| 
						
						 Azərbaycan 
						Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının 
						direktoru, əməkdar elm xadimi, ATU-nun I uşaq 
						xəstəlikləri kafedrasının professoru  Surxay Musayevlə 
						müsahibə 
						
						
						Uşaq və  yeniyetmələrin sağlamlığının  hər bir cəmiyyət 
						və dövlət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi 
						bizə yaxşı məlumdur.  Təsadüfi deyil ki, uşaqların  
						sağlamlığı dövlətin barometri, indikatoru adlanır.  Uşaq 
						sağlamlığı, eyni zamanda bütövlükdə cəmiyyət və dövlət 
						haqqında fikir yürütməyə əsas verən sahədir. Onu  da 
						xüsusi vurğulayaq ki,  uşaq və  yeniyetmələrin 
						sağlamlığı ilə bağlı məsələlər  bizim ölkəmizdə də hər 
						zaman aktual olaraq qalmaqdadır.  Elə  Azərbaycan Tibb 
						Universitetinin Tədris-Terapevtik Klinikasının direkroru, 
						əməkdar elm xadimi, ATU-nun I uşaq xəstəlikləri 
						kafedrasının professoru Surxay Musayevlə görüşümüz  
						zamanı da son illər uşaq və yeniyetmələrin sağlamlığı 
						ilə bağlı məsələlərə, valideynləri maraqlandıran bir 
						sıra məqamlara toxunmağa çalışdıq.  
						
						
						- Professor, son dövrlərdə uşaqların sağlamlığı ilə 
						bağlı ölkəmizdə aparılan işlər barədə bir qədər məlumat 
						verməyinizi xahiş edirik. 
						
						-  İlk olaraq onu qeyd edim ki,  uşaqların sağlamlığının 
						qorunması məsələsi dövlətimizin daim diqqət 
						mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar 
						qəbul olunmuş, ölkə başçısı cənab İlham Əliyev 
						tərəfindən 2013 və 2014-cü illərdə iki çox önəmli 
						sənəd-"Uşaqların icbari dispanserizasiyası haqqında" 
						Azərbaycan Respublikasının Qanunu, "Ana və uşaqların 
						sağlamlığının yaxşılaşdırılmasına  dair 2014-2020-ci 
						illər üçün Dövlət Proqramı"  təsdiq olunub. Bütövlükdə 
						səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət 
						Proqramının hamısında uşaqların sağlamlıq  
						problemlərinə  xüsusi yer ayrılmış,  2009-cu il  "Uşaq 
						ili" elan olunmuşdur. Səhiyyə Nazirliyinin apardığı 
						ardıcıl və məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı 
						ilə bağlı bir çox nailiyyətlər əldə etmişik.  
						
						 - 
						Görülən müsbət  işlər göz qabağındadır.  Ancaq təəssüflə 
						etiraf edək ki, uşaqların sağlamlığının qorunması 
						sahəsində həll olunmalı bir sıra problemlər  hələ də mövcuddur. 
						40 ildən artıq uşaqların sağlamlığı ilə məşğul olan bir 
						pediatr kimi sizdən uşaq və yeniyetmələrin sağlamlıq 
						durumu barədə bir qədər ətraflı məlumat almaq istərdik. 
						
						- Sualınıza cavab olaraq  mən bir sıra statistik 
						rəqəmləri açıqlamaq  istərdim. Belə ki,  "Uşaqların 
						icbari dispanserizasiyası haqqında" Azərbaycan 
						Respublikasının Qanununa  uyğun olaraq uşaqlar arasında 
						həyata keçirilən icbari dispanserizasiya nəticəsində 
						1957174 uşaq müayinə olunub və 657096 (33,6%) uşaqda 
						xəstəlik aşkarlanıb. 
						
						Səhiyyə Nazirliyinin məlumatına görə,  xəstəliklər daha 
						çox 6-17 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. 
						Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 5 yaşa 
						qədər, 446790 (68%) nəfəri isə  məktəbyaşlı uşaqlar 
						(6-17 yaş) olub. 
						
						Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 
						"Azərbaycanda uşaqlar"  2012  və 2014-cü il rəsmi 
						statistik məcmuələrinə  istinadən qeyd etməliyəm ki, 
						2007- 2013-cü illəri əhatə edən bir dövr ərzində uşaqlar 
						arasında  bir sıra xəstəliklərin artması müşahidə olunub. 
						Belə ki, əgər 2007-ci ildə hər 10.000 nəfər 17 yaşınadək 
						uşaqda sinir sisteminin xəstəliklərinə 136,4 hallarda 
						rast gəlinirdisə, 2013-cü ildə bu göstərici artaraq 
						183,8-ə çatmışdır. 
						
