Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Ən yaxşı müəllimə bayram arzularım

 

 İlk müəllim ilk məhəbbət kimidir, heç zaman yaddaşlardan silinmir. Hər birimiz ilk müəllimimizi yəqin ki, gözəl, rəngarəng tablolarla xatırlayırıq. Əlimizdən tutub ilk hərfləri bizə öyrədən, tanımadığımız kəlmələri bizə anladan, bilmədiyimiz varlıqlar haqqında məlumat verən, əxlaqımızı düzgün formalaşdıran, ümumiyyətlə, həyatdan baş çıxarmağı öyrədən ilk müəllimdir. "Elmin qapıları" məhz ondan - ilk müəllimdən başlayır. Bu müqəddəs peşəni şərəflə daşıyanların hamısı ən yüksək adlara və sözlərə layiqdir.

Haqqında söhbət açacağım müəllim - Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Gülnarə Gülməmmədova, sözün həqiqi mənasında, adı böyük hərflərlə yazılası bir müəllimdir. Gülnarə xanımı tanıyan gündən ona valeh olmuşam. O, həm yüksək peşə qabiliyyətinə, həm də şəxsi keyfiyyətlərə malikdir.

Gülnarə Gülməmmədova hər dörd ildən bir 6 yaşlı balaca uşaqların əllərindən tutub sinfə gətirir, ibtidai sinifdə alacaqları bütün bilikləri onlara həvəslə öyrədir. Mən bir valideyn kimi onun uşaqlarla necə ürəklə məşğul olduğunun, anlamadıqları zaman keçilən materialı dönə-dönə başa saldığının, hər bir gərəkli nüansı nəzərə aldığının şahidi olmuşam. Onun hər bir uşağın psixoloji xüsusiyyətlərini nəzərə alaraq, onlara özəl, xüsusi incəliklə yanaşdığını görmüşəm. Təhsil sahəsində çalışsam da, onun dərslərində valideyn kimi iştirak edərkən hər zaman zövq almışam, ondan uşaqlara informasiyaları necə çatdırmağın yollarını öyrənmişəm. Dəfələrlə digər məktəblərdən gəlmiş ibtidai sinif müəllimlərinin, həmkarlarının ondan bu peşənin sirlərini, yeni metodları öyrəndiklərinin şahidi olmuşam.

Hesab edirəm ki, orta məktəb tədrisində ən önəmli və çətin dövr məhz ibtidai sinifdir. Dörd il ərzində ibtidai sinif müəllimi həm uşaqların nazı ilə oynamalı, onlara sevgi ilə yanaşmalı, onların sinfə, bir-birinə, ən əsası ətraf aləmə, cəmiyyətə adaptasiyasının qayğısına qalmalı, həm də biliklərinin təməlini qoymalıdır. Bütün bu məsələlərin öhdəsindən gəlmək olduqca mürəkkəb və məsuliyyətli işdir. İbtidai sinif müəllimi hər bir şagirdə onun xarakterinə uyğun yanaşmalı, balaca uşaqların hər birindən bir şəxsiyyət yetişdirməyi bacarmalıdır. İşlədiyi uzun müddət ərzində Gülnarə xanım çoxlu sayda sinif təhvil vermiş, onların içərisindən neçə-neçə adlı-sanlı insanlar yetişmişdir. Bu gün onların hər biri Gülnarə müəllimi sevgi ilə xatırlayır, tez-tez onun görüşünə gəlirlər.       

Elm və texnikanın inkişafı, müasir dövrün ayrılmaz tərkib hissələri olan qloballaşma və multikulturalizm şəraitində təhsilin, təlimin və tədrisin üsulları da dəyişilmişdir. Hazırda ümumtəhsil müəssisələrində innovativ təlim metodlarından, yeni inkişaf mexanizmlərindən istifadə olunur. Müəllim  həm illər ərzində əldə etdiyi təcrübəni, həm də hər gün öyrənməkdən doymadığı yenilikləri bir araya gətirərək şagirdlərlə mükəmməl iş aparır.

"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan, bundan başqa, bir neçə mükafatlar və adlar alan G.Gülməmmədova həm də çox təvazökar pedaqoqdur. O qeyd edir ki, ən yüksək ad onun üçün şagirdlərinin uğuru, onların yüksək zirvələrdən gələn sorağıdır.

Gülnarə müəllim eyni zamanda çox sadə və səmimi insandır. Mən Gülnarə xanımla ünsiyyətdə olanda özümü çox xoş atmosferdə hiss edirəm və onun maraqlı, dadlı-duzlu söhbətlərindən doymuram. Həyatının çətin sınaqlarından mərdi-mərdanə çıxan,  ömür yollarında dəyanətlə addımlayan Gülnarə müəllim ona müraciət edən hər bir kəs üçün yaxşı sirdaş, yoldaş, dəyərli məsləhətçi və yol göstərəndir. O, həm məktəb kollektivinin, təhsil işçilərinin, eyni zamanda ətrafında olan bir çox insanların sevgisini qazana bilmişdir.  

Vəfa ZAHİDQIZI

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov