| 
						
						
						Bilik Fondu jurnalist olmaq istəyənlərə üz tutur: 
						"Yazmağı bacaracaqsan"  
						
						Dördüncü hakimiyyət sayılan ictimai institut - kütləvi 
						informasiya vasitələri cəmiyyətdə xəbərləmə funksiyasını 
						yerinə yetirməklə yanaşı, bir növ nəzarətçi, 
						nizamlayıcı, toplumun rəy və qərarlarına təsir gücünə 
						malik bir mövqedədir. Cəmiyyətdə ictimai fikrin 
						formalaşmasında, kütlələrin məlumatlandırılmasında və  
						bilgiləndirilməsində medianın rolu danılmazdır. 
						 
						
						1875-1877-ci illərdə Həsən bəy Zərdabinin redaktoru 
						olduğu "Əkinçi" qəzeti ilə Azərbaycanda milli mətbuatın 
						özülü qoyuldu. Ölkədə milli təfəkkürün və ictimai fikrin 
						formalaşmasında önəmli rol oynayan demokratik dəyərlər 
						üzərində təşəkkül tapan milli mətbuat bu gün də 
						mütərəqqi ənənələrini qoruyub saxlayır, inkişaf etdirir. 
						
						"Yaşadığımız informasiya əsrində cəmiyyətin aktual 
						problemlərinin ictimailəşməsində, əhalinin müxtəlif 
						təbəqələri arasında ictimai münasibətlərin 
						tənzimlənməsində, sivil dünyaya inteqrasiya prosesində 
						özünəməxsus yeri olan kütləvi informasiya vasitələrini" 
						ümummilli lider Heydər Əliyev cəmiyyətin ən önəmli 
						faktorları sırasına qoyur: "Hər bir ölkədə 
						demokratiyanın səviyyəsinin göstəricisi kimi, azad 
						mətbuatın əsas vəzifəsi siyasi plüralizmi, söz və fikir 
						azadlığını daha da dərinləşdirməkdən, vətəndaşların 
						informasiya ehtiyaclarını ödəməkdən ibarətdir. Lakin 
						bununla yanaşı, mətbuat cəmiyyətdəki mövcud 
						çatışmazlıqları da güzgü kimi əks etdirməyi bacarmalı, 
						müstəqil, demokratik dövlət quruculuğu prosesinin fəal 
						iştirakçısına çevrilməli, həqiqət carçısı, insanları 
						yüksək ideallara, humanist əməllərə səsləyən və səfərbər 
						edən vasitə olmalıdır". 
						
						Prezident İlham Əliyev Azərbaycan mətbuatının cəmiyyətdə 
						rolunu yüksək qiymətləndirir: "Azad mətbuatın artıq 
						formalaşması və uğurla fəaliyyət göstərməsi 
						demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda 
						bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan 
						azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. 
						Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox 
						televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir 
						məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir".
						 
						
						Bu gün Azərbaycan mediası inkişaf edir və bu inkişafın 
						fonunda jurnalist kadrların yetişdirilməsi də cəmiyyətin 
						qarşısında duran vacib məsələlərdəndir. Azərbaycanda 
						jurnalistikanın gələcək inkişafı birbaşa bu ixtisas üzrə 
						kadr hazırlığı ilə bağlıdır. Hələ sovet dönəmində ali 
						jurnalistika təhsili almaq istəyənlər qabiliyyət 
						imtahanından keçməli idilər. Sonralar test üsulu ilə 
						qəbul qaydalarının tətbiq edilməsi jurnalist olmaq 
						istəyən abituriyentlərin işini bir qədər yüngülləşdirdi. 
						Amma məlum oldu ki, qabiliyyət imtahanı vermədən 
						jurnalistika fakültələrinə daxil olan abituriyentlərin 
						bir qismi bu sahədə çalışmaq istəməyənlər, təsadüfi 
						ixtisas seçimi nəticəsində jurnalistika fakültəsinə 
						düşənlərdir. Bu səbəbdən də artıq iki ildir ki, 
						ölkəmizdə ali təhsil müəssisələrinin jurnalistika 
						fakültələrinə qəbul qaydalarına dəyişiklik edilib və 
						testdən müəyyən gərəkli balı toplayan abituriyent yalnız 
						qabiliyyət imtahanından keçdikdən sonra ixtisas 
						seçimində jurnalistikanı qeyd edə bilər. 
						
						Bu il ali məktəblərdə jurnalistika ixtisası üzrə 
						qabiliyyət imtahanı vermiş 341 abituriyentdən 178-i 
						imtahana gəlməyib. İmtahanda iştirak etmiş 163 
						abituriyentdən isə yalnız 57 nəfəri məqbul qiymət alaraq 
						ixtisas seçiminə buraxılıb. Ötən il jurnalistikaya sənəd 
						vermiş 441 abituriyentdən 315-i imtahana gəlməmişdi. 
						İmtahanda iştirak etmiş 126 nəfərdən yalnız 51 
						abituriyent ali məktəbə daxil olmuşdu. Göründüyü kimi, 
						ötən ilə nisbətən elə də ciddi dəyişiklik qeydə 
						alınmadı. 
						
						Abituriyentlərin esse yazmaqla bağlı ciddi 
						problemlərinin olduğu üzə çıxdı. Əlbəttə, məktəblilər 
						aşağı siniflərdən esse yazmaq vərdişlərinə yiyələnirlər. 
						Amma ikiillik təcrübə göstərir ki, abituriyentlərin heç 
						də hamısı fikirlərini dolğun və əhatəli ifadə edə 
						bilmirlər.  
						
						Azərbaycan Respublikasının Prezidenti yanında Bilik 
						Fondu yarandığı vaxtdan maarifləndirmə sahəsində 
						bir-birindən maraqlı və gərəkli layihələrə imza atıb. 
						Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə 
						Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsünə 
						əsasən, əhalinin elmi-texniki, sosial-iqtisadi, 
						humanitar biliklərinin artırılması, azərbaycançılıq 
						məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin 
						təbliği, ekoloji təfəkkürün formalaşdırılması, 
						Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, 
						ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq 
						proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması 
						məqsədi ilə artıq bir çox layihələr həyata keçirilib. 
						Belə layihələrdən biri də Fondun "İlboyu bilik" proqramı 
						çərçivəsində ölkədə keyfiyyətli jurnalist kadrların 
						yetişdirilməsinə, gənclərin bu ixtisasa olan marağının 
						cilalanmasına yönələn "Yazmağı bacaracaqsan" 
						layihəsidir. Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət 
						Komissiyasının dəstəyi ilə həyata keçirdiyi bu layihə 
						çərçivəsində Azərbaycanın bütün bölgələrində jurnalist 
						olmaq istəyən yuxarı sinif şagirdləri və abituriyentlər 
						üçün ödənişsiz kurslar təşkil edir. Kurslarda tanınmış 
						jurnalistlər, filoloqlar, alimlər abituriyentlərə 
						jurnalistika ixtisası haqqında məlumat verir, esse 
						yazmağın qaydalarını öyrədirlər.   
						
						Layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
						Mətbuat Şurasının nümayəndələri də iştirak edirlər. 
						Yaxın illərdə layihə iştirakçısı olan abituriyentlərin 
						daha yaxşı nəticələr göstərəcəklərinə və "Yazmağı 
						bacaracaqsan" layihəsinin özünü doğruldacağına, bununla 
						da jurnalistika təhsili sahəsində bir irəliləyiş 
						yaradacağına inam yüksəkdir. 
						
						Media cəmiyyətin güzgüsüdür. Bu güzgünü şəffaf və 
						ləkəsiz saxlayan yüksək ixtisaslı jurnalist ordusunun 
						yetişdirilməsi sahəsində peşəkarların dəstəyinə hər 
						zaman gərək var.  
						
						  
						
						Xatirə HÜSEYNOVA,  Azərbaycan Respublikasının Prezidenti yanında
 Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri, 
						fəlsəfə doktoru
 |