Sentyabrın
30-da Bakı şəhərindəki 47 nömrəli tam orta məktəbdə
yaradılmış "Sağlam təhsil" sinfi ilə tanışlıq məqsədilə
mediatur keçirilib.
Tədbirdə müxtəlif KİV-ləri təmsil edən 20-dək mətbuat
nümayəndəsi iştirak edib.
Mediatur zamanı media nümayəndələrinə "Sağlam təhsil"
sinifləri barədə geniş məlumat verilib. Bildirilib ki,
2015-2016-cı tədris ilində "Sağlam təhsil-sağlam millət"
layihəsi çərçivəsində daha 52 "Sağlam təhsil" sinfi
yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil
məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 "Sağlam
təhsil" sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i
ötən tədris ilində yaradılıb.
Qeyd edək ki, "Sağlam təhsil" siniflərində tədris
hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird
masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı
verir. Bu siniflərdə dərs deyən müəllimlərin
maarifləndirməsi işini daha səmərəli təşkil etmək
məqsədilə "Sinif gigiyenası" adlı metodik vəsait
hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb.
Ötən tədris ilindən fəaliyyət göstərən 15 "Sağlam
təhsil" sinfində keçirilmiş tibbi monitorinq bu
siniflərdə tətbiq edilən texnologiyaların uşaqların
sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni
zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki
və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi,
onların öyrənmə qabiliyyətinin, habelə
emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.
"Sağlam təhsil-sağlam millət" layihəsinin əsas məqsədi
təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə
yanaşı, tədris şəraitindən irəli gələn hərəkət
məhdudiyyətini və digər amilləri aradan qaldırmaq,
onların sağlamlığını qorumaqdan ibarətdir. |