüşürlər.  Bütün məktəblərdə dərsliklər pulsuzdur.  Amerikadakı  məktəblər bir qədər  fərqlidir,   belə ki,  şagirdlər  I-V sinifləri ibtidai məktəbdə (Elementary school), VI-VIII  sinifləri  əsas  məktəbdə (Middle school) və IX-XII  sinifləri isə orta  məktəbdə  (High school) oxumaqla biliklərə  yiyələnirlər. 

- Yeni dərs ili ərəfəsində valideynlər hansı  qayğılarla yaşayır?

- Yeni dərs ili ərəfəsində  valideynlərin məktəbə hazırlıqla bağlı hər hansı bir qayğısı  olmur. Dərs ilinin sonunda bütün  valideynlərə  yeni dərs ili üçün  alınacaq ləvazimatların siyahısı verilir. Bu, əsasən ibtidai məktəblərə  aiddir, yəni 1-ci sinifdən 5-ci sinfə qədər.  Hər  məktəbin  öz  geyim forması  var,  həmin  geyimləri valideynlər məktəbdən sifariş edə (məktəblərdə  satılan  geyimlər bir az baha olur) və  ya da mağazalardan ala bilərlər.  Şagirdlərin geyəcəyi formanın nümunələri məktəblərdə  nümayiş etdirilir. Yuxarı  siniflərdə  isə  xüsusi  geyim forması  yoxdur, bəzi  məktəblər istisna olmaqla. Amma şagirdlər bir rəngli (3 düymə) köynəklər, cins şalvar  və  idman ayaqqabısında (krossovka) olmalıdırlar, yəni üzərində  şəkil  və ya yazı olan köynəkləri geyməyə  icazə verilmir.

- Uşaqlar neçə yaşdan məktəbə gedirlər?

- Amerikada şagirdlər məktəblərə 4 yaşları tamam olandan sonra gedirlər.  Əvvəl bu  "Pre-K"  (bağçadan öncə)  -1 tədris ili, sonra  "Kindergarten" (bağça) 1 tədris ili adlanır. Yəni,  2 ildən sonra azyaşlılar I sinifdə oxumağa başlayır. Uşaqlar artıq  I  sinfə  başlamazdan öncə saymağı və əlifbanı bilirlər.

- Şagirdlərin bilikləri necə qiymətləndirilir?

- Məktəblərdə  hər  həftəsonu öyrənilən  mövzularla əlaqədar testlər keçirilir, altı  həftədən sonra hər  valideynə  şagirdin bütün fənlərdən aldığı  qiymətlərin nəticələri, eləcə  də  davranışı məktub vasitəsilə  bildirilir (bu,  "Report  card" adlanır). Şagirdlər gündəlik qiymətləndirilmir, 70-dən aşağı, yəni  69 bal toplayan pis (qeyri- kafi), 70-80  (kafi), 80-90 (yaxşı), 95-100 (əla) qiymətlərdir. Bu qiymətləndirmə  "Report card"Tda  göstərilir.  Bütün şagirdlər III  sinifdən başlayaraq  ilin sonunda sinifdən-sinfə  keçərkən  STAAR-The State of Texas Assessments of Academic Readiness (Texas Ştatında Akademik Hazırlığın  Qiymətləndirilməsi) testlərini verməlidirlər.

- Valideynlərin məktəb həyatında iştirakı barədə nə deyə bilərsiniz?

- Məktəblərdə valideyn komitələri (əsasən könüllülərdən ibarət) PTO-"Parent Teacher Organization" (Valideyn Müəllim Təşkilatları) fəallıq göstərir, onların üzvləri problemləri məktəb rəhbərliyinin nəzərinə çatdırırlar.

- Kurikulumların tətbiqi necədir?

- Tədris prosesində kurikulumlardan geniş istifadə olunur. Kurikulum materialları Texas ştatının təhsil departamenti tərəfindən hazırlanır və bütün məktəblər  bu kurikulumlar əsasında öz işlərini  təşkil edirlər.

- Tədris prosesində hansı texnologiyalardan istifadə edirsiniz?

- Təbii ki, müasir tədris prosesini  texnologiyalarsız təsəvvür etmək olmaz.  Məktəbimizin təlim sistemində  IPad, Iphone, Projektor, kompüter və şəkillərdən  istifadə  olunur. Burada müəllimlər  üçün xüsusi  mağazalar vardır ki, oradan tədris ilə  bağlı  bütün fənlərə aid əyani  vəsaitləri almaq olar.