						Həmin müddət ərzində uşaqlarda  göz  xəstəlikləri 
						112,7-dən 156,3-ə, tənəffüs orqanlarının xəstəlikləri 
						2222,6-dan 2732,6-ya, həzm sistemi xəstəlikləri 
						267,1-dən 386,1-ə, sümük-əzələ sistemi xəstəlikləri 
						34,3-dən 43,4-ə, qan dövranı xəstəlikləri 70,7-dən 
						95,4-ə qədər artmışdır. 
						
						Ümumiyyətlə, uşaqlarda xroniki xəstəliklərin ilk artma 
						tempi 7-10 yaşlarına təsadüf edir. Xəstəliklərin 
						yaranmasında irsi, ətraf mühit, ekoloji, sosial, tərbiyə 
						və digər amillərin də rolu var. 
						
						
						- Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər 
						hansılardır? 
						
						- Bilirsiniz, uşaqlarda xəstələnmənin artma tendensiyası 
						məhz məktəb dövrünə düşür. Təhsil sistemində çalışanlar 
						"məktəb xəstəlikləri" anlayışı ilə tanışdırlar. Bu o 
						xəstəliklərdir ki, daha çox uşaqlarda məktəb illəri 
						ərzində inkişaf edir. Bunlardan tənəffüs, həzm, 
						dayaq-hərəkət, sinir və göz xəstəliklərini qeyd etmək 
						olar. Aydın məsələdir ki, bu və ya digər xəstəliklərin 
						məktəblilərdə əmələ gəlməsi və ya inkişafı ilə bağlı 
						məsuliyyəti yalnız məktəbin və təhsil texnologiyalarının 
						üzərinə qoymaq düzgün olmazdı. Burada digər amillər də 
						rol oynayır. Ancaq uşağın sağlamlığının qorunması 
						məsələsində ilk növbədə məsuliyyət valideynlərin üzərinə 
						düşür. Bizim bu gün  çox peşəkar, olduqca  savadlı  
						həkimlərimiz var. Üzümü valideynlərə tutub deyirəm ki, 
						uşaqlarınızı mütəmadi olaraq həkim müayinələrindən 
						keçirin. Uşağınızın sağlamlığı ilə bağlı hər hansı bir 
						narahatlıq keçirdiyini görürsünüzsə dərhal həkimə 
						müraciət edin. Vaxtında müraciət, düzgün diaqnoz 
						övladınızın bir çox xəstəliklərdən qorunmasında 
						əhəmiyyətli rol oynayır. 
						
						Son illər xüsusilə  uşaqlar arasında bronx-ağciyər 
						xəstəliklərinə (pnevmoniya, bronxit, bronxiolit) daha 
						çox rast gəlinir. Çox təəssüf  ki, həmin xəstəliklər 
						məktəbəqədər yaşlı uşaqlarda daha geniş yayılmışdır. 
						Uşaqlar arasında ürək, qan-damar, sinir sistemi 
						xəstəliklərinin  də yayılmasının şahidiyik ki, bu əsasən 
						irsi keçir  və ya sonradan yaranır. 
						
						Dövrümüzün ən böyük problemi olan oturaq həyat tərzini 
						də qeyd etmək istərdim. Elm və texnikanın inkişafı 
						insanların, xüsusən  uşaqların fiziki aktivliyinin xeyli 
						dərəcədə azalmasına səbəb olmuşdur. Halbuki, 
						fizioloqların fikrincə, uşaqların fiziki fəallığa 
						tələbatı böyüklərə nisbətən iki dəfədən artıqdır. 
						Aparılan tədqiqatlar göstərmişdir ki, 75%  uşaqlar 
						hipodinamiyadan əziyyət çəkir və gələcəkdə də həmin 
						uşaqlarda daha çox ürək -damar, sinir, onkoloji və 
						endokrin sistemlərin patologiyasına rast gəlinir. 
						Hipodinamiya uşaqlarda orqan və sistemlərin normal 
						inkişaf  və  fəaliyyətinə mənfi təsir göstərir. 
						 
						
						
						- Payız  fəslinin gəlişi  uşaqlar, xüsusilə kiçikyaşlı 
						uşaqlar arasında anginanın (el arasında buna çox vaxt 
						boğaz ağrıları da deyirlər) artmasına da səbəb olur. 
						Bəzi valideynlər uşaqlarının birdəfəlik bu ağrılarına 
						son qoymaq üçün boğazında  artıq "ət" var deyib, tez onu 
						kəsdirir, bəzən isə ehtiyac duymayaraq  müalicə 
						etdirirlər. Bir pediatr kimi valideynlərə nə məsləhət 
						görərdiniz? Bu "ət" mütləq kəsilməlidirmi? 
						
						- Ehtiyac yaranmazsa, xeyr.  El arasında boğazda 
						"qlanda" deyilən damaq badamcıqları əslində insan 
						orqanizminə  müxtəlif xəstəliklərin daxil olmasının 
						qarşısını almaq kimi mühüm bir funksiyanı yerinə 
						yetirir. Bu zaman onların özü sadə dildə desək, 
						xəstələnir, lakin xaricdən ötürülən mikrobların 
						orqanizmə daxil olmasına imkan vermirlər, bir növ möhkəm 
						qoruyucu rolunu oynayırlar.  Həmin vaxt həkimin 
						məsləhəti ilə damaq badamcıqlarını müalicə yolu ilə 
						sağaltmaq olur. Amma bir zaman gəlir ki, damaq 
						badamcıqları artıq öz funksiyasının öhdəsindən gələ 
						bilmir və daxil olan mikroorqanizmlər, xüsusilə boğaz 
						yolunda toplanmış streptokoklar artıq orqanizmə, qana və 
						ya birbaşa ürək,  qan-damar sisteminə daxil olur, ürək 
						qişalarını, qapaqları və yaxud orqanizmə keçirsə 
						oynaqları, digər orqanları zədələyir. Əgər,  belə deyək, 
						soyuqlamış damaq badamcıqları müxtəlif terapevtik 
						müalicələrlə, fizioterapevtik  üsulların köməyi ilə 
						sağalmırsa, qoruyucu funksiyasını  yerinə yetirə 
						bilmədiyi təqdirdə qeyd etdiyimiz "artıq ətə" çevrilir. 
						Məhz bu zaman cərrahi müdaxiləyə ehtiyac yaranır. 
						
						Bəzən valideynlər səhlənkarlıq göstərərək  uşaqlarının  
						boğazı ağrıyarkən anginadır deyib üstündən heç nə 
						olmamış kimi keçirlər. Ən dəhşətli hal isə  odur ki, 
						bəzən boğazı ağrıyan  uşağı həkimə deyil, türkəçarə ilə 
						məşğul olan birinin yanına  apararaq həmin şəxsin 
						xəstənin boğazını əli ilə basmağına imkan yaradırlar. Bu 
						bilirsiz, boğaz yolunu zədələməklə yanaşı, bir çox 
						infeksiyaların yaranmasına səbəb ola bilər. Ona görə də 
						mən bu məsələlərdə valideynlərdən həssaslıq göstərməyi, 
						uşaqlarının səhhəti ilə bağlı  yalnız həkim göstərişinə 
						müvafiq olaraq hərəkət etməyi tövsiyə edirəm. 
						
						
						- Artıq yeni tədris ili başlayıb. Valideynləri narahat 
						edən məsələlərdən biri də məktəb çantalarının ağırlığı, 
						uşaqların bu yüklənmiş çantaları daşımaqda çətinlik 
						çəkmələridir. Bir həkim kimi  sizdən öyrənmək istərdik 
						ki, yaşına görə hər bir uşaq  neçə kiloqram ağırlığında 
						çanta daşıya bilər? 
						
						- Siz artıq uzun illərdir ki, məni narahat edən bir 
						məsələdən söz açdınız. Mən hər gün demək olar ki, bax 
						həmin ağır çantaları daşıyan məktəbliləri  və ya bu 
						missiyanı yerinə yetirən ata-anaları görür və onları 
						müşahidə edirəm. Təbii  ki, bu fiziki cəhətdən 
						formalaşmaqda olan uşaq və yeniyetmənin onurğa sütununda 
						patoloji dəyişikliklərə səbəb olur, qamətində, 
						duruşunda, yerişində belə  əməlli-başlı problem yaradır. 
						6 yaşında uşağın çəkisi 18-24 kq arası olmalıdır. Bu 
						yaşda, daha dəqiq desək, orta normal çəki 20 kq hesab 
						olunur. Həmin çəkiyə malik uşağın daşıyacağı çanta 2, ən 
						yuxarısı 3 kq olmalıdır. Bundan artıq uşağı yükləmək 
						olmaz. Yuxarı siniflərdə də çantanın ağırlığı  maksimum 
						5 kq olmalıdır. İstənilən yaşda olan şagirdlər hər iki 
						çiyinə taxılan çantalardan istifadə etməlidirlər. Ən 
						uyğunu iki çiyinə taxılan ("rukzak") çantalardır. 
						Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni 
						olmalıdır.  Bir çiynə taxılan çantalar uşaqlarda çiyin, 
						boyun, qamət əyriliyinə, skoliozun inkişafına səbəb 
						olur. Çanta alarkən onun ortopedik olmasına diqqət 
						yetirilməlidir. 
						
						Mən düşünürəm ki, məktəblərdə hər sinfin öz kitab fondu 
						olsa, şagird ona lazım olan kitabları məktəblə ev 
						arasında daşımaqdan azad olar. Elə sinifdə olan fonddan 
						dərs kitablarını götürüb istifadə edə bilər. Öz 
						kitablarından isə uşaq evdə istifadə etsin.  
						
						
						- Son vaxtlar ölkəmizdə uşaqlara vurulan peyvəndlərə 
						münasibət birmənalı deyil. Bəziləri bu peyvəndlərin 
						vacib olduğunu, bəziləri  isə onların vurulmasının o 
						qədər də zəruri olmadığını söyləyirlər. Sizin buna 
						münasibətiniz necədir? 
						
						- Təbii ki, bu peyvəndlərin vurulmasının tərəfdarıyam. 
						Bu gün Azərbaycanda, inkişaf etmiş ölkələrdə olduğu 
						kimi, 11 yoluxucu xəstəliyə qarşı peyvənd tətbiq olunur. 
						
						Siz bir fikirləşin, uşaqlar üçün nəzərdə tutulmuş 
						peyvəndlər vurulmasaydı, onlar hansı xəstəliklərlə 
						üz-üzə qalacaqdılar? Uşaqlarımızın sağlam böyüməsini 
						istəyiriksə  onlar  müəyyən yolxucu xəstəliklərdən 
						sığortalanmaq üçün mütləq peyvənd olunmalıdırlar. Təbii 
						ki, əgər uşaqda heç bir əks-göstəriş olmazsa. 
						
						Valideynlər əgər kiminsə sözü ilə övladlarının peyvənd 
						etdirilməsindən imtina edirlərsə, mən deyərdim ki, bu 
						olduqca yanlış bir addımdır. Onlar əslində  uşaqlarının  
						sağlamlığına bir növ  qəsd  edirlər. Buna görə də mən 
						tövsiyə edərdim ki, valideynlər uşaqlarını peyvənd  
						etdirməkdən çəkinməsinlər. Əksinə, vaxtlı-vaxtında  bu 
						peyvəndlərin vurulmasında özləri maraqlı olmalıdırlar. 
						
						
						- Surxay həkim, Təhsil Nazirliyi Milli Təhsil 
						Texnologiyaları Mərkəzi ilə birlikdə "Sağlam 
						təhsil-sağlam millət " layihəsini həyata keçirir. Layihə 
						çərçivəsində bir sıra ümumtəhsil müəssisələrində "Sağlam 
						təhsil sinif"ləri yaradılıb. Bununla bağlı sizin 
						fikrinizi bilmək istərdik. 
						
						- Bir həkim kimi Azərbaycan məktəblərində həyata 
						keçirilən bu layihəni tam dəstəkləyir və mən də bunu 
						təhsilalanların sağlamlığının qorunması istiqamətində 
						atılan ən mühüm addımlardan biri kimi dəyərləndirirəm. 
						Onu da deyim ki, bizim həm ATU-nun əməkdaşları, həm də 
						rəhbərlik etdiyim Azərbaycan  Tibb Universitetinin  
						Tədris-Terapevtik Klinikasının həkimləri bu layihədə 
						təhsil işçiləri ilə birlikdə fəaliyyət göstərir, 
						mütəmadi olaraq  Azərbaycan məktəblilərinin sağlamlıq 
						vəziyyətlərini öyrənmək üçün onlar arasında  müayinələr 
						keçirirlər. Şəxsən mən özüm  Bakı şəhəri 23 nömrəli tam 
						orta məktəbdəki "Sağlam təhsil sinif"lərində  şagirdlər 
						üçün yaradılan şəraitlə yaxından tanış olmuşam və 
						buradakı sağlam təhsil mühiti olduqca xoşuma gəlib. 
						
