| 
						
						 Fikrət 
						müəllim 75 illik ömür yolunun əlli ildən çoxunu şərəfli 
						peşəyə - müəllimliyə həsr edib. Bu sənətlə ucalıb və 
						yaşının kamillik çağına çatıb. 
						
						Fikrət Mövsüm oğlu Rəştiyev 1940-cı ildə Bakı şəhərində 
						anadan olub, 1958-ci ildə Yasamal rayonundakı 199 
						nömrəli orta məktəbi bitirmişdir. Elə həmin il  APİ-nin 
						(indiki ADPU) fizika-riyaziyyat fakültəsinə daxil 
						olmuşdur. O, 1963-cü ildə ali məktəbi bitirdikdən sonra 
						Şabran rayonu Gilgiçay kənd orta məktəbində fizika 
						müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1965-ci 
						ilin sentyabr ayında təhsil aldığı ali məktəbin 
						"Fizikanın tədrisi metodikası" kafedrasında baş laborant 
						vəzifəsinə təyin edilmişdir. Müsabiqə yolu ilə 1967-ci 
						ildə müəllim, 1968-ci ildə isə baş müəllim vəzifəsinə 
						seçilmişdir. Pedaqoji fəaliyyətə başlarkən o, elmi 
						yaradıcılığa da böyük həvəs göstərmişdir. Fikrət müəllim 
						həmin dövrdə çox aktual olan televiziyadan tədris 
						prosesində istifadə edilməsinə çalışır, tədris 
						televiziyasının praktik problemləri üzərində işləyirdi. 
						Tədris televiziyasının imkanlarını və şagirdlərə təsir 
						xüsusiyyətlərini göstərmək üçün o, 1971-1976-cı illərdə 
						televiziya ilə orta məktəb şagirdləri üçün fizika 
						dərsləri aparırdı. O, öz tədqiqatlarının materiallarını 
						və nəticələrini orta məktəblərdə kütləvi şəkildə tətbiq 
						etmək, pedaqoji ictimaiyyəti maarifləndirmək məqsədilə 
						həmin dövrdə üç tədris vəsaiti nəşr etdirir. Bu uğurlu 
						fəaliyyətin məntiqi yekunu olaraq o, 1973-cü ildə "Televiziya 
						- orta məktəbdə fizikanın tədrisində təlim vasitəsi kimi" 
						mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə 
						müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi 
						almışdır. Fikrət müəllimə ötən əsrin 60-80-cı illərində 
						professor A.Abbaszadə, dosentlər B.Şəfizadə, B.Sultanov, 
						T.Xasməmmədov, Ə.Əhmədov, Ə.Axundov, Z.Osmanov və digər 
						görkəmli metodist- alimlərdən dərs almaq, onların bir 
						çoxu ilə çiyin - çiyinə işləmək xoşbəxtliyi nəsib 
						olmuşdur. Onların zəngin təcrübəsindən bəhrələndiyini 
						dəfələrlə qeyd edən Fikrət müəllim bu gün özü gənc 
						müəllimlərə örnək, təcrübə məktəbidir. Tükənməz enerjiyə 
						malik olan və pedaqoji fəallığı ilə seçilən gənc Fikrət 
						müəllimi institut  rəhbərliyi 1972-ci ildə fizika 
						fakültəsinin dekan  müavini vəzifəsinə  irəli çəkmişdir. 
						O, 1975-ci ildə dosent vəzifəsinə seçilmiş, müəyyən 
						müddət FTM kafedrasının müdiri və dekan vəzifəsini icra 
						etmişdir.  
						
						Fikrət müəllim fizikanın tədrisi metodikası kafedrasının 
						"Fizikadan məktəb eksperimenti" laboratoriyasının 
						təkmilləşdirilməsində bu gün də öz yardımını əsirgəmir. 
						Bu məqsədlə son dövrdə Fikrət müəllimin laboratoriya 
						işlərinin aparılmasına dair yazdığı "Məktəb fizika 
						eksperimentinin texnologiyası" adlı metodik vəsaitini 
						misal göstərmək olar. 
						
						"Azərbaycanda fizikanın tədrisi metodikası elminin 
						inkişafı tarixi" mövzusunda ciddi və sistemli tədqiqat 
						aparan Fikrət müəllimin tapıntıları və 
						ümumiləşdirmələrinə aid respublika və beynəlxalq elmi 
						konfranslarda məruzələri, nəşr etdiyi məqalələri 
						pedaqoji ictimaiyyət maraqla qarşılamışdır. F.Rəştiyevin 
						fəaliyyətində gənclərlə işləmək, onlara qayğı göstərmək 
						xüsusi yer tutmuşdur. Hər il iki-üç tələbəsi TEC xətti 
						ilə səmərəli fəaliyyət göstərərək maraqlı məruzələr 
						hazırlayır və tələbə elmi konfranslarında 
						müvəffəqiyyətlə çıxış edirlər. O, bakalavr və 
						magistrlərin diplom və dissertasiya  işlərinə bacarıqla 
						rəhbərlik edir. Müxtəlif proqlamların müəllifidir.
						 
						
						Fikrət müəllim 1989-1994-cü illərdə fizikanın tədrisi 
						metodikası ixtisası üzrə ixtisaslaşmış Müdafiə şurasının 
						üzvü olmuşdur. Şuranın üzvü kimi o, həmişə gənc 
						mütəxəssislərin elmi-metodik səviyyələrinin yüksəlməsinə 
						çalışmış və bir neçə namizədlik dissertasiyasının 
						müdafiəsində  opponentlik etmişdir.  
						
						F.Rəştiyev Bakı şəhərinin bir sıra orta məktəblərinin 
						fizika müəllimləri ilə mütəmadi əlaqə saxlayır. Bu 
						görüşlər zamanı fizika fənninin tədrisi vəziyyətini, 
						məktəb fizika eksperimentinin təşkili, əyaniliyin  
						müxtəlif formalarından istifadə və s. məsələləri öyrənir 
						və onlara məsləhətlər  verir. İlin demək olar ki, 4 
						ayını  Bakının 13 nömrəli məktəbində gələcək 
						müəllimlərlə pedaqoji təcrübə aparır. Bu dövrdə hazırda 
						kurikulumla əlaqədar  müəllimlərə müxtəlif tövsiyələr 
						verir. O, 10 il müddətində fakültə pedaqoji təcrübəsinin 
						rəhbəri olmuşdur.  
						
						Fikrət müəllim sovet dövründə "Bilik" cəmiyyəti xətti 
						ilə müxtəlif müəssisələrdə aktual mövzularda mühazirələr 
						oxumuş və həmin mühazirələr həmişə maraqla 
						dinlənilmişdir. Təsadüfi deyildir ki, o, respublika "Bilik"  
						cəmiyyətinin birinci dərəcəli fəxri fərmanı ilə təltif 
						olunmuşdur. Dəfələrlə səmərəli elmi-pedaqoji 
						fəaliyyətinə görə rektorluğun, həmçinin Təhsil 
						Nazirliyinin təşəkkür və fəxri fərmanlarına layiq 
						görülmüşdür.  
						
						Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent F.Rəştiyev 
						gözəl ailə başçısıdır. İki övlad böyüdüb, tərbiyə 
						etmişdir, hər ikisi ali təhsillidir.  
						
						Yaradıcılığı ilə həyatı vəhdət təşkil edən Fikrət 
						Rəştiyev yüksək mənəvi keyfiyyətlərə malik  bir 
						müəllimdir. O, tələbələrinə qarşı tələbkar, eyni zamanda 
						obyektiv olmaqla yanaşı, həm də səmimi və qayğıkeşdir. 
						Fizikanın tədrisi metodikası kafedrasında Fikrət 
						müəllimin özünəməxsus yeri vardır. 
						
						Ömrünün 76-cı ilinə qədəm qoyan Fikrət müəllim həyatı və 
						yaradıcılığının başqa bir mənalı dövrünü yaşayır. Ötən 
						75 ilin pilləsindən geriyə  boylandıqda sevinməli, fəxr 
						etməli və düşünməli çox şey görünür. Bu ovqatla gözəl 
						insan, bacarıqlı alim  Fikrət Rəştiyevi kollektivimiz 
						adından ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür 
						və yeni yaradıcılıq uğurları arzulayırıq. 
						
						  
						
						
						Mirzəli MURQUZOV, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar 
						müəllim, "Şöhrət" ordenli,
 
						
						
						Xəlil PADAROV, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
 |