Hələ
orta məktəbdə oxuduğu illərdə ətrafda baş verən
hadisələrə yaradıcılıqla yanaşmağı bacaran Fərhad
Əsgərov gördüklərini kiçik məqalələr şəklində qələmə
almağı xoşlayırdı. Onun buna xüsusi marağı var idi.
Məktəb illərində bu yazılarını bir dəftərdə toplayardı.
Arzusu müəllim olmaq idi, amma yazmaq həvəsi də onu
rahat buraxmırdı. Beləliklə, illər keçdi, Fərhad Əsgərov
öz arzusunun qanadlarında müəllimlik peşəsinə yiyələndi,
lakin bir yazar kimi qələmini də əlindən qoymadı.
Tanışlıq üçün qeyd edək ki, Əsgərov Fərhad Ramiz oğlu
1960-cı il dekabrın 24-də Bakının Mərdəkan qəsəbəsində
anadan olub. Qəsəbədəki 181 nömrəli orta məktəbdə təhsil
alıb. 1980-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji
Texnikumunun texniki əmək və rəsmxət müəllimi ixtisasını
bitirib.
Axırıncı kursda oxuyarkən tələbələrə işləmək üçün
təyinat verilirdi. Tələbələrin əksəriyyəti təyinatı öz
rayonlarına götürməyə çalışırdı. Lakin Fərhad burada
başqa mövqe tutdu. O, təyinat komissiyasına müraciət
edib ucqar dağ rayonlarının birində işləmək istədiyini
bildirdi. Onun təyinatını Kəlbəcərə verdilər.
Beləliklə, 1980-ci ilin 1 sentyabrında Fərhad Əsgərov
Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim
işləməyə başladı. O dövrdə ucqar kəndlərdə işləyən
müəllimləri hərbi xidmətə göndərmirdilər. Hələ gənc
yaşlarından həyatın çətinliklərindən çəkinməyən Fərhad
Əsgərov hərbi xidməti də bir həyat məktəbi saydığından
hərbi xidmətə getmək üçün Kəlbəcər Rayon Hərbi
Komissarlığına müraciət etdi və 1980-ci ilin noyabr
ayında Qazaxıstana hərbi xidmətə göndərildi. Hərbi
xidməti başa vurub yenidən Kəlbəcərə qayıtdı. Bu dəfə
isə onun iş yeri Kəlbəcər rayonunun Seyidlər kənd orta
məktəbi oldu. Təyinat müddəti bitdikdən sonra o, Bakıya
qayıtdı.
1983-cü ildən 1993-cü ilin yanvar ayına kimi F.Əsgərov
Şağan qəsəbəsindəki 124 nömrəli səkkizillik məktəbdə və
Mərdəkandakı 181 nömrəli orta məktəbdə müəllim işlədi.
Elə 1983-cü ildən başlayaraq onun təhsil, səhiyyə,
tikinti, mədəniyyət, idman sahələri ilə bağlı
informasiya və məqalələri "Azərbaycan müəllimi",
"Azərbaycan gəncləri", "Bakı", "İdman", "Bakinskiy
raboçiy" qəzetlərində dərc olunmağa başladı. Qeyd edək
ki, onun ilk məqaləsi 1978-ci ildə hələ tələbə ikən
"Azərbaycan müəllimi" qəzetində dərc edilmişdi.
90-cı illərdə Fərhad Əsgərov jurnalistika sahəsində
artıq öz sözünü demiş, öz prinsiplərini həyata keçirən
bir jurnalist kimi tanınırdı. O, tez-tez müxtəlif mətbu
orqanlarından işləmək üçün dəvətlər alırdı. Beləliklə o,
1993-cü ilin əvvəllərində təhsildən uzaqlaşdı və
mətbuatda çalışmağa qərar verdi.
Jurnalistika fəaliyyəti ilə yanaşı Fərhad müəllim bədii
yaradıcılıqla da ciddi məşğul olur. Onun müxtəlif
illərdə "Tale", "Ötən günlər", "Yurd həsrəti, Vətən
sevgisi", "Neslomlennıy repressiyami", "Qaranlıq meşədə
gizli oyunlar", "Qara qızıl fatehi", "İllərin nəfəsi" və
digər kitabları işıq üzü görmüşdür. Bu kitablarda onun
müxtəlif illərdə yazdığı oçerklər, sənədli və bədii
povestlər, hekayələr, alleqorik nağıl və poemaları
toplanmışdır.
Fərhad müəllim 1997-ci ildən Azərbaycan Jurnalistlər
Birliyinin, 2002-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür. Artıq 2000-ci ilin əvvəllərində
Fərhad müəllim ədəbiyyat sahəsində tanınmış şəxs idi.
Belə ki, 2004-cü ildə Teymur Əhmədovun müəllifliyi ilə
çapdan çıxmış "XX əsr Azərbaycan yazıçıları -
ensiklopedik məlumat kitabı"nda onun haqqında məlumat
verilmişdir. Onu da qeyd edək ki, həmin kitab 1800-ci
ildən sonra Azərbaycanda yaşamış yazıçıların, şairlərin,
tənqidçilərin haqqında ensiklopedik məlumatları əhatə
edir.
Qazandığı bilikləri, həyat təcrübəsini yeniyetmələrlə
bölüşmək istəyi onu yenidən öz köhnə işinə-məktəbə
işləməyə yönəltdi. Belə ki, o, imtahan verərək, 2012-ci
ildə Bakıdakı 156 nömrəli tam orta məktəbə işə düzəldi.
O, hazırda məktəbdə texnologiya və rəsmxət fənlərini
tədris edir. Fərhad müəllim öz işinə məsuliyyətlə
yanaşır. O, təhsildə olan yenilikləri daim öz işində
tətbiq etməyə çalışır.
Ömrünün kamil çağında Fərhad müəllim həm jurnalistika
sahəsində, həm də təhsil sahəsində məhsuldar çalışır.
Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci ilin 6
avqust tarixində "Yaşlı, gənc nəsil yazıçı, rəssam və
bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün
xüsusi təqaüd fondu haqqında" fərman imzalamışdır. Bu
fərmana uyğun olaraq, Fərhad Əsgərova 2015-ci ildə
birillik Prezident təqaüdü verilmişdir.
Müəllim günü münasibəti ilə yazıçı-jurnalist və müəllim
Fərhad Əsgərovu təbrik edir, ona məsuliyyətli müəllim
peşəsində uğurlar arzulayırıq.
Şəmsiyyə KƏRİMOVA,
"Yeni təfəkkür" qəzetinin baş redaktoru, əməkdar
jurnalist |