- Amerikada kimlər müəllim işləyə bilər?

- Universiteti bitirdikdən sonra müəllim olmaq üçün  Texas ştatının tətbiq etdiyi 2, bir-birindən fərqli testlərdən imtahan verməlisən, bu testlərdən keçənlər "Müəllimlik sertifikatı"  alır. Sertifikatı  olan istənilən şəxs  müəllim işləyə  bilər. Bu testlərdən biri  PPR Tests-Pedagogy and Professional Responsibilities (Pedaqogika və Professional Vəzifələr), o birisi  isə  TEKS - Texas Essential Knowledge and Skills (Texas Əsas Bilik və Bacarıqlar) testidir.  Sonuncu test I-V, VI-VIII və  IX-XII  siniflərdə  dərs deyən müəllimlər üçün bir-birindən fərqli testlərdir.

- Müəllimlərin ixtisasartırma və ya təkmilləşməsi barədə nə deyə bilərsiniz?

- Müəllimlərin təkmilləşməsi  demək olar ki, ən başlıca vəzifələrdəndir.  Dərslər avqust ayının sonu başlasa da müəllimlər avqustun əvvəllərindən işə başlayırlar. Onlar hər gün yeniliklərlə tanış edilir, sonra müəllimlər başqa  məktəblərə  göndərilir, beləliklə də  bu proses hər gün davam edir. Dərs başlayanda isə  bu,  bəzi dərs olmayan günlərdə,  yəni şənbə günləri davam etdirilir. Burada bütün  məktəblər 5 günlükdür. Şənbə və  bazar günləri dərs keçilmir.

- Birincilərin məktəbə qəbulu prosesi necədir?

- Amerikada ilk dəfə məktəbə gedən şagirdin sənədlərinə mütləq peyvənd olunma sənədi daxil edilməlidir.  Əgər şagird vaxtlı-vaxtında peyvənd olunmayıbsa,  peyvənd olunana qədər dərslərə  buraxılmır.  Bu da  əsasən başqa ölkələrdən gələnlərə  aiddir, çünki Amerikada  hər  bir uşaq vaxtında peyvənd olunur. Amerika məktəblərində dərslərə  davamiyyət məcburidir, şagirdləri üzrsüz səbəb olmadan dərsdən saxlamaq olmaz. Şagird  üzrlü səbəbdən məktəbə  getməyibsə, valideyn şagird  məktəbə qayıdanda mütləq  məktub yazmalı  və  şagirdin evdə  qalma səbəbini göstərməlidir.  Əgər  şagird 3 gün üzrsüz  səbəbdən məktəbə  getməyibsə, işə  polis qarışır və  valideyn məhkəməyə cəlb olunur.

Məktəblərin hamısı  aztəminatlı ailələrin uşaqlarını səhər və günorta yeməyi ilə pulsuz təmin edir, elə məktəblər də var ki, bütün şagirdlər pulsuz yeməklə təmin olunurlar.  Valideynlər hər gün müəllimlə  görüşə  bilməzlər, bunun üçün  müəllimə  müraciət olunmalı  və  o,  görüşün vaxtını təyin etməlidir. Ancaq müəllimlə email (elektron poçt)  vasitəsilə  hər gün əlaqə saxlamaq olar. Valideyn məktəbdə  uşağını  görmək  və ya icazə almaq istəsə, birbaşa sinfə gedə bilməz. Bunun üçün o,  məktəbin  ofisinə (müdiriyyətə)  gəlir,  növbətçi müəllim və ya  şagird  görüşmək istədiyin məktəb işçisini ora  dəvət edir.  "Middle school"  və  "High school"da  məktəbin təhlükəsizliyi polislər  tərəfindən qorunur. Burada dərslər bütün məktəblərdə  səhər saat 8-də başlayır  və 3-də başa çatır. Bütün məktəblərdə dərslər birnövbəlidir. Şagirdlər məktəbdən 2 mil (təxminən 3.2 kilometr) uzaq məsafədə yaşayırsa,  onları məktəb avtobusları  səhər pulsuz məktəbə gətirir,  dərsdən sonra  isə evə  aparırlar.

- Naseh müəllim, sizə uzaq Amerikadakı  şərəfli və məsuliyyətli müəllimlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

- Mən də Azərbaycanda yeni dərs ilinin başlanması münasibətilə bütün  müəllimləri, pedaqoji sahədə çalışan mütəxəssisləri təbrik edir, onlara işlərində uğurlar  arzulayıram. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov