Təhsil
Nazirliyinin "Uşaq və gənclərin ən yaxşı yaradıcılıq
işləri" mövzusunda keçirdiyi respublika müsabiqəsinə
yekun vurulub.
Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi
Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi
keçirilib və eyni zamanda burada ən yaxşı işlərdən
ibarət sərgi təşkil olunub. Tədbirdə Təhsil Nazirliyinin
əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
internat məktəbləri, yaradıcılıq mərkəzləri, ilk
peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri və
müsabiqə qalibləri iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd istedadlı uşaq və
gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını
inkişaf etdirmək, məktəbliləri yaradıcılıq dərnəklərinə
daha geniş cəlb etmək, uşaq yaradıcılıq mərkəzləri
arasında təcrübə mübadiləsini təşkil etməkdən ibarətdir.
Artıq 4-cü dəfədir ki, keçirilən müsabiqədə bu il ilk
dəfə olaraq respublikada fəaliyyət göstərən internat
məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdləri də iştirak edib.
Müsabiqə dekorativ tətbiqi sənət, dizayn, floristika
nominasiyaları olmaqla 20 növ üzrə keçirillib. Müsabiqə
rayon (şəhər) və respublika mərhələləri üzrə 2 mərhələdə
təşkil olunub.
Müsabiqənin ilk mərhələsinə 4 mindən yuxarı iştirakçı
qatılıb. Müsabiqənin respublika mərhələsinə isə 1000-ə
yaxın əl işi təqdim edilib. Münsiflər heyəti tərəfindən
81 qalib və 24 fəal iştirakçı müəyyən olunub.
Müsabiqənin Respublika mərhələsində I, II və III yerləri
tutan iştirakçılar Təhsil Nazirliyinin diplomu və
qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Müsabiqə qaliblərinin və seçilmiş ən yaxşı işlərin
fotolarından ibarət kataloq hazırlanır. |