Peşə bayramımızı direktor kimi ilk dəfə qeyd edirəm
Hüseynağa
QASIMOV,
Bakı şəhəri 218 nömrəli tam orta məktəbin direktoru
Payız fəsli biz müəllimlər üçün iki hadisə ilə
əlamətdardır. Yeni dərs ilimiz bu fəsildə başlayır. Biz
müəllimlərin ənənəvi peşə bayramı da bu fəsilə təsadüf
edir. Bu iki hadisəyə görə də biz müəllimlər payızı daha
çox sevirik. Builki payızın isə mənim bioqrafiyamda öz
yeri var. Belə ki, dərs ili ərəfəsində mənim karyera
inkişafımda mühüm hadisə baş verib: mən məktəb direktoru
təyin edilmişəm.
Dövlət Strategiyasında qarşıya qoyulan əsas məsələlərdən
biri - idarəetmə texnologiyalarına yiyələnmiş
idarəedicilərin - məktəb direktorlarının hazırlanması
aktual məsələdir. Bunu nəzərə alaraq Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil
İdarəsi ilə birlikdə ikinci ildir ki, məktəb
direktorlarının hazırlanması üçün kurslar təşkil edir.
Həmin təlimlərdən keçərək kursu uğurla bitirən kadrlar
direktor təyin olunur. Qeyd edim ki, seçim
çoxmərhələlidir. Burada istər imtahan, istərsə də
müsahibə mərhələsi çox obyektiv və şəffaf şəkildə
aparılır.
Mən də bu təlimlərə 2014-cü ilin noyabr ayında qoşuldum.
Təlimlərdən sonra imtahan və müsahibə mərhələlərini
uğurla keçdim və 7 sentyabr 2015-ci il tarixində Bakı
şəhəri 218 nömrəli tam orta məktəbə direktor təyin
olundum. Elə həmin gün təhsil naziri Mikayıl Cabbarov
yeni təyin olunan direktorları qəbul edərək özünün
tövsiyə və tapşırıqlarını verdi.
Bu il ilk dəfə olaraq mən müəllimlərin peşə bayramını
direktor kimi qeyd edirəm. Bu da üzərimə daha böyük
vəziflər qoyur. Böyük bir kollektivə rəhbərlik etmək,
onların problemlərinin həlli yollarını axtarmaq,
təhsilin keyfiyyətini yaxşılaşdırmaq, bacarıqlı, bilikli
və zəngin dünyagörüşünə malik gənclər yetişdirmək
yolunda öz işimi cənab nazirimizin tövsiyələri əsasında
qurmağa çalışacağam.
Təhsil sisteminə gətirdiyi yeniliklərə və şəffaflığa
görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm. Bu
çətin, şərəfli işdə onlara uğurlar arzulayır və bütün
müəllimləri peşə bayramları münasibətilə təbrik edirəm.
Həm müəllim, həm də direktor kimi
Rəna
SÜLEYMANOVA,
Bakı şəhəri 18 nömrəli tam orta məktəbin direktoru
Bütün zamanların ən şərəfli, müqəddəs peşələrindən
sayılan müəllim sözünün ziyası, nuru hər birimizin
ürəyinə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq
salıb. Müəllimlər şagirdlərin hərtərəfli bilik almaları,
vətənə, dövlətə layiqli övlad olmaları üçün bütün bilik
və bacarıqlarını sərf edirlər. Şagirdinin hər cür
şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib,
sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır,
lakin şərəfli bir yükdür.
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixi
dünyanın 100-dən çox ölkəsinin müəllimləri özlərinin
peşə bayramı kimi qeyd edirlər. Beynəlxalq Müəllimlər
Günü artıq neçə illərdir ki, müstəqil ölkəmizdə də peşə
bayramı kimi qeyd edilir.