						Şagirdlərin yüksək təhsil almaları ilə yanaşı, birbaşa 
						sağlamlığına yönələn bu layihənin uğurlu nəticələr 
						verəcəyini düşünürəm.Təhsil Nazirliyinin həyata 
						keçirdiyi bu layihəni şəxsən biz həkimlər təqdir edirik. 
						Deyərdim ki, "Sağlam təhsil-sağlam millət" layihəsi 
						həkimlərimizin istər uşaqlarla, istərsə də onların 
						valideynləri ilə ünsiyyətdə  olmalarına  əlverişli imkan 
						və şərait yaradır ki, bu da xüsusilə təhsil həyatı 
						keçirən böyüməkdə olan gənc nəslin sağlamlığı ilə bağlı  
						tibbi-maarifləndirmə işlərinin aparılmasında əhəmiyyətli 
						rol oynayır. 
						
						
						- Müəllimlərə, valideynlərə tövsiyəniz? 
						
						- Mən həkim, eyni zamanda həm də müəlliməm. Müəllimlik 
						sənəti mənim üçün həmişə şərəfli və müqəddəs olub. 
						Vaxtilə orta məktəbdə, daha sonra isə ali məktəbdə 
						təhsil aldığım illərdə ideallaşdırdığım müəllimlərim 
						olub və indinin özündə də  hər auditoriyaya girəndə 
						onlar gözümün önündə canlanır. Müəllimlərimdən  əxz 
						etdiklərimi tələbələrimə çatdırmağa çalışıram. Mən bu 
						günün müəllimlərini də öz şagirdləri tərəfindən hər 
						zaman hörmətlə anılmasını,  onlardan görüb-götürə 
						biləcəkləri keyfiyyətləri qoruyub saxlamağı tövsiyə 
						edirəm.  
						
						Bilirsiniz, müəllimlər  təhsil verməklə yanaşı, hər bir  
						şagirdin həm də ilk həkimi olmalıdır. Şagirdinin 
						sağlamlığını hər zaman diqqətdə saxlamalı, onun  səhhəti 
						ilə bağlı cüzi bir problemi belə nəzərindən qaçırmamalı, 
						vaxtında valideynə  məlumat verməli, onu 
						istiqamətləndirməyi bacarmalıdır.   
						
						Valideynlərin ən böyük arzusu öz övladının yüksək bilik 
						və bacarığa, intellektual səviyyəyə malik olmasıdır. 
						Sual verirəm ki, əgər həmin uşaq sağlam deyilsə, əldə 
						etdiyi bilik onun nəyinə lazımdır? Bir müddət keçəndən 
						sonra həmin valideyn  xəstə övladının sağlamlığı ilə 
						bağlı problemlərlə üzləşməli olacaq. Ona görə 
						valideynlər  uşaqlarının sağlamlığı, düzgün inkişafı ilə 
						bağlı sonradan çətinliklərlə üzləşməmək üçün ilk növbədə 
						onların səhhətinə  diqqət yetirməlidirlər. Qeyd etdiyim 
						kimi, mütəmadi olaraq uşaqlarını həkim müayinəsindən 
						keçirməli və həkimlərimizə inanmalıdırlar. Belə bir 
						aforizm var: xəstə həkimə inanırsa, bu onun müalicəsinin 
						artıq 50 faizinin uğurlu olduğunu və yaxud başqa cür 
						desək, həkim xəstəni inandıra bilirsə,  bu artıq həkimin 
						müalicəsinin 50 faiz  uğurlu  olduğunu deyir. Mən 
						valideynlərimizə  övadlarının sağlam böyüməsi üçün 
						həkimlərimizlə  məhz belə bir inam və etibar üzərində 
						qurulmuş uğurlu əməkdaşlıq arzulayıram. 
						
						
						- Surxay həkim, gərgin iş rejiminizə  baxmayaraq 
						müsahibəyə vaxt ayırdığınız  üçün oxucularımız adından 
						sizə minnətdarlığımızı bildiririk.  
						
						
						Samirə KƏRİMOVA, "Azərbaycan müəllimi"
 s.kerimova@ muallim.edu.az
 |