Uzun illər müəllim və məktəb direktorunun müavini
işləsəm də bu il mənim pedaqoji fəaliyyətimdə yeni
səhifə açıldı. Təhsilin idarə olunmasında müasir
tələblərə uyğun yeni, keyfiyyətli bilik və bacarıqlar
əldə etmək, peşəkarlıq səviyyəmi artırmaq, idarəetmə
işini daha dərindən öyrənmək üçün Təhsil Nazirliyi
tərəfindən keçirilən təlimlərə qatıldım. Təlimlərdə
təhsildə yüksək keyfiyyəti təmin etmək üçün düzgün
istiqamətləndirmə mexanizmləri ilə tanış oldum, təhsilin
daha çevik idarə olunması, yeniləşən əmək şəraitinə
uyğunlaşması üçün səmərəli fəaliyyət həyata keçirməyin
yollarını öyrəndim, təhsilin inkişafında maraqlı olan
tərəflərlə düzgün münasibətlər qurulması haqqında zəruri
biliklər əldə etdim. Təlimləri uğurla başa vurduqdan
sonra Təhsil Nazirliyi tərəfindən mənə böyük bir etimad
göstərildi. Doğma Bakımızın mərkəzi küçələrindən birində
yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta
məktəbə rəhbərlik mənə həvalə edildi. Mənə göstərilən
etimada görə Təhsil Nazirliyinə xüsusi təşəkkürümü
bildirirəm. Bunun üçün çox qürur hissi keçirirəm. Bu il
müqəddəs peşə bayramını ilk dəfə həm müəllim, həm də
direktor kimi qeyd edəcəyəm. Bu mənə ikiqat bayram
sevinci bəxş edir. Bayramınız mübarək, dəyərli
müəllimlər!
Pedaqoji və şagird kollektivinin sevgisini qazanmaq
böyük uğurdur
Tünzalə
ZEYNALOVA,
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin direktoru
Bütün sahələrdə müasirləşən, inkişaf edən müstəqil
Azərbaycanımızda son illər milli təhsil sistemində
aparılan islahatlar, müşahidə olunan kəmiyyət və
keyfiyyət dəyişiklikləri gündən-günə artmaqdadır. Hər
il olduğu kimi, bu tədris ilində də məktəblilərin
müasir tələblərə cavab verən, təlim-tədris imkanları,
infrastrukturu olan məktəblərdə təhsil almaları üçün
bütün zəruru tədbirlər həyata keçirilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin əsaslı
təmir olunmuş məktəblərin açılış mərasimlərində
iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə,
valideynlərlə, şagirdlərlə görüşü təhsilə yüksək diqqət
və qayğıya bariz nümunədir. Xüsusi vurğulamaq istərdim
ki, 283 nömrəli tam orta məktəbin kollektivi olaraq
biz də bu unudulmaz sevinci öz taleyimizdə yaşadıq.
Məktəbimiz cari tədris ilində əsaslı təmir edildi və
yeni dərs ili ərəfəsində möhtərəm Prezidentimiz məktəbdə
olaraq görulən işləri yüksək dəyərləndirdi, pedaqoji
kollektivə uğurlar arzuladı.
Artıq ikinci tədris ilidir ki, təhsil müəssisələrində
rəhbər vəzifələrdə çalışmaq istəyən şəxslər üçün
təlimlər təşkil edilir, təlimlərin yekun
qiymətləndirilməsi və müsahibə mərhələsi keçirilir. Mən
də həmin layihənin uğurlu qalibi olaraq bu il Bakı
şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyinatı
almışam. Üzərimizə qoyulan böyük etimadın
məsuliyyətini dərk edirəm və bütün potensial gücümü
səfərbər edərək doğrultmağa çalışacağam.
Qarşıdan Beynəlxalq Müəllimlər Günü gəlir. Bu, yeni
direktor təyin olunduğum tədris ocağında keçirəcəyim ilk
peşə bayramımızdır. Bu şərəfli bayram münasibətilə
rəhbərlik etdiyim 283 nömrəli tam orta məktəbin
kollektivini və bütün Azərbaycan müəllimlərini təbrik
edirəm, peşəkar həmkarlarıma uğurlar diləyir və
dövlətin təhsil siyasətini səmərəli yerinə yetirməkdə
möhkəm addımlarla irəliləməyi arzulayıram.
Və eyni zamanda bir müəllim, bir təhsil işçisi olaraq
şagirdlərimin, məzunlarımın, pedaqoji kollektivimin
rəğbət və məhəbbətini qazanmağı özümə arzulayıram. Bir
təhsil müəssisəsinin rəhbəri üçün bu sevgini
qazanmaqdan böyük uğur tanımıram.
Üzərimə çox böyük məsuliyyət düşdüyünü hiss edirəm
Natəvan
ƏSƏDOVA,
Bakı şəhəri, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin
direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru
Uşaq və gənclərimizi gələcəkdə ölkəyə, xalqa ləyaqətlə
xidmət edən vətəndaş kimi hazırlamaq, Azərbaycanın
təhsil sistemini dünya standartları səviyyəsinə
çatdırmaq məqsədilə ölkə Prezidentinin rəhbərliyi
altında əsaslı islahatlar həyata keçirilməkdədir. Təbii
ki, yeni məktəb binalarının inşası, müasir tədris
metodikalarının və yeni texnologiyaların tətbiqi bu
istiqamətdə müəyyən uğur və nailiyyətlərin əldə olunması
üçün zəruri şərtlərdir. Lakin bu işdə təhsili idarə
edənlərin, məktəb rəhbərlərinin də üzərinə mühüm
vəzifələr düşür. Bununla əlaqədar mən ilk növbədə,
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarovun təşəbbüsü ilə həyata keçirilən müxtəlif
layihələrin, xüsusən də ümumi təhsil müəssisələrində
rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə bu
vəzifələrdə çalışmaq istəyən şəxslər üçün Təhsil
Nazirliyinin keçirdiyi təlimlərin əhəmiyyətini qeyd
etmək istərdim. Müxtəlif müsabiqə və imtahan yolu ilə
orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin
olunan müəllimlərdən biri də mənəm. İlk növbədə mənə
göstərilən etimada görə nazirliyin rəhbərliyinə dərin
təşəkkürümü bildirirəm. Qeyd etməliyəm ki, üzərimə çox
böyük məsuliyyət düşdüyünü hiss edirəm. Etimadı
doğrultmaq, qarşımızdakı mühüm vəzifələri yerinə
yetirmək üçün, fikrimcə, tədris prosesində ilk növbədə
şəffaflığa nail olmaq, təşəbbüskarlıq, idarəetmədə yeni
vərdişlərə yiyələnmək, cəmiyyətdəki şəxsi rolunu dərk
etmək kimi əsas keyfiyyətlər gərəkdir.
Müəllimlik çox şərəfli sənətdir. Lakin şərəfli olduğu
qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Müəllim
şagirdlərin mənəvi dünyasını görməli və ona fərdi
yanaşma üsullarını bilməlidir. Hər bir müəllim
məktəbin mənəvi həyatına həssaslıq, qayğıkeşlik, dostluq,
mehribanlıq və işgüzarlıq xüsusiyyətlərini
aşılamalıdır. Düşünürəm ki, o zaman biz
müəyyənləşdirilmiş layihələr üzrə lazımi nəticələrə nail
ola bilərik. Odur ki, hamını ikiqat qüvvə ilə işləməyə
çağırır və fürsətdən istifadə edərək bütün həmkarlarımı,
habelə nazirliyimizin kollektivini direktor kimi ilk
dəfə qeyd edəcəyim Beynəlxalq Müəllimlər Günü
münasibəti ilə təbrik edir, yaradıcılıq uğurları
arzulayıram.
Arzusunda olduğum peşənin ilk bayram sevincini yaşayıram
Güldanə
HACIƏLİYEVA,
Bakı şəhəri, Heydər Əliyev adına liseyin ibtidai sinif
müəllimi
Müəllim... Kimdir o? Bizə ilk dəfə qələm tutmağı,
hərfləri öyrədən, elmin qapılarını üzümüzə açan, uşaq
ikən bütün şıltaqlıqlarımıza dözən, səhvlərimizi
bağışlayan, bizə ana qayğısı göstərən şəxs. Mən də
hələ məktəbə getdiyim ilk günlərdən ibtidai sinif
müəllimi olmaq istəmişəm. Buna səbəb ilk müəllimim
Validə müəllim olub. Bu peşəni onun simasında sevib,
gözəlliklərini görmüşəm. Uşaqlıq arzuma çatmaq üçün
Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldum.
Ali məktəbi bitirdikdən sonra müəllimlərin işə qəbulu
üzrə keçirilən müsabiqədə iştirak etmək üçün elektron
şəkildə ərizə verdim və imtahanlarda iştirak
etmək hüququ qazandım. Şəffaf şəkildə keçirilən
müsabiqədə yüksək bal toplayaraq respublikamızda ən
nüfuzlu təhsil ocaqlarından biri olan Heydər Əliyev
adına liseydə müəllim vəzifəsinə təyin olundum və
pedaqoji fəaliyyətə başladım. Liseyə ilk gəldiyim
gündən bu təhsil ocağının direktoru Fikrət Xəlilovun
və pedaqoji kollektivin gənc müəllim kimi mənə xüsusi
diqqət və qayğısını hiss etdim. Təcrübəli müəllimlərdən
müxtəlif məsləhət və tövsiyələr aldım.
Qarşıdan Beynəlxalq Müəllimlər Günü gəlir. Uşaqlıqdan
arzusunda olduğum peşənin ilk bayram sevincini
yaşayacağım üçün həm sevincli, həm də həyəcanlıyam. Hər
il müəllim günündə pedaqoji işçilər təbrik edilərkən
düşünürdüm ki, görəsən məni də nə vaxtsa bu münasibətlə
təbrik edəcəklərmi? Şükürlər olsun ki, həmin gün gəlib
çatdı. Müqəddəs sayılan müəllimlərin peşə bayramı
münasibətilə təhsil işçilərini səmimi-qəlbdən təbrik
edir, onlara şərəfli və çətin işlərində uğurlar
arzulayıram.
Çox sevinirəm ki, arzu etdiyim sənəti bu məktəbdə davam
etdirirəm
Günay
ABBASOVA,
Bakı şəhəri 218 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi
Hamımıza məlumdur ki, müəllim əməyinin nəticəsində
cəmiyyət formalaşır, savadlı, bilikli, geniş
dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu
insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda
ölkəmizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak
edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini
yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər
söyləmişdir. Bu siyasətin davamı olaraq bu gün də ölkə
başçısı cənab İlham Əliyev müəllim əməyini daim diqqətdə
saxlayır, onlara xüsusi qayğı göstərir.
Son illər təhsil sahəsində aparılan islahatlar
nəticəsində təhsilimiz sürətlə inkişaf edir.
İslahatların tərkib hissələrindən biri də müəllimlərin
şəffaf şəkildə işə qəbulu ilə bağlı keçirilən
müsabiqədir. Bu il mən də müəllim olmaq arzusunda olan
şəxslərlə birlikdə müsabiqədə iştirak etdim və Binə
qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə
müəllim vəzifəsinə təyinat aldım. Təhsil sahəsində belə
şəraitin yaradılması çox sevindirici haldır.
İndiyədək orta ixtisas məktəbində işləsəm də çox
sevinirəm ki, arzu etdiyim sənəti bu məktəbdə davam
etdirirəm. Yaxşı müəllim olmaq üçün var gücümlə
çalışıram.
Bu il mən ilk dəfə tam orta məktəbdə öz peşə bayramımı
qeyd edəcəyəm. Yəqin ki, mənimlə bərabər bu il işə
qəbul olunanların çoxu üçün bu belədir. Fürsətdən
istifadə edib məktəbimizin rəhbərliyini, kollektivini və
müəllim adını daşıyan bütün şəxsləri təbrik edir, onlara
xoş arzularımı bildirirəm.
İlk dəfə məktəbə gələrkən çox həyəcanlı idim
Aynur
CAMALOVA,
Bakı şəhəri 135 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu günü
YUNESKO 1966-cı ildə müəllimlərin statuslarının
artırılması ilə bağlı qəbul edərək dünya
müəllimlərinə hədiyyə etmişdir. Ölkəmizdə Beynəlxalq
Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə başlanılıb.
Mən də peşə bayramımızı çox sevirəm və hər il onu
təntənə ilə qeyd edirəm. Bayram günü bütün
həmkarlarıma təbrik ünvanlayıram. Bu il isə təbrik
ünvanlarımı bir qədər dəyişməli, daha doğrusu
genişləndirməli olacağam. Çünki bu il mən Təhsil
Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu üzrə
müsabiqədə iştirak etmişəm və seçmiş olduğum vakant
yerlərdən birinə - Bakı şəhərinin Binəqədi rayonundakı
Ə.Şıxlinski adına 135 nömrəli tam orta məktəbə işə
qəbul olunmuşam. Öncə onu deyim ki, müsabiqənin istər
imtahan, istərsə də müsahibə mərhələsi çox şəffaf
formada keçdi. Müsabiqə həqiqətən də təhsili başa
vurub işləməyən müəllimlərin işlə təmin olunması üçün
təşkil olunmuş çox təqdirəlayiq bir təşəbbüsdür. Bu
təşəbbüsə görə Təhsil Nazirliyinə öz minnətdarlığımızı
bildiririk.
İlk dəfə məktəbə gələrkən necə kollektivlə üzləşəcəyimi
bilmədiyim üçün çox həyəcanlı idim. Ancaq başda
məktəbin direktoru Sadəgül Həsənova olmaqla çox
mehriban və səmimi bir kollektivlə rastlaşdım. Məni çox
gözəl qəbul etdilər, tez bir zamanda müəllimlərlə
münasibət qurdum və onlara alışdım.
Belə kollektivlə və 1-ci sinfin körpə fidanları ilə ilk
peşə bayramını qeyd etməyin daha maraqlı olacağına
inanıram. Bu bayram münasibəti ilə bütün kollektivimizi
səmimi-qəlbdən təbrik edir, hər bir həmkarıma işlərində
daim uğurlar arzulayıram. Eyni zamanda 10 il
çiyin-çiyinə çalışdığım Ağdam rayonu 88 nömrəli köçkün
tam orta məktəbin müəllim kollektivini və ölkəmizin
bütün fədakar müəllimlərini də peşə bayramları
münasibəti ilə ürəkdən təbrik edirəm.
Ulu öndərin müəllimə verdiyi yüksək qiymət məni bu
peşəyə həvəsləndirib
Vüsalə
QƏDİROVA,
Bərdə rayonu Tumaslı kənd tam orta məktəbinin biologiya
müəllimi
Ümummilli liderimiz Heydər Əliyev müəllimliyi şərəfli
peşə hesab edir, öz müəllimlərini həmişə hörmətlə
xatırlayırdı. Ulu öndərin müəllim haqqında dediyi
qiymətli kəlamlar məni bu şərəfli peşəyə
istiqamətləndirib. Arzuma çatmaq üçün 2001-ci ildə orta
məktəbi bitirib sənədlərimi ali məktəbə qəbul üçün
təqdim etmişəm və 551 balla BDU-nun biologiya
fakültəsinə qəbul olmuşam.
İnsan kapitalının yetişdirilməsi, cəmiyyətin inkişaf
göstəricilərinin artırılması müəllimin fəaliyyətindən
çox asılıdır. Şəxsiyyətin ahəngdar inkişafi vəzifəsi,
ilk növbədə, müəllimin üzərinə düşür. Cəmiyyət ən əziz
və qiymətli sərvətini, öz ümidi, gələcəyi olan uşaqları
müəllimə etibar edir. Bu məsələləri yaxşı bildiyimdən
hələ ali məktəbdə oxuyarkən müəllimliyin sirlərinə
yiyələnmək üçün çox çalışmışam.
Nəhayət, bu il arzumu reallaşdırmaq üçün imkan tapdım.
2015-ci il 21 iyul tarixində Təhsil Nazirliyinin təşkil
etdiyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak
edərək Bərdə rayonu Tumaslı kənd orta məktəbində müəllim
kimi fəaliyyətə başladım. Artıq bir neçə gündür ki,
sevdiyim sənətə qovuşmuşam. İnanıram ki, yetişdirməsi
olduğum Azərbaycan təhsilinin daha da inkişaf
etdirilməsinə dəstək verə biləcəyəm.
Qarşıdan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü gəlir.
Bu bayramı bu il mən də işə yeni qəbul olunan
həmkarlarım kimi ilk dəfə qeyd edəcəyəm. Dərs dediyim
uşaqlar, müəllim həmkarlarım məni bu münasibətlə təbrik
edəcəklər. Bu mənim üçün ilk təbriklər olacaq. Mən də
məktəbimizin kollektivini, öz müəllimlərimi təbrik
edəcəyəm. Mənə verilmiş fürsətdən istifadə edərək
ölkəmizin bütün müəllimlərini peşə bayramları münasibəti
ilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